Krım diasporunun rəhbəri "Şərq"də

Rəhim Hümbətov ilk diaspor qəzeti "Millət"in bəzi saylarını Mətbuat tarixi Muzeyinə hədiyyə edib



Krımda fəaliyyət göstərən Azərbaycan Diasporasının rəhbəri, "Krım Azərbaycan Cəmiyyəti”nin sədri Rəhim Hümbətov və araşdırmaçı-jurnalist Aida Eyvazlı dünən "Şərq” qəzetində yaradılan mətbuat müzeyini ziyarət ediblər.

Qəzetin baş redaktoru Akif Aşırlı redaksiyamıza təşrif buyuran qonaqları qarşılayıb və onları Mətbuat Tarixi Muzeyinin eksponatları ilə tanış edib.

Daha sonra diaspora rəhbəri R.Hümbətov Mətbuat Tarixi Muzeyinə 1990-cı illərdə Ukraynada nəşr olunan ilk diaspor qəzetlərinin nümunələrini, ilk saylarını hədiyyə edib.

 Krım azərbaycanlıları Mədəniyyət Cəmiyyətinin vaxtilə 1917-1918-ci illərdə nəşr olunan və 1990-cı illərdə bərpa edilən "Millət" qəzetinin bəzi saylarını muzeyə bağışlayıb. Uzun müddət Krımda diaspora quruculuğu ilə məşğul olan R.Hümbətov "Azərbaycanlılar və Krım" kitabını da A.Aşırlıya təqdim edib. Redaksiyada fəaliyyət göstərən Mətbuat Tarixi Muzeyi barədə fikirlərini bildirən R.Hümbətov kiçik maliyyə vəsaiti hesabına başa gələn bu işin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edək ki, bu qəzetdə R.Hümbətovun 1991-ci ildə 20 yanvar həqiqətlərini əks etdirən məqaləsi dərc olunub.
Baş redaktor Akif Aşırlı diaspor rəhbərinin gördüyü işləri yüksək dəyərləndirərək muzeyə təqdim edilən hədiyyələr üçün təşəkkür edib.

Yeganə Bayramova