İlqar Altay: "Dünən söz - söhbətlə, danışıqla rahat həll edilən bir məsələ bu gün dava-dalaş ,qırğına keçir"
Kriminal hadisələrin artması əsasən iki səbəbdən ola bilər. Birincisi, ölkədəki sosial iqtisadi böhranla əlaqədar ictimai gərginliyin artması, insanlarda problemli həyatla bağlı psixoloji durumun yüksək gərginlik, stress halına catmasıdır".
Bu barədə Sherg.az-a bu gün Hacıqabulda bir şəxsin 5 nəfəri güllələməsinə münasibət bildirərkən tanınmış kriminalist İlqar Altay bildirib.
Onun sözlərinə görə, dünən söz - söhbətlə, danışıqla rahat həll edilən bir məsələ bu gün dava-dalaş ,qırğına keçir:

"İkinci səbəb isə bəzi ölkələrdə dövlətçiliyin silkələnib öz müvazinətini itirməsi və hüquq-mühafizə orqanlarının da normal fəaliyyətinin pozulmasıdır. İndi bu 5 nəfərin güllələnməsi ilə müşaiyət olunan olayda səbəb sakinlər arasındakı konkret ziddiyyətin pik halına catmasıdır. 5 nəfərin həyatına qəsd kimi ən ifrat qanunsuz əmələ əl atılması da cinayət törədənin özündə yarana bilən 3 səbəbdən ola bilər. Biri insanın emosionallaşmasıdır. Bu halda əsəblər çox gərilir və davranış məsuliyyəti o qədər azalır ki, stress üst-üstə düşərək affekt anlaqsızlıq yəni özünü bilməmək halı yaranır.
İnsan həmin an nə etdiyini anlamır. İkincisi, bu adamda 5 nəfəri öldürmək cəhdi psixi xəstəlik halından, şizofreniyanın kəskin psixoz halından yarana bilər. Üçüncü isə bu adam konkret kriminal canidir, onun üçün hər hansi kiçik belə münqişədə adam öldürmək çox asan işdir. Və buna görə, məsuliyyət altına girib həbsə getmək onun üçün azadlıqda olmaqdan fərqli deyil və bəlkə də üstündur. Ümumiyyətlə, cinayətlərin azalmasında aidiyyatı güc strukturlarının, istintaqın öz işini keyfiyyətli, vicdanla görməsi və məhkəmə orqanlarının müstəqil, rüşvətsiz, şəffaf calışmasının böyuk rolu var".
Qeyd edək ki, Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Ayyət ƏHMƏD