Köşə yazıları...

Arif Əliyev: “Kiməsə “sənin təcrübən və yaşın köşə yazmağa imkan vermir” deyilsə, o adam sənə düşmən olar”
Seymur Verdizadə: “Həftə içi qarşıma 3-4 mövzu çıxır, mən onlardan birini seçib yazıram”



Cəlil Cavanşir: "Çoxlu dəxlisiz adamlar öz cızma-qaralarını köşə yazısı kimi cəmiyyətə sırımağa çalışırlar”

Ramilə Qurbanlı: "Mətbuatımızda çox gözəl, amma
barmaqla sayılacaq, bir-iki köşə yazarı var”

İlqar Rəsul: "İndiki halda özünü və ya ailəni köşənin ümidinə buraxmaq çətindir”

Qan Turalı: "Özümü köşə yazarı saymıram, amma köşə yazıram”

(...əvvəli ötən sayda)

Qərb ölkələrində hər şeydən yazan yazarların yerinə konkret sahə üzrə ixtisaslaşmış köşə yazarı tipi daha çox önə çıxmağa başlayır. Bu sırada xəbər əsaslı çalışan köşə yazarı tipi daha geniş yayılıb. Belə tip yazarların özlərinin xüsusi bürosu var, xəbər toplama işi ilə ayrı adamlar məşğul olurlar. Köşə yazarı həmin xəbərlər əsasında ilgili dairələrlə ya özü, ya köməkçiləri vasitəsilə danışır, əlavə məlumatlarını toplayır, analiz edir və ondan sonra səhifəyə qoyur.

İstinad edəcəyimiz Türkiyə mətbuatında da bu tendensiya müşahidə olunur. Türkiyə mətbuatında köşə yazıları say etibarilə çoxluq təşkil edir. Mütəxəssislər bunu belə əsaslandırır ki, köşə yazısına dayanan qəzetçilik xəbərə əsaslanan qəzetçilikdən daha ucuz başa gəlir. Çünki ciddi xəbər toplama işi bahalıdır və media patronları az xərclə başa gələn populyarlığa, xəbərə əsaslanmayan köşələrə üstünlük verirlər. Qəzetlərdə yazarın nüfuzuna, yazısının oxunaqlığına görə səhifə bölgüsü aparılır. Məsələn, Türkiyədə yazarın "çəki”sinə görə köşə yazıları sinifləndirilir. Sağ köşə yazarı, sol köşə yazarı, orta köşə yazarı, yan köşə yazarı və s. Ən "hörmətli” yazar isə üçüncü səhifə yazarı sayılır. Üçüncü səhifə yazarı qəzetin ağır topu deməkdir. Böyük qəzetlərin əksəriyyətində bu ənənə qorunur. Türkiyədə hansı qəzetdə çalışmasından asılı olmayaraq, özünün oxucu kütləsi olan çox sayda köşə yazarı var. Bu şəxslərin əksəriyyəti orta yaşı keçmiş, qəzetçiliyə müxbirlikdən başlamış, çoxillik təcrübəsi olan jurnalistlərdir. Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, Azərbaycanda elə qəzetlər var ki, onu sadəcə tanınmış köşə yazarının yazısına görə alırlar. Yəni bizdə də "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var. Amma dünya praktikasından fərqli olaraq Azərbaycanda yaşından və başından asılı olmayaraq, kim istəsə köşə yaza bilir. Təbii ki, onların hamısının geniş oxucu auditoriyası yoxdur. Köşə yazarlarımızın maddi durumu da o qədər ürəkaçan deyil.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycanda köşə yazarlarının vəziyyətini ölkə mətbuatının durumu ilə əlaqələndirib: "Ölkədə təhqiqat və fakta söykənən analitika janrları çox zəif inkişaf edib. Çünki informasiya əldə etmək problemi var. Buna görə də efirdən və yaxud kimdənsə bir xəbər eşidib üç min işarəlik köşə yazmaq daha rahatdır. Üstəlik, bizim jurnalistikada müəllim obrazına girən, yəni oxucunu məlumatlandırmağa yox, ona dərs keçməyə meyilli jurnalistlər çoxdur. Köşə yazarı çox təcrübəli jurnalistlərin işlədiyi janrdır. Prinsipcə, Avropa jurnalistikasında geniş tətbiq olunan janr deyil, daha çox Türkiyə jurnalistikasında müşahidə olunur. Amma orda köşə yazarları yüksək həyat təcrübəsinə, nüfuza malik və yüksək maaş alan müəlliflərdir. Amma xarici təcrübələrlə müqayisədə Azərbaycan köşə yazarlığı fərqlidir, daha çox publisistikaya yaxındır”. A.Əliyev vurğulayıb ki, Azərbaycanda kiməsə "sənin təcrübən və yaşın köşə yazmağa imkan vermir” deyilsə, o adam sənə düşmən olar: "Əslində, hər gün köşə yazmaq çox təəccüb doğuran haldır. Çünki köşə ciddi bir təhlildən doğan fikirlərin məcmusu olmalıdır. Azərbaycan köşə yazarlığı artıq başqa keyfiyyətə keçib, az qala jurnalistika hesab olunmur. Köşə yazılarının ictimai rəyə təsiri həddən artıq məhduddur, hərçənd tam təsirsiz adlandırmaq da düzgün olmazdı. Geniş mənada götürsək, hər bir müəllifin düşüncə tərzini, yazı üslubunu, cəsarət dərəcəsini bəyənən müəyyən oxucu kütləsi var”.

Mətbuatda köşə yazıları ilə çıxış edən jurnalist Seymur Verdizadə indi yazmasa da, vaxtı ilə həftənin hər günü köşə yazdığını deyib. Jurnalist indiyə kimi heç vaxt mövzu qıtlığı ilə üzləşmədiyini bildirib: "Köşə yazmağa başlamazdan əvvəl tələbə vaxtı Türkiyə mətbuatını yaxından izləmək imkanım olub. 5 il Türkiyənin aparıcı köşə yazarlarının yazılarını izləmişəm.

Onların mövzu seçimi və problemlərə yanaşma tərzini nəzərdən keçirmişəm. Buna görə də mən köşə yazmağa başlayanda mövzu seçimində və digər məsələlərdə problemlərlə üzləşməmişəm. Hazırda həftədə bir köşə yazıram. Yəni həftə içi qarşıma 3-4 mövzu çıxır, mən onlardan birini seçib yazıram. Ancaq vaxtilə həftənin bütün günləri yazırdım”. S.Verdizadənin fikrincə, köşə yazarları qəzetlərin onlara verdiyi azadlıq çərçivəsində gündəmi əhatə edə bilirlər: "Köşə yazarları müəyyən olunan çərçivədən kənara çıxmırlar. Mənim gündə ən azı 10-12 qəzeti izləmək imkanım var. Oxuduğum yazarlar çoxdur. Daha çox Etibar Cəbrayıloğlu, Samir Sarını oxuyuram. Bəzən bir gündə 20-dən artıq köşəyə baxıram. Amma bu, o demək deyil ki, onların hamısını bəyənirəm, aralarında sadəcə 3-4 yaxşı yazı olur”.

Yazar Cəlil Cavanşir Azərbaycanda köşə yazarlarının vəziyyətinin qənaətbəxş olmadığını düşünür: "Çoxlu dəxlisiz adamlar öz cızma-qaralarını köşə yazısı kimi cəmiyyətə sırımağa çalışırlar. Köşə bütün dünyada sərbəst, yazar tərəfindən seçilən mövzularda yazılır. Yəni azaddır. Köşə yazarı mövzunu sərbəst olaraq seçir və mövzu ətrafında öz şərhlərini yazır. Dünya mediasındakı köşə yazarlarının vəziyyəti bizdən daha fərqlidir. Hesab edirəm ki, bizdə köşə yazarları kifayət qədər azad deyil. Eyni zamanda maliyyə məsələsində də bizim durumumuz çox aşağıdır. Köşə yazarlarından keyfiyyət gözləmək üçün iki vacib şərt müzakirə mütləq olunmalıdır: - köşə yazarına verilən qonorar və azadlıq”.

Tanınmış jurnalist-publisist Ramilə Qurbanlı deyib ki, biz hələ köşə yazmağın nə olduğunu dərk etməmişik: "Mətbuatımızda çox gözəl, amma barmaqla sayılacaq, bir-iki köşə yazarı var. Qalanları köşə yazarı deyil, demokratiyanın, müstəqilliyin yaratdığı dərəbəylikdir. Zamanla düzələsidir, müxtəlif dövrlərdə və əksər ölkələrdə bu prosesdən keçiblər, təcrübə var. Köşə yazarı elə o deməkdir ki, müəllif hərtərəfli məlumatlıdır, biliklidir və müəyyən təcrübəyə malikdir. Onun üçün mövzunun kasadlığı yoxdur, istənilən mövzuda bazası var və analiz etmək qabiliyyətinə malikdir. Həm də onun analizi, fikirləri cəmiyyətdə qəbul olunur. Bunun üçün də dediyim kimi, köşə yazarı mətbuatda heç olmasa köşə yazana qədər yetişməli, təcrübə qazanmalıdır. Kamil düşüncə sahibinin köşə yazması daha yaxşıdır. Heç kimə dərs keçmək fikrim yoxdur, amma əlinə təzə qələm götürən yazarın yazdığı köşə bir oxucu kimi mənə heç nə verə bilməz”.

R.Qurbanlının sözlərinə görə, mətbuata təzə gələn hər kəs köşə yazmağa başlayır və elə bilir ki, köşə ilə başlamaqda haqlıdır: "İllərlə özümü köşə yazmağa hazır bilməmişəm. O vaxt yazmışam ki, demək istədiklərim özü axıb tökülüb klavyaturaya və məni yazmağa məcbur edib. Bu da 15-18 illik təcrübədən sonra baş verib. Hiss edəndə ki, düşündüyüm mövzuda mənim dediklərim oxucuya yeni heç nə verməyəcək, onu yazmıram, daha yaxşı bilənə buraxıram”.

"Kulis.az”ın köşə yazarı İlqar Rəsul da Azərbaycanda köşə yazarlarının vəziyyətini qənaətbəxş hesab etməyib: "Düzdür, istisna hallar mövcuddur. Məsələn, elə köşə yazarları var ki, onlar bu istiqamətdə tam ixtisaslaşıblar, köşə yazmağı özlərinin gündəlik vərdişinə çevirə biliblər və aldıqları qonorar da pis deyil. Amma bunu da qaneedici saymaq olmaz. Fikrimcə, yazarların və ya köşə yazanların vəziyyətinin qənaətbəxş olmamasının səbəbini kənarda və ya oxucularda axtarmaq düz deyil. Səbəb onların özündədir. Məncə, Azərbaycan reallığında yazarın hansısa başqa professional işi olmalıdır (jurnalist və s. kimi). Yəni indiki halda özünü və ya ailəni köşənin ümidinə buraxmaq çətindir”.

İ.Rəsul deyib ki, köşə yazıları adətən gündəmlə bağlı olduğu üçün diqqət də gündəlik hadisələrə verilməlidir: "Məqsəd günün hadisəsini öz baxış bucağından keçirib cəmiyyətə çatdırmaqdır. Daha fərqli yanaşa bilənlər uğurlu olurlar. Məsələn, Zamin Hacı, Etibar Cəbrayıloğlu və s. kimilər”.

Jurnalist bu sahədə ixtisaslaşmaya ehtiyac olmadığını söyləyib: "Köşə yazmağın özü elə müəyyən mənada ixtisaslaşmadır. Bizim ölkənin köşə yazarları xarici ölkələrdəkilərdən daha fədakardırlar. Xaricdə bizimkilərin bir çoxu köşə yazmaq hesabına əməlli-başlı sərvət qazana bilərdilər. Azərbaycan balaca ölkədir, hadisələr elə çox deyil. Amma buna baxmayaraq, bəzi köşə yazarlarımız demək olar ki, hər gün yazırlar və çox da yaxşı yazırlar. Bu da ki, asan məsələ deyil”.

Müxtəlif media orqanlarında köşə yazıları ilə çıxış edən gənc yazar Qan Turalı da gördüyü və eşitdiyi hadisələrdən yazır: "Köşə mövzusu tapmaq mənim üçün elə də problem deyil. Bununla belə həmişə mövzu ilə fərqlənmək istəmişəm. Məncə, köşə yazarı üçün mövzu seçimi uğurun yarısı, bəzən də hamısıdır. Hamının bildiyi məsələ haqqında yazmağın adı yoxdur. Bu həm seçilən mövzuya, həm də mövzuya münasibətə aiddir. Bir də görürsən ki, beş köşə yazarı eyni mövzuya eyni cür münasibət bildirib. Bəzən türk mətbuatında görürəm ki, Ərdoğanın bir açıqlamasına eyni qəzetin 9-10 köşəsində cavab veriblər. Bu, normal haldır. Köşə yazarı gündəmi tutmalı, ondan yazmalıdır. Amma düzünü deyim ki, mən gündəmi tutmuram. Çünki özümü köşə yazarı saymıram, amma köşə yazıram”.
Qan Turalın fikrincə, Azərbaycanda köşə yazarlarının ən uğurlu nümayəndələri Zamin Hacı və Şahvələd Çobanoğludur: "Türk mediasından da müntəzəm oxuduğum 10-a yaxın köşə yazarı var. Amma köşə oxumaqla köşə yazmaq olmaz. Köşə üçün kitab oxumaq lazımdır”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb