“Kredit borclarının şişməsi ciddi maliyyə böhranı yarada bilər”

Vahid Əhmədov: “Borcunu vaxtında ödəməkdən imtina edən sahibkarların cinayət məsuliyyətinə cəlb olunması düzgün addımdır”



Bank sektoru özünün ağır dövrünə qədəm qoyub. Mərkəzi Bankın hesabatına görə, problemli kreditlərin ümumi həcmi 1,2 milyard manata çatıb.

Təkcə 2015-ci ilin 3 ayı ərzində problemli kreditlər 24 faizi ötüb ki, bu da son 2 ildə ən yüksək göstərici hesab olunur. Son günlər geri qayıtmayan kreditlər səbəbindən bir neçə sahibkarın həbs olunması məsələsi də vəziyyətin həddindən artıq kritik olduğunu göstərir. Prosesləri "Şərq”ə şərh edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov problemin çoxdan gündəmdə olduğunu deyib. Deputat bəyan edib ki, parlamentdə dəfələrlə geri ödənməyən kreditlər məsələsi qaldırılıb: "Keçən ilin axırında əhalinin banklara olan borcu

təxminən 900 milyonu ötmüşdü. Qısa zaman ərzində bu rəqəm 1.2 milyardı keçdi. Bu, maliyyə bazarına ciddi təsir göstərən olduqca böyük məbləğdir”. V.Əhmədov problemin bir neçə səbəbinin olduğunu söyləyib: "Birinci və ən ciddi səbəb kredit faizlərinin olduqca yüksək olmasıdır. İkinci səbəb isə bəzi sahibkarların dövlətin onlara yaratdığı imkandan sui-istifadə etməsidir. Əgər imkanlı adamlar, biznesmenlər kreditlərini vaxtında ödəsəydilər, belə çətin vəziyyət yaranmazdı. Banklara böyük məbləğdə kredit borcları olan şirkətlər, təşkilatlar da var. Bu baxımdan hesab edirəm ki, borcunu vaxtında ödəməkdən imtina edən sahibkarların cinayət məsuliyyətinə cəlb olunması düzgün addımdır. Məsələnin üstünə gedilməsini dəstəkləyirəm. Çünki kredit borclarının şişməsi ciddi maliyyə böhranına gətirib çıxara bilər. Yəqin ki, hüquq-mühafizə orqanları bankların şikayətini araşdırıb lazımi tədbir görəcəklər”.

Millət vəkili bildirib ki, bankların kredit siyasəti tamamilə dəyişməlidir: "Kreditin faizləri çox yüksəkdir. Bank sistemində digər islahatlar da aparılmalıdır ki, insanlar rahat şəkildə kredit götürüb, vaxtında qaytara bilsinlər”.

İsmayıl