Kriminal aləmə FƏDA olanlar...

Onların arasında təkcə qadın müğənnilər deyil, kişi müğənnilər də var
Təəssüflər olsun ki, indi gənclik də oğru dünyasına xüsusi sevgi ilə yanaşır


Azərbaycan şou-biznesinin bir çox tanınmışlarının adları son illər "Oğru dünyası”nın adamları ilə hallanır. Şou-biznesin kriminal aləmə, "qanuni oğrulara” sevgisi son illər daha açıq görünməyə başlayıb. Sənət adamları avtoritetlərlə, oğru aləmi ilə dostluq etməkdə hansı marağa xidmət edirlər, bu suala cavab tapmaq çətindi. Onlar belə insanlarla dostluq etməklə özlərini sığortalamağa, kimlərinsə gözünü qorxutmağa çalışırlar, ya başqa maraq var, bunu deyə bilmərik.

Fakt ondan ibarətdir ki, son illər sənət aləminin bir çox tanınmışlarının adları kriminal aləmlə hallanmaqda davam edir. Bu günlərin ən səs-küylü kriminal hadisəsində də tanınmış xanım müğənninin adının hallanması təsadüfi deyil. Müğənni Fədayə Laçın "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun qaçırılmasına kömək edən şəxs kimi saxlanılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri görülüb. 

Məsələ ondadır ki, Fədayə ilə "Qoca” ləqəbli avtoritet arasında sevgi münasibəti yaşanıb. Uzun müddət davam edən bu münasibəti hətta həbsxana divarları belə dağıda bilməyib deyəsən. Fədayə Laçın hətta dəfələrlə həbsxanaya sevgilisi ilə görüşə gedib. Bu görüşlər rəsmi xarakter daşımasa da, Fədayənin "Qoca” ləqəbli avtoritetlə görüşməsi üçün qeyri-rəsmi qaydada imkanlar yaradılıb və buna görə həbsxana rəisi 500 manat pul alırmış. Hər halda onların həbsxana görüşləri faktdır. Bundan əlavə internet səhifələrində də Fədayənin sevgilisinin qarşısında əllərini tutaraq onun üçün mahnı oxuduğunu əks etdirən videogörüntülər də onların isti münasibətindən xəbər verir. Bəs sənət adamları niyə kriminal aləmin insanları ilə münasibətə üstünlük verirlər? 

Bu suallarla kultoroloq Aydınxan Əbilova müraciət etdik. "Şərq”ə açıqlamasında "Təəssüflər olsun ki, Sovet İttifaqı dağıldıqdan sonra "qanuni oğru”ların qoyduğu qaydaları daha çox həyata keçməyə başladı. Əslində bu təkcə bizdə deyil, dünyada var. Rusiyada, digər keçmiş sovetlər ölkəsində, eləcə də Azərbaycanda "qanuni oğru”ların qanunları prosesi genişləndi. Son 25 ildə isə gənclər arasında da onlara xüsusi bir simpatiya formalaşmağa başladı.

"Qanuni oğru”lar, "Lotu”lar, oğru dünyasının insanları sevilməyə başladılar, onların nüfuzu sahəsində bəzən insanlar öz problemlərini həll etməyə maraq göstərmiş oldular. Onlara qarşı olan çox qəribə bir sevginin şahidi olmağa başladıq. Elə sənət aləmində olanlar var ki, bəli, məhz oğru dünyasının adamları ilə münasibət qurublar, sevgili və ya dost ünsiyyəti yaradırlar. Tanınmışların bir çoxu oğru dünyasının nüfuzlu insanları ilə münasibət qurmağa başladılar, hətta bu münasibəti göstərmək, sərgiləməyə üstünlük verənlər də olur. Biz onların şəxsi həyatına toxunmadan məsələyə yanaşmalıyıq. Hər kəs istədiyi insanla ünsiyyət, münasibət qurmaq hüququna malikdir.

 Sadəcə klassik oğru dünyasının öz qanunları var. Onlar bəzən qeyri-qanuni yollarla, oğru dünyasına uyğun qanunlarla kapital qazanırlar. Bu hər zaman belə olub ki, oğru dünyasında səlahiyyət və nüfuz sahibi olanlar əldə etdikləri kapitalları imkansızlara, tanınmış sənətçilərin yaradıcılıqlarının inkişafına, xeyriyyə tədbirlərinə-filan xərcləyirlər. Təbii ki, burda şəxsi maraqlar və münasibətlər də olur. Bunlar da təbii qarşılıqsız deyil. Yəni bunlar arasında şəxsi sevgi münasibətlərinin də olması mümkün olur. Elə Fədayə Laçın məsələsində də yəqin ki, şəxsi münasibətlər var.

 Bir də bu şəxsi münasibətlər təkcə qadın sənətçilərlə oğru dünyasının nüfuzluları arasında deyil, kişi sənətçilər arasında da yaranır. Tanınmış kişi müğənnilər də var ki, avtoritetlərlə, qanuni oğrularla dostluq münasibəti yaradıblar. Bir çox xanım sənətçilər hətta belə qanuni oğruların məşuqəsinə çevrilirlər. Bəzilərinin münasibəti hətta ailə qurmaqla nəticələnə bilir. Rusiyada əvvəllər daha çox buna rast gəlinirdi, təəssüflər indi Azərbaycana da gəlib çatıb. Bir də oğru dünyasına təkcə məşhurlar maraq göstərmir. Diqqət yetirsəz, indiki gənclik də o dünyaya xüsusi bir sevgi ilə yanaşır. Sosial şəbəkələrdə gənclərin şəxsi səhifələrinə diqqət yetirsəniz, görərsiniz ki, oğru dünyasına aid hansısa şəkillər, simvollar, onlara aid "atributlar”a da rast gələrsiniz. 

Hətta gənclər oğru dünyasının daha böyük nüfuz sahibi olan avtoritetlərinin şəkillərini də paylaşırlar, onlara olan simpatiyalarını sərgiləyirlər. Tanınmışlar da cəmiyyətin bir hissəsidi. Mən bilmirəm ki, Fədayə Laçın məsələsində daha hansı məqamlar üzə çıxacaq. Hər halda istintaq davam edir. Qaldı Fədayənin sevgi qurbanı olmasına, bilirsiz, mən insanların şəxsi hissləri və münasibətləri barədə danışmaq istəməzdim. Amma istənilən halda qanun hamı üçün alidir. Cinayət törədən hər bir şəxs dərk etməlidir ki, buna görə məsuliyyət daşıyır. Ona görə də məhbusların qaçırılmasında əgər xanımın kömək etdiyi sübuta yetirilsə, təbii ki, o, cəzasını çəkməlidir”.

Tahirə