Кöşə yazıları...

Murad Köhnəqala: “Azərbaycanda gündəlik yazmağa məhkum olunanlar çayxana söhbətlərindən maraqlı heç nə yaza bilməzlər”
Azər Həsrət: “Biz deyə bilmirik köşəni həftədə bir dəfə, yoxsa, 2-3 dəfə yazmaq daha optimaldır”

Elnarə Əlosmanqızı: "Bəzən köşə yazarları özləri də qeyd edirlər ki, çox yazdıqca keyfiyyət aşağı düşür”

(...əvvəli ötən sayda)

Müasir jurnalistikanın mühüm və cəlbedici sahələrindən biri də köşə yazılarıdır. Qəzet və saytların künc sütunlarında dərc olunan, siyasi, iqtisadi, sosial və digər ictimai problemlərlə bağlı müəllifin şəxsi fikirlərini ifadə edən yazılara "köşə” deyilir. Köşələr adətən günü və ya həftəni əks etdirir. Müəyyən sahədə ixtisaslaşan və ekspertə çevrilən köşə yazarları 2-4 min işarəlik yazılarında bəzən bütöv bir kitabda deyildiyindən daha çox şey deyə bilirlər. Məhz bu baxımdan, dünya mediasında ən çox qiymətləndirilən yazarlar da onlardır.

Köşə yazarları müxtəlif qruplara ayrılır. Məsələn, ümumi bir köşə başlığı altında, akademik olmayan dildə, xalq ağzı ilə və daha çox nəsihət formasında yazan yazarlara məsləhət yazarı deyilir. Bu status daha çox jurnalistika peşəsinin "fəhləliyindən” yetişənlərə aid edilir. İkinci tip yazarlar tənqidçi köşə yazarlarıdır. Bu tip yazarlar öz sahələrində mütəxəssis olanlardır. Dünya praktikasında tənqidçi köşə yazarı sifəti daha çox ədəbiyyat və sənət sahəsindəki yazıları ilə ortaya çıxanlara aid edilir. Üçüncü tip yazarlar isə dedi-qodu, şayiə yazarlarıdır. Siyasətdən şou aləminə qədər bütün sahələrdə dəqiq olmayan xəbərlərə, mənbəyi bilinməyən informasiyalara dayanan yazılar yazanlar adətən belə adlandırılır. Mizah, satira yazarları da ayrıca kateqoriya hesab olunur. Bundan əlavə, mətbəx, hava durumu, hüquq, birja yazarları kimi ayrıca kateqoriyalar da mövcuddur. Müasir qəzetçilikdə bu kateqoriyalarla yanaşı, siyasət, diplomatiya, iqtisadiyyat, maqazin, idman yazarları kimi anlayışlar da formalaşıb. Zaman keçdikcə, xüsusilə Qərb ölkələrində hər şeydən yazan köşə yazarları yerinə konkret sahə üzrə ixtisaslaşmış köşə yazarı tipi daha çox önə çıxmağa başlayır. Bu sırada xəbər əsaslı çalışan köşə yazarı tipi daha geniş yayılıb. Belə tip yazarların özlərinin xüsusi bürosu var, xəbər toplama işi ilə ayrı adamlar məşğul olurlar. Köşə yazarı həmin xəbərlər əsasında ilgili dairələrlə ya özü, ya köməkçiləri vasitəsilə danışır, əlavə məlumatlarını toplayır, analiz edir və ondan sonra səhifəyə qoyur. İstinad edəcəyimiz Türkiyə mətbuatında da bu tendensiya müşahidə olunur. Türkiyə mətbuatında köşə yazıları say etibarilə çoxluq təşkil edir. Mütəxəssislər bunu belə əsaslandırır ki, köşə yazısına dayanan qəzetçilik xəbərə əsaslanan qəzetçilikdən daha ucuz başa gəlir. Çünki ciddi xəbər toplama işi bahalıdır və media patronları az xərclə başa gələn populyarlığa, xəbərə əsaslanmayan köşələrə üstünlük verirlər. Qəzetlərdə yazarın nüfuzuna, yazısının oxunaqlığına görə səhifə bölgüsü aparılır. Məsələn, Türkiyədə yazarın "çəki”sinə görə köşə yazıları sinifləndirilir. Sağ köşə yazarı, sol köşə yazarı, orta köşə yazarı, yan köşə yazarı və s. Ən "hörmətli” yazar isə üçüncü səhifə yazarı sayılır. Üçüncü səhifə yazarı qəzetin ağır topu deməkdir. Böyük qəzetlərin əksəriyyətində bu ənənə qorunur. Türkiyədə hansı qəzetdə çalışmasından asılı olmayaraq, özünün oxucu kütləsi olan çox sayda köşə yazarı var. Bu şəxslərin əksəriyyəti orta yaşı keçmiş, qəzetçiliyə müxbirlikdən başlamış, çoxillik təcrübəsi olan jurnalistlərdir. Eyni zamanda əvvəllər diplomat, yaxud məmur olmuş, yüksək vəzifələrdə çalışmış və bu təcrübəsindən köşə yazılarında istifadə edən şəxslər də var. Onlar da daxil olmaqla mənbələri etibarlı sayılan nüfuzlu köşə yazarlarının yazılarını sadəcə sıravi oxucular deyil, rəsmi dairələr də diqqətlə izləyir, nəzərə alır, reaksiya verirlər. Bu baxımdan Türkiyədə tanınan köşə yazarları nazirlərin çoxundan məşhur və
varlıdır. Ümumi götürsək, köşə yazarlarının orta aylıq maaşı 10 minlə 50 min dollar arasında dəyişir.
Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, Azərbaycanda elə qəzetlər var ki, onu sadəcə tanınmış köşə yazarının yazısına görə alırlar. Yəni bizdə də "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var. Amma dünya praktikasından fərqli olaraq Azərbaycanda yaşından və başından asılı olmayaraq, kim istəsə, köşə yaza bilir. Təbii ki, onların hamısının geniş oxucu auditoriyası yoxdur. Köşə yazarlarımızın maddi durumu da o qədər ürəkaçan deyil. Azərbaycanda gündəlik qəzetlərdə bir köşə yazısının qiyməti orta hesabla 30-50 manatdır.

Köşələrlə bağlı danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin sözlərinə görə, köşə yazıları dünya mətbuatında çoxdan formalaşmış və kifayət qədər maraqlı, oxunaqlı bir formatdır. Ancaq hər adam bu formatda yaza bilməz: "O insanlar köşə yaza bilər ki, artıq cəmiyyətdə formalaşıblar və özlərini istedadlı, peşəkar jurnalist kimi tanıdıblar. Sözünü demiş, ictimaiyyət tərəfindən qəbul olunan insanların köşə yazması daha məqsədəuyğundur. Köşə mövzusu adətən problemlərdən qaynaqlanır və bu səbəbdən qəzetin ən görkəmli hissəsində, küncündə dərc olunur. Oxucular köşə yazısında öz problemini görürlər”.

Köşə yazısının Azərbaycanda son 20 ildə formalaşmış bir sahə olduğunu deyən C.Məmmədli bildirib ki, cavan sahə olmasına rəğmən bu gün Azərbaycanda köşə yazıları yetəri qədər inkişaf yolu keçib və oxucu rəğbətini qazanıb. Odur ki, oxucu aditoriyasına hesablanan qəzet köşə yazılarına daha çox diqqət ayırır: "Daha çox da müstəqil qəzetlərdə köşə yazıları ciddi şəkildə oxucu rəğbətini qazana bilib. Doğrudur, bəzən səriştəsiz köşə yazılarına rast gəlirik, amma bir müəllim, jurnalistikanın nəzəriyyəsi ilə məşğul olan mütəxəssis kimi deyə bilərəm ki, Azərbaycanda köşə yazıları və yazarlarının ciddi inkişaf prosesi keçdiyinin şahidiyəm”. "Köşə yazanların mütləq təcrübəli keçmişi olmalıdır” prinsipi ilə razılaşan professorun qənaətincə, ortaya sanballı köşə yazısı qoymaq istəyən adamın çox ciddi təcrübəsi və öz üslubu olmalıdır: "Hansısa yazını oxuyarkən imzası olmadan belə onun kimin qələmindən çıxdığı anlaşılmalıdır. Eyni zamanda köşə yazısı yazan şəxs ölkədə baş verən ictimai-siyasi prosesləri dərindən izləməli, mövcud problemlərdən hali olmalı və həmin problemləri qaldırmağı bacarmalıdır. Həmçinin, köşə yazarı qaldırdığı problemin həlli yollarını da göstərməlidir. Bunun üçün isə böyük təcrübə lazımdır. Jurnalistikaya təzə gələn, 3-4 illik təcrübəyə sahib jurnalist köşə yazısına girişməməlidir. Özünə xas üslubu olmayan, problemləri müşahidə edə bilməyən jurnalistin əlinə qələm alıb köşə yazması qəbulolunan deyil. Köşə yazarlığı ancaq azman jurnalistlərin boyuna biçilib”.

Tanınmış şair Murad Köhnəqala da mediamızdakı köşə yazıları ilə bağlı maraqlı fikirlər söyləyib: "Oxucu sayının azlığı və mətbu orqanların tirajının az olması hər bir azərbaycanlı yazar üçün pis haldır. Məsələn, Rusiyada çıxan "Arqumentı i faktı” qəzetinin tirajı iki milyona yaxındır. Türkiyədə də milyon tirajlı qəzetlər var. Ona görə həmin orqanların köşə yazarları ayda bircə dəfə yazı yazıb bizim üçün fantastika sayılacaq qonorar ala bilirlər. Lakin Azərbaycanda gündəlik yazmağa məhkum olunanlar çayxana söhbətlərindən maraqlı heç nə yaza bilməzlər”.

"Köşə yazarı nədən yazmalıdır” fikrinə isə Murad Köhnəqala belə münasibət bildirib: "Deməliyəm ki, yazar öz qələmini mətbu orqanın ümumi profilindən kənar tutmalıdır. Yəni, bir qəzetin səhifələrini zəmiyə bənzətsək, köşə yazarı - mövzu baxımından həmin tarlanın bir küncündə başqa şey əkməlidir. Yəni köşə yazarı gündəmdən, ümumi mövzuçuluqdan kənar şeylər yazmalıdır. Ona görə köşə yazarları jurnalist yox, tamam başqa sənət sahəsinin adamı olmalıdır. Məsələn, "Şərq” qəzetinin köşə yazarları rəssam, kompozitor, riyaziyyatçı, kosmonavt, psixoloq və s. olmalıdır”.
Müntəzəm olaraq "künc” yazıları ilə mətbuatda çıxış edən, tanınmış jurnalist Azər Həsrət deyib ki, köşə yazarı sərbəst meydançada oynayan adamdır. A.Həsrətə görə, köşə yazarı jurnalistikanın avtoriteti sayılır: "Mediaya təzə gələnlərin köşəsi sadəcə söz yığınıdır. Bu, çox ciddi və məsuliyyətli janrdır. Bəzən elə olur ki, gün ərzində 2-3 mövzuya toxunmaq zərurəti yaranır. Yaxud əksinə, bir mövzunu bir ay ərzində işləyirsən. Ona görə də biz deyə bilmirik köşəni həftədə bir dəfə, yoxsa, 2-3 dəfə yazmaq daha optimaldır. Bir dəfə saytlardan birinə köşə yazımı göndərdim, ancaq dərc etmədilər. Sonra o yazını başqa sayt verdi və köşə 8 mindən çox oxundu. Yəni yazını düzgün dəyərləndirməkdən də çox şey asılıdır. Bu gün hər birimiz türk mətbuatını oxuyuruq. Orada köşə yazarlarının öz arenası var. Yazar hansısa gün xəstələnib, heç nə yaza bilməyibsə, onun şəkli həmin yerdən götürülmür. Yazılır ki, filankəs üzrlü səbəbdən yaza bilməyib. Oxucu da sevdiyi yazarın hansı səbəbdən yazmadığını bilir. Yazar mövzu problemi yaşamamalıdır. Ətrafımızda baş verən hadisələrə biganə qalmasaq, yazmağa mövzu tapacağıq”.

"İnterpress.az” portalının əməkdaşı, köşə yazarı Elnarə Əlosmanqızı deyib ki, köşə yazarının hər gün mövzu işləyib gündəmə gətirməsi Azərbaycan reallığında mümkün deyil: "Əlbəttə, söhbət mövzu qıtlığından gedir. Düzdür, yazmağa mövzu çoxdur. Amma sənin yazmaq istədiyin mövzu cəmiyyətə nə dərəcədə maraqlıdır, o, sual altındadır. Köşə yazarı zaman-zaman cəmiyyətin istədiyi mövzudan yazmağa məcburdur ki, diqqəti cəlb edə bilsin. Bu gün Azərbaycanda sırf qonorarla dolanan onlarla köşə yazarı var. Bəzən köşə yazarları özləri də qeyd edirlər ki, çox yazdıqca keyfiyyət aşağı düşür”. Jurnalist köşə yazarlığını iş və ya dolanışıq üsulu kimi qəbul etmədiyini söyləyib: "Mənə elə gəlir ki, köşə insanı tərpədən mövzuda olmalıdır. Məsələn, işdə hər hansı mövzunu işləyəndə həmin yazıda hansısa nüans bizi silkələyir və məhz o mövzuda bir şey yazmaq tələbatı yaranır. Bu, daxili tələbat məsələsidir. Əks təqdirdə, yazılan digər köşələr sırf iş xatirinə, yazı xatirinə yazılan köşələrdir. Bu gün təəssüf ki, biz jurnalistlərin əksəriyyəti iş xatirinə çalışırıq. Əksər jurnalistlərimizdə yaradıcılıq arxa plana keçib”.

E.Əlosmanqızının sözlərinə görə, köşə yazarı həm də problemin həllini göstərən şəxsdir: "Səhiyyədəki problemi mən də, siz də görürsünüz. Amma çıxış yolunu bilmirik. Bu sahəni bilən adam sadə bir köşə yazıb çıxış yolunu göstərə bilər. Açıqlama almaq üçün həkimə zəng edirsən, o da sənə hadisəni danışır. Ancaq sonda deyir ki, "Sən Allah, mənim adım olmasın”. Mən o həkimə izah edə bilmirəm ki, bunu sizin adınızdan yazmasam, heç bir oxucu mənə inanmayacaq. Oxucu deyəcək ki, bu tibbdir, sən isə jurnalist. Bunu necə yazmısan?”. E.Əlosmanqızı yazıların dəyərləndirmə məsələsinə də toxunub: "Qəzetlərdə yazını qiymətləndirəcək başlar var. Saytlarda peşəkarlıq qəzetlərdəki qədər deyil. Bu gün heç kim qəzet müxbiri olmaq, səhifə doldurmaq məsuliyyətini öz üzərinə götürmək istəmir”.

(davamı var...)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb