Bir azdan onların valideynləri 60 manatdan 100 manata qədər cərimələnəcəkŞairdən başqa bütün tanınmışlar yeni qanun layihəsini dəstəkləyir
"Bir cəmiyyət üçün, özü də islam kimi başdan-ayağa etika təlimi aşılayan bir dinə tapınan toplum üçün bundan utancverici aqibət ola bilməz”
El arasında bir deyim var ki, övlad valideynlərinin günahını daşımır. Yəni ki, ata-anasının səhvinə görə, uşaqlarını cəzalandırmaq yolverilməzdir. Amma bunun əksinə olaraq, hər bir valideyn övladının səhvinə görə birbaşa məsuliyyət daşıyır. Həm də bu sadəcə bir el deyimi deyil. Qanunvericilikdə nəzərdə tutulub. Son zamanlar isə Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyə vəzifələrini lazımınca yerinə yetirməyən valideynlərə və onları əvəz edən şəxslərə qarşı cəzaların daha da sərtləşdirilməsi məsələsi gündəmə gəlib.
"İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, təlim-tərbiyə vəzifəsini lazımınca, eyni zamanda, üzrlü səbəblər olmadan yerinə yetirə bilməyən valideynlər və onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına görə də cərimə ediləcəklər. Bu cərimənin məbləği isə 60 manatdan 100 manata kimi olacaq. Yeni layihədə valideynlər üçün yeni bir inzibati məsuliyyət növü də müəyyənləşdirilib.
Təbii ki, övladlarını cəmiyyətə tərbiyəli, yararlı bir insan kimi təqdim etmək hər bir valideynin ən böyük arzusu, hətta ən əsas vəzifəsidir. Azərbaycanda valideynlərin bir çoxu uşaqlarını mühafizəkar üsullarla tərbiyə etməyə üstünlük verir. Bəzi valideynlər hətta zorakı üsullardan istifadə edir. Əslində, uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya çıxarır, hər bir uşaq da öz valideynlərinin tərbiyəsi ilə formalaşıb kimlik tapan insan adlı bir əsərə çevrilir.
Bu baxımdan, övlad tərbiyə etmək valideynlərin üzərinə düşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Amma təəssüflə qeyd etməliyik ki, son zamanlar Azərbaycanda uşaqların üzləşdiyi problemlər, onların dilənçiliyə vadar edilməsi, yaxud da ailə tərbiyəsi görməyən uşaqların cəmiyyətə vurduğu ziyan-zərərlər həddi aşıb. Bunun qarşısını almaq üçün də ölkədə valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi hazırlanır. Yeni sənəd valideynlərin öz övladlarına qarşı məsuliyyətini gücləndirməyə, onların valideynlik borclarını yaxşı dərk etməsinə və yerinə yetirməsinə yönəlib. Xüsusən son illər valideyn məsuliyyətsizliyinin baş alıb getdiyini görən layihə müəllifləri hesab edirlər ki, sənəd problemin aradan qalxmasına kömək edəcək.
Uşağın beyni ağ səhifədir, valideyn nə tökür, onlar da yığır
Azərbaycanda uşaq hüquqları və valideyn məsuliyyəti ilə bağlı vəziyyətin kifayət qədər acınacaqlı olduğunu vurğulayan hüquq müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər birmənalı olaraq qəbul edilməlidir: "Uğurlarımızdan danışan zaman cəmiyyətin problemlərini də nəzərdən qaçırmamalıyıq. Bu gün uşaq problemlərinin həlli bizim üçün prioritet olmalıdır. Bu gün hara getsək, küçələrdə dilənən, nəzarətsiz qalan uşaqları görürük. Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyə vəzifələrini lazımınca yerinə yetirməyən valideynlərə və onları əvəz edən şəxslərə qarşı cəzaların daha da sərtləşdirilməsinə bu gün çox ehtiyac var və hətta deyərdim ki, belə bir layihə çoxdan qəbul olunmalı idi. Hesab edirəm ki, övladlarını nəzarətsiz buraxan və onların əməyindən sui-istifadə edən, uşaqları təhsildən yayındıran valideynlər cinayət məsuliyyəti daşımalıdır. Bu çox lazımlıdır”.
Səidə Qocamanlının sözlərinə görə, uşaqların hüquqlarının pozulması və nəzarətsiz qalan uşaqların atdığı xoşagəlməz addımlara görə valideynlərlə yanaşı, məktəb və cəmiyyət də böyük məsuliyyət daşıyır: "Əgər uşaq məktəbdən başqa özünü heç yerdə görmürsə, asudə vaxtını səmərəsiz keçirirsə, təbii ki, cəmiyyətdə problem olacaq. Uşaqlar üçün dərnəklər, idman klubları olmadığı üçün uşaqlar özlərini ya küçələrə, ya da internet kafelərə atır. Beləcə də, uşaq cinayətkarlığı üçün rəvac yaranır. Mənə elə gəlir ki, həmin təkliflər paketinə müəllim məsuliyyəti və bütünlükdə təhsil sistemi ilə bağlı təkliflər əlavə olunmalıdır. 35 il məktəbdə dərs demişəm. Sovet dönəmində dərsdən sonra uşaqlar üçün fakultativ dərslər olar, ya da onlar pioner təşkilatlarına cəlb olunardılar. Amma indi bunların heç biri yoxdur”.
Təkliflər qəbul olunduğu halda müsbət effekt verib-verməyəcəyinə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, qanunla yanaşı, insanlar arasında ünsiyyət tənzimlənməlidir: "Topla oynayan uşağın qonşunun pəncərəsini sındırması dava ilə nəticələnməməlidir. Əvvəllər belə hallar olanda uşaqdı deyib, keçərdilər. Amma son illər insanlar arasında ünsiyyət problemi olduğu üçün bu məsələni şişirdib, dava həddinə çatdırırlar. Uşağın qəsdən kiminsə maşınını cızması başqa şeydi, həyətdə oynayan zaman təsadüfən atdığı topun pəncərəyə toxunması başqa şeydi. Amma cəmiyyətdə insani münasibətlər acınacaqlı həddə çatdığı üçün heç kəs güzəştə getmir. Şüşə sınıb deyə, uşağı danlamaq lüzumsuz bir şeydi. Uzaq başı, valideyni yenisini alıb, düzəldər”.
Hüquq müdafiəçisinin sözlərinə görə, valideynlər tərbiyəli uşaq böyütmək üçün dərsdən əlavə kitab oxumağı, rəsm çəkməyi öyrətməli, musiqiyə alışdırmalıdır. Cəmiyyətdə davranış qaydalarını aşılamalıdır. "Bütün gün dava, qırğın olan evdə böyüyən uşaqdan nə tərbiyə gözləmək olar axı? Uşağın beyni ağ səhifədir, valideyn nə tökür, onlar da yığır. Bu mənada uşaqların atdığı hər addıma görə valideyn məsuliyyət daşıyır. Tərbiyəli övlad böyüdən ailəyə "bərəkallah”, tərbiyəsiz uşaqların valideynlərinə isə cinayət məsuliyyəti düşməlidir. Hər iki halda bunu özləri qazanıblar. Biz uşaqlarımızı küçələrdə dilənən görmək istəmirik! Amma çox təəssüf ki, belə uşaqların sayı "n” qədərdir. Dəfələrlə "Elmlər Akademiyası” metrostansiyası tərəfdə dilənçi uşaqları söhbətə tutmuşam. İnandırım sizi ki, onlarla danışmaq çox ürəkağrıdıcıdı. Axı bu yolu onlar özləri seçməyiblər. Birbaşa və ya dolayı şəkildə onları buna vadar edən valideynləridir”.
S.Qocamanlı deyib ki, gələcəyimizi etibarlı əllərə tapşırmaq üçün bu məsələnin üstünə ciddi şəkildə düşməli və təxirəsalınmaz tədbirlər görülməlidir: "Biz bu gün var, sabah yoxuq. Sabah
Azərbaycanı hansı gəncliyə qoyub gedəcəyik? Bisavad bir nəsiləmi? Hesab edirəm ki, bu məsələni mütləq ictimailəşdirmək lazımdır”.
Bu cəzalar, sadəcə, ağrıkəsici rolu oynamalıdır
Gənc yazar Aqşin Yenisey:
- Bu, əxlaqa məcburetmə metodu kimi cəmiyyətin falaqqa ilə cəzalandırılmasıdır və siyasi-sosial statusundan asılı olmayaraq bütün ailələrə tətbiq olunacaqsa, kütləvi şəkildə üzləşdiyimiz əxlaqi-mənəvi böhranın dərinləşməməsinə, müvəqqəti də olsa, kömək göstərəcək. Valideynlərin suçuna görə övladların, övladların günahlarına görə valideynlərin cəzalandırılması, çox arxaik bir ənənədir. Hətta hinduizmdə şudralar deyilən aşağı bir kasta mövcuddur ki, guya, bu kastanın üzvlərini hind tanrıları əcdadlarının günahlarına görə əbədi olaraq heyvandan da aşağı tutulacaq murdar varlıqlar yaratmaqla cəzalandırıblar. İstəməzdim ki, bizim ailələrə bu cür münasibət sərgilənsin, amma neyləyək ki, ailələrimizdə mənəvi böhran artıq o həddə çatıb ki, biz özümüzü qədim kasta sisteminin hökmləri ilə cəzalandırmağa məcburuq. Bir cəmiyyət üçün, özü də islam kimi başdan-ayağa etika təlimi aşılayan bir dinə tapınan toplum üçün bundan utancverici aqibət ola bilməz. Bu cür cəzalandırmanı daha humanist və maarifləndirici formada məktəblərə, xüsusilə orta təhsilə tətbiq etmək lazımdır. Orta məktəbin cəmiyyətə buraxdığı yetkin xuliqanı, cahili 40, 60 manat cərimə ilə əhilləşdirəcəyimizi düşünməklə çox böyük savadsızlıq nümayiş etdiririk. Bu cəzalar, sadəcə, ağrıkəsici rolu oynamalıdır.
Onlar biri-birinin əməlinə cavabdeh deyil
Millət vəkili Məlahət Həsənova da hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların düzgün tərbiyə olunmamasına, onların yol verdiyi hansısa qanunsuz əmələ görə birbaşa valideyn məsuliyyət daşıyır: "Uşaqlara cinayət məsuliyyəti düşmədiyi üçün də valideynləri tərbiyə elədiyi övladına görə qanun qarşısında cavab verməlidir. Bu mənada, "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, təlim-tərbiyə vəzifəsini lazımınca, eyni zamanda, üzrlü səbəblər olmadan yerinə yetirə bilməyən valideynlər və onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına görə cərimələrin artırılmasını dəstəkləyirəm. Yetkinlik yaşını tamamlamış heç bir övlada görə, valideyn məsuliyyət daşımır. Onlar biri-birinin əməlinə cavabdeh deyil”.
Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyə vəzifələrini lazımınca yerinə yetirməyən valideynlərə qarşı cəzaların daha da sərtləşdirilməsinin problemin həllinə hansısa effekt verəcəyinə gəldikdə isə xanım millət vəkili deyib ki, valideynlər bir dəfə cərimə ödədikdən sonra artıq məcbur olub öz məsuliyyətini dərk edəcək. Hər bir valideyn dərk etməlidir ki, onların vəzifəsi cəmiyyətə ləyaqətli, tərbiyəli övlad yetişdirməkdir. Hamının övladını akademik, millət vəkili tərbiyə edə bilməz. Mübariz İbrahimov nə millət vəkili, nə də professor uşağı idi. Amma o öz tərbiyəsi, vətənpərvərliyi ilə bütün Azərbaycan gənclərinə örnək biridir. Mübarizin heç ali təhsili də yox idi. O, aldığı tərbiyəni də, göstərdiyi şücaəti də öz ailəsində öyrənib: "Ailə kiçik dövlətdir. Hər kəs də öz "dövlət”inin təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Bu onların borcudur”.
...Artıq valideynlər evində gələcəyin "cani”sini böyütməyəcək
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın sözlərinə görə, övladlarına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərə qarşı cəzaların sərtləşdirilməsi və cəzaların artırılması təklifi təqdirəlayiqdir.
İradə xanım hesab edir ki, bu cür valideynlərin hətta azadlıqdan məhrum edilməsi də mümkündür: "Faktiki olaraq, valideynlər uşaqlarını dilənçiliyə və başqa işlərə sövq edərək, onların əməyini istismar edir, hüquqlarını pozurlar. Hətta bəzi hallarda valideynlər uşaqların məsuliyyət daşımadığından istifadə edib, onları cinayətə sövq edirlər. Bu səbəbdən də valideynlərin uşaqlarının əməllərinə görə məsuliyyət daşıması kimi təkliflər çox yaxşıdır. Bəzən görürük ki, kiçikyaşlı uşaqlar kiminsə avtomobilini zədələyir, yaxud da digər xoşagəlməz addımlar atır. Amma bu cür "uşaqyana” hərəkətlərə görə valideyn məsuliyyət daşıyıb, cərimə olunarsa, uşaqların tərbiyə və təhsilində valideynlərin rolu artar. Çox təəssüflər ki, son zamanlar valideynlərin uşaqların tərbiyəsinə qarşı laqeyd yanaşmaları sonralar həmin uşağın cəmiyyət üçün təhlükəli olması ilə nəticələnir. Təklif olunan qərarlar qəbul olunduğu halda isə artıq valideynlər evində gələcəyin "cani”sini böyütməyəcək. Analar, atalar öz övladlarına qarşı daha həssas olub, onları nəzarətsiz buraxmayacaq, hər addımını izləyəcəklər. Beləliklə də, nə valideynlər öz övladlarının hüququnu pozacaq, nə də onların məsuliyyətsizliyi ucbatından nəzarətsiz qalan uşaqlar insanlara və cəmiyyətə ziyan vuracaq”.
Şəymən