Kreml “gözdən pərdə asır”

Rusiya rəsmilərinin silah açıqlamaları səmimi deyil
“Türkiyə ilə münasibətləri gərginləşdirən Moskva daha güclü silahlarını Ermənistandakı hərbi bazalarına daşıyır”


"Qarabağ münaqişəsi silahla həll edilə bilməz”. Bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib. Rusiyanın Azərbaycana silah satışına dair suala cavab verən səfir öz açıqlamaları ilə erməniləri sözün əsl mənasında pərt edib: "Moskva Ermənistana da silah satır. İndi siz sübut edin ki, Rusiya Azərbaycana silah satır?”. Daha maraqlı məqam bundan sonra yaşanıb. Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən kameraları söndürməyi istəyib və sensasiyalı etiraf edib:

"Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa daxil ola bilməz”. Xatırladaq ki, aprel döyüşlərindən təşvişə düşən Ermənistan bir neçə dəfə Rusiyaya müraciət edərək Azərbaycana silah satmamağa çağırıb. Ötən ay Ermənistanın Baş naziri Ovik Abraamyan da bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır: "Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız Azərbaycana silah satışını böyük ürək ağrısı ilə qəbul edir”. Bu məsələdə Rusiyanın Baş naziri Dmitri Medvedyev və Baş nazirin müavini Dmitri Roqozin də erməniləri məyus ediblər. "Dörd günlük” müharibədən sonra regiona səfər edən dövlət rəsmiləri ölkələrinin silah satışına davam edəcəyini açıqlayıblar. Rəsmi Moskvanın mövqeyini və son günlər baş verən prosesləri şərh edən bəzi ekspertlər Rusiyanın Ermənistana ciddi təzyiq göstərdiyini iddia edirlər. Onların fikrincə, artıq Kreml düşmən ölkəni əvvəlki kimi dəstəkləmir. Amma əksəriyyət bunun əksini düşünür. Onlar isə hesab edirlər ki, rus rəsmilərin və erməni separatçıların açıqlamaları formal xarakter daşıyır. Ermənistanın arxasında birbaşa Rusiyanın dayandığı heç kimə sirr deyil. Məsələni "Şərq”ə şərh edən siyasi ekspert Arzu Nağıyev də bunların hamısının pərdəarxası oyunlar olduğunu bildirib: "Rusiya heç vaxt Ermənistandan əl çəkən deyil. Ermənistan Rusiyanın vassalı olaraq qalmaqdadır. İki ölkənin strateji müttəfiq olduğu dəfələrlə vurğulanıb. Eyni zamanda unutmaq lazım deyil ki, hər iki dövlət KTMT-nin üzvüdür. Bundan başqa, Ermənistanda Rusiyanın iki böyük hərbi bazası yerləşir. Türkiyə ilə münasibətləri gərginləşdirən Moskva daha güclü silahlarını Ermənistandakı hərbi bazalarına daşıyır”. Politoloqun sözlərinə görə, ermənilər 2-5 aprel məğlubiyyətini kiminsə ayağına yazmaq üçün müxtəlif variantlara əl atırlar: "İlk olaraq iddia etdilər ki, Rusiya yeni silahlarını Azərbaycana, köhnələrini isə Ermənistana satır. Müharibə zamanı bu mif boşa çıxdı və məlum oldu ki, erməni hərbi birləşmələrinin əlində olan silahlar heç də zəif texnika deyilmiş. Daha sonra dedilər ki, İsrail Azərbaycana ən yeni və təhlükəli silahlar satır. Bu ittihamlar baş tutmayandan sonra ordudakı yüksək zabitləri işdən azad edərək məsuliyyəti onların boynuna atdılar. Əlbəttə, ruslar qanuni şəkildə qondarma rejimə silah sata bilməzlər. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Burada keçirilən istənilən əməliyyat rəsmi Bakı ilə razılaşdırılmalıdır. Əks halda ərazimizə daxil olan silah-sursat qaçaqmalçılıq sayılır. Ancaq həqiqət odur ki, Rusiya inkar etsə də, daim öz silahını satmaqda maraqlıdır. Təbii ki, rus rəsmilər bu cür açıqlamalar verməyə məcburdurlar. Açıq şəkildə qanunsuz silah satışı ilə məşğul olduqlarını etiraf edə bilməzlər. Xatırladım ki, Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ ərazisinə Rusiyanın hərbi helikopteri ilə gəldi. Daha sonra rus silahlarına cavabdeh olan bir neçə rusiyalı mütəxəssis işğal olunmuş torpaqlarımıza gələrək verdikləri silahların hansı səbəbdən uğursuz nəticə verdiyini araşdırmağa başladılar. Yəni demək istəyirəm ki, ermənilərin bəyanatları hər zaman hansısa təxribatlara hesablanır. İqtisadiyyatının 95 faizi Rusiya tərəfindən idarə olunan bir dövlətin özünəməxsus fikirləri ola bilməz. Düşmən ölkə həmişə başqalarının sözünü deyir. Ermənilər qırmızı xətti çoxdan keçiblər və lazımi cavablarını alacaqlar”.

İsmayıl