Kreditlərin manatla verilməsi effekt verə bilər

Əgər banklar faizləri qaldırmasa, qərarın müsbət nəticəsi olacaq




Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iki gün əvvəl keçirilən iclasında xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Həmçinin qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Qeyd edək ki, Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

REAL Hərəkatının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Palatanın bu qərarı son zamanlar ölkədə valyuta kreditlərinə marağın kəskin şəkildə azalması ilə bağlıdır: "Banklar israrla vətəndaşlara valyuta kreditləri təqdim edirdilər. Çünki kreditləşmənin azalmasının iqtisadiyyatın digər sahələrinə, o cümlədən də pərakəndə ticarətə göstərdiyi ciddi mənfi təsirlərə şahid olduq. Ticarət obyektlərinin kütləvi şəkildə bağlanması da kreditləşmənin ancaq dollarla olması fonunda insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır”.

İqtisadçının sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı eksperiment xarakter daşıdığı üçün 1 ay müddətinə verilib: "Banklarda manatla kreditləşmənin canlandırılması üçün atılan bir addımdır. Ancaq bankların buna nə qədər dəstək verəcəyi, kreditləşmənin hansı yöndə güclənməsinə səbəb olacaqsa, bunu zaman göstərəcək. Bankların çəkindikləri məsələ manatla verilən kreditlərin sonradan daha çox problem yaradacağıdır. Əgər gələcək üçün məzənnədə ciddi oynaqlıq olsa, bundan özləri də ciddi ziyan görə bilərlər. Kreditləri daha çox xarici valyuta ilə verməklə bir növ özlərini sığortalayırlar”.

N.Cəfərli hesab edir ki, palatanın qərarının istehlak kreditlərinin manatla verilməsində pozitiv effektləri ola bilər, ancaq o şərtlə ki, banklar faizləri qaldırmasınlar: "Əsas narahatlıq bundan ibarətdir ki, xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasından sonra manatla verilən kreditlərin faizləri daha da arta bilər. Banklar əvvəlcədən faizləri qaldırmaqla gələcək üçün ehtimal olunan itkilərini sığortalamaq istəyə bilərlər. Əgər bu baş verməsə, qərarın ümumi iqtisadi proseslərə müsbət təsirləri olacaq. Faizlər artsa, problemli kreditlər sahəsində durum daha da çətinləşəcək”.

Ekspertin dediyinə görə, banklarda manatla kreditləşmə ilə bağlı müəyyən irəliləyişlər olarsa, xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılması ilə bağlı müddət uzadıla bilər. Əksinə, banklar müştərilərini itirsələr, yaxud da faizləri artırmaq yolu ilə manatla kreditlərin verilməsinə üstünlük versələr, bu zaman qərarın uzadılmasından söhbət gedə bilməz. Çünki bu halda kredit bazarında hər hansı bir canlanmadan söhbət gedə bilməz.

Şəymən