Kreml Qarabağın açarını yastığın altına qoydu
Nəhayət Lavrovun açıqlaması rusların məkrli planlarını gün üzünə çıxardı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda etiraza səbəb olub. Həm rəsmi, həm də ictimai səviyyədə Lavrova ciddi narazılıq bildirilib. Xatırladaq ki, Rusiya XİN rəhbəri mətbuat konfransında deyib ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi qüvvədə qalır, ancaq bu problem heç bir halda güc yolu ilə həll edilə bilməz. Bundan əlavə, Lavrov bəyan edib ki, Qarabağ münaqişəsi təkcə Azərbaycanın daxili işi deyil:
"Münaqişənin hələ gərgin zamanında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar qəbul edilib. Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə güc tətbiq edilməməsi şərti ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir”. XİN rəhbəri bu çıxışı ilə açıq-aşkar deyir ki, münaqişənin həlli ilk növbədə Qarabağın statusunun müəyyənləşdirilməsindən asılıdır. Yəni, Qarabağın statusu təyin olunmalı, sonra torpaqların işğaldan azad olunması məsələsi gündəmə gətirilməlidir. Ekspertlərə görə, Lavrovun bəyanatı Azərbaycan dövlətinin Qarabağ strategiyasına tamamilə ziddir. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, torpaqlarımız işğaldan azad olunmadan hansısa statusdan söhbət gedə bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: "Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.
Lavrovun səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya XİN rəhbərinin dedikləri bizim əleyhimizədir:
"Lavrovun "bölgənin statusu həll olunmadan o biri məsələlərə baxıla bilməz” cümləsi isə paket həll variantıdır. Bu isə bizim yox, Ermənistanın maraqlarına cavab verir. Onun "müharibənin başlamaması haqqında təminat olmalıdır” fikri isə Azərbaycana işğalçıya təzyiq etməmək barədə mesajdır. Lavrovun sözlərindən belə çıxır ki, Rusiya münaqişənin həllində maraqlı deyil. O bildirir ki, monitorinqlər gücləndirilməlidir. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağına dair təminatı verməlidir. Ondan sonra işğal altındakı torpaqlar boşaldılmalıdır. Bu cür həll bizə lazım deyil, Lavrovun dedikləri Dağlıq Qarabağın "müstəqilliyinə” yol açır. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək”.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev isə deyib ki, Rusiya xarici işlər nazirinin bəyanatı onu bir qədər çaşdırıb. Onun fikrincə, ATƏT-in həmsədri olan bir ölkənin XİN rəhbərinin birdən-birə Dağlıq Qarabağla bağlı əndrəbadi bəyanatı göstərir ki, Lavrov ermənipərəst mövqe sərgiləyir:
"Bütün bunlar Madrid, Kazan prinsiplərində var və Sankt-Peterburq görüşündə razılaşdırılıb. Əvvəl ətraf rayonlar azad olunmalıdır, sonra status məsələsi gündəmə gətirilməlidir. Amma Rusiya yenə də öz işini görür. Rusiya bir növ ortaya qoyur ki, guya ABŞ-ın, Fransanın və Rusiyanın problemlə bağlı ayrı mövqeləri var. Məncə, Dağlıq Qarabağın və ətraf rayonların azad olunması ilə bağlı danışıqlar, vədlər boş söhbətlərdir. Onlar hər zaman çalışacaqlar ki, bu problemin donu açılmasın. Çünki dondurulmuş Qarabağ problemi onlar üçün daha sərfəlidir. Mən bu məsələnin açığı, sülh yolu ilə həll olunacağına inanmıram. Azərbaycan yenə də aprel döyüşlərini həyata keçirməli və ətraf rayonları azad etməlidir. Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, nəhayət ruslar illərlə gizli saxladıqları, Azərbaycanın tam əleyhinə olan məkrli Kreml planlarını açıqladılar:
"Rusiya siyasi-hərbi rəhbərliyi cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın yol
verdiyi özbaşınalığa, BMT-nin 4 məlum qətnamələrinin üstündən xətt çəkdiyinə görə, Moskvadan konkret mövqe tələb etməliyik. İstənilən halda, Minsk Qrupunun fəaliyyətinə xitam verilməli, açıq şəkildə işğalçıya dəstək verdiyinə görə, Rusiya bu qrupdan çıxarılmalıdır. Belə açıqlamalar cəbhədəki vəziyyəti gərginləşdirməyə xidmət edir. Bunun ardınca dəhşətli hadisələrin olacağını düşünürəm”.
İsmayıl