Kreml keçmiş siyasətini dəyişir

Qarabağ məsələsinin həlli ilə bağlı irəliləyişin olması ehtimalı böyükdür



Rusiya Dövlət Dumasında "Müasir şərtlərdə Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin iqtisadi, maliyyə, siyasi və sosial aspektləri” adlı "dəyirmi masa” keçirilib. Azərbaycanlı və rus deputatların iştirak etdiyi tədbirdə böyük miqyaslı layihələr, Xəzər regionunun inkişafı yolları və ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Rusiyanın bir çox istiqamətlərdə Azərbaycanla münasibətləri inkişaf etdirəcəyini bəyan edib: "Hər sahədə Azərbaycanla sıx əməkdaşlıq etməliyik. Bizə sanksiya tətbiq edənlərlə yox, rəsmi Bakı ilə ticarət əlaqələrini inkişaf etdirməliyik”. Xatırladaq ki, son aylar Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Xüsusən, parlamentarilərin görüşü və orada verilən mühüm mesajlar ölkələrimiz arasındakı əlaqələrin davamlı olacağından xəbər verir.

Azərbaycan-Rusiya əlaqələrini şərh edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev son bir il ərzində əlaqələrin intensivləşdiyini deyib. Şimal qonşumuzla olan bu yaxınlaşmanın kökündə Qarabağ məsələsinin dayandığını vurğulayan politoloq maraqlı məqamlara toxunub: "Rusiyanın apardığı son siyasətə fikir versək, görərik ki, Putin Riqa sammitinin Moskva üçün təhlükəli bir çağırış olduğunun üzərində dayandı. Yəni Avropa məkanına inteqrasiyanı özü üçün təhlükə hesab edən Rusiya AB-yə yaxınlaşan ölkələrin siyasətini milli təhlükəsizliyinə təhdid sayır. Dövlət başçısı İlham Əliyev də son sammitə getməməklə Azərbaycanın bu proqramda çox da istəkli olmadığını göstərdi. Azərbaycanın Rusiya ilə son zamanlar daha da yaxınlaşması müvəqqəti məsələ deyil. Çünki Rusiya regional bir gücdür və ona görə də bu müddətdə münasibətlərin bu cür olması normaldır”.

Politoloq bildirib ki, Rusiya ilə yaxınlaşma NATO ilə əməkdaşlıq məsələsinə xələl gətirmir: "Azərbaycanın Qərblə əməkdaşlığı bundan sonra da davam edəcək. Böyük ehtimalla Azərbaycan NATO-nun müxtəlif tədbirlərinə qatılacaq. Əfqanıstanla bağlı siyasətimiz də olduğu kimi qalacaq. Yəni balanslaşdırılmış siyasət davam edəcək. Xəzərdə ortaq hərbi təlimlərin keçirilməsi isə heç də Qarabağ məsələsinin Rusiya ilə hərbi yola qədər gedəcəyi anlamına gəlmir. Dediyim kimi, bu, balanslaşdırılmış siyasətin davamıdır. Sadəcə, əməkdaşlıq getdikcə daha da güclənir. Fikrimcə, Qarabağ məsələsinin həlli ilə bağlı hansısa irəliləyişlərin olması ehtimalı böyükdür”.

F.Mehdiyev Rusiyanın keçmiş siyasətindən birdəfəlik əl çəkməsi barədə indidən fikir yürütməyin çətin olduğunu deyib: "Rusiya hazırda Qərb dünyası ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə bu ölkənin beynəlxalq dəstəyə böyük ehtiyacı yaranır. Hazırda Kremlin belə bir şansı var. Bu yol Bakı ilə sıx əməkdaşlıqdan keçir. Yəqin, Rusiya bəzi şeyləri çox yaxşı başa düşür. Bir məqamı da vurğulamaq istəyirəm ki, hazırda ortada Moskvanın hər vəchlə əngəlləməyə çalışdığı böyük bir Transxəzər layihəsi var. Çünki Avropa üçün əsas prioritet Azərbaycan və türkmən qazıdır. Belə olan halda isə Rusiya öz "Cənub axını” layihəsinin kölgədə qalmaması üçün çox planlar axtarmağa çalışacaq”.

Yeni Demokratiya Hərəkatının təsisçisi, politoloq Razi Nurullayev də hesab edir ki, son dövrlərdə Rusiya ilə Azərbaycan arasında ciddi yaxınlaşma var və bu əlaqələr getdikcə daha da dərinləşir: "Azərbaycan tədricən Rusiyaya tərəf meyillənməyə başlayıb. Rusiya da çox yaxşı başa düşür ki, Azərbaycanı əldə etmək üçün Qarabağ məsələsində irəliləyiş olmalıdır. Ancaq Ermənistan forpost olduğu üçün Rusiya bu ölkəyə birbaşa təzyiq göstərib torpaqları işğaldan azad etmək iqtidarında deyil. Burada yeganə variant qalır. O da Dağlıq Qarabağ ətrafındakı bufer zona kimi saxlanılan 6 rayonun işğaldan azad edilməsidir. Hazırda danışıqlar məhz bu təkliflər

əsasında aparılır. Ermənistan torpaqları qaytarmalı, Azərbaycan da öz adından təminat verməlidir ki, Qarabağətrafı rayonlar işğaldan azad olunandan sonra yerdə qalan torpaqlar müharibə yolu ilə azad edilməyəcək. Prosesin nəticəsi olaraq rəsmi Bakı Avrasiya Birliyinə qoşulmaqla bağlı konkret addımlar atacaq”.

İsmayıl