Kreml geri addım atıb...

...ÜAK-ın qeydiyyatını bərpa etməlidir
Əks təqdirdə, Rusiyanın Azərbaycandakı casus şəbəkəsi olan bütün təşkilatları dərhal bağlanmalıdır

Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı yaranmış problemin Rusiyanın siyasəti ilə heç bir əlaqəsi olmadığını deyib. Doroxinin sözlərinə görə, Konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər.

Səfir qeyd edib ki, onlar ÜAK Rusiya Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə qeydiyyat məsələsi ilə bağlı xəbərdarlıq alsalar da, buna reaksiya verməyiblər: "Bizim fikrimiz budur ki, bütün təşkilatlar mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatları Azərbaycan qanunvericiliyinə riayət edir”.

Rusiyalı diplomatın dediklərini şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan diaspor təşkilatı müəyyən mənada səfirin açıqladığı kimi məsuliyyətsizlik edərək zamanında edilən xəbərdarlıqları yerinə yetirməyə bilərlər, ancaq bunu bir dövlət üçün prinsipial məsələyə çevirmək doğru deyil: 

"Rusiyanın diaspor və mədəni təşkilatlar adı altında bir çox ölkələrdə kəşfiyyat qurumları fəaliyyət göstərir. Ancaq iki dövlət arasındakı münasibətlər fonunda Rusiyanın bu cür qeyri-qanuni davranışlarına göz yumulur. Düşünürəm ki, Azərbaycanın diaspor təşkilatının cüzi bir məsuliyyətsizliyinə Rusiya kimi böyük bir dövlət strateji tərəfdaşlıq naminə göz yuma bilərdi. Rəsmi Moskva isə bu məsələni prinsipial səviyyəyə qaldırdı və bir neçə milyonluq Azərbaycan təşkilatını ləğv elədi. Halbuki cırtdan boyda Ermənistan dövlətinin diaspor təşkilatlarından əlavə digər ictimai-siyasi təşkilatları da rahat şəkildə Rusiyanın ayrı- ayrı şəhərlərində fəaliyyət göstərir. Hər nə qədər Rusiya səfiri və dövlət rəsmiləri bu məsələyə qeyri-qanuni fəaliyyət donu geyindirməyə çalışsalar da, xoruzun quyruğu görünür.

 Konqresin bağlanması qərarının siyasi yox, hüquqi səbəblərlə bağlı olmasında isə rusiyalı diplomat səmimi deyil. Əgər bu, hüquqi məsələ olsaydı, nizamnamədəki boşluqlarla bağlı problem Rusiyanın Ali Məhkəməsinin plenumuna qədər gedib çıxmazdı. Bu məsələ birmənalı olaraq Azərbaycana qarşı atılmış bir addımdır. Bu təxribatın kim tərəfindən hazırlanmasından asılı olmayaraq iki dövlət arasındakı münasibətlərə xələl gətirəcək səviyyədədir. Əgər Rusiya geri addım atıb ÜAK-ın qeydiyyatını bərpa etməsə, Rusiyanın Azərbaycandakı casus şəbəkəsi olan bütün təşkilatları dərhal bağlanmalı və onların fəaliyyətləri hüquqi çərçivədə ləğv olunmalıdır”.

Şəymən