Küçələrdəki natəmiz bazarlar...

İmran Abdullayev: “Nəzarət funksiyası 2 illik müddətə dayandırılıb”
Eyyub Hüseynov: “Başa düşmürəm, qarın bu camaatdan aşağıdır, yoxsa, yuxarı!? Niyə nəfslərinə hakim ola bilmirlər!?”


Yay fəsli nə qədər arzulanandırsa, bir o qədər də təhlükəli məqamlarla zəngindir. Qovurucu istilər, günvurmalar öz yerində, qida zəhərlənmələrinə də məhz yay mövsümündə daha tez-tez rast gəlinir. Bunun bir səbəbi şəxsi gigiyena və təmizliklə bağlıdırsa, digər və ən böyük səbəb isə açıq havada ticarətdir. Nələr satılmır, küçələrdə, tinlərdə, metro keçidlərinin qarşısında, pillələr üzərində?! Hər cür giləmeyvə, tərəvəz, süd məhsulları, çörək. Və bütün bunların üzəri ətrafda keçib-gedən insanların ayaqqabılarından qalxan tozlarla dolur. Biz də bu məhsulları alıb evə aparırıq. Küçə ticarəti Bakını çirkli bir şəhərə çevirir. Satış nöqtələrinin yanında daim meyvə yeşikləri yığılır, xarab məhsulların qalığı isə isti havada ətrafa üfunət yayır.
Bu azmış kimi, kafelər, dönərxanalar da bir tərəfdən gigiyenik qaydalara əməl etmir. Kafelər qurudulmuş, hisə verilmiş balığı açıq havada satışa çıxarır. Xüsusən də yay mövsümündə keyfiyyətsiz, istifadə müddəti ümumiyyətlə bilinməyən belə qidalar insan sağlamlığı üçün böyük təhlükə mənbəyidir.

Qida məhsullarının açıq havada, xüsusən də yay mövsümündə tez xarab olması, insan orqanizmi üçün real təhlükə daşıması dəfələrlə vurğulanıb, lakin bununla bağlı heç bir ciddi tədbir görülməyib.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Mərkəzin Qida zəhərlənmələri şöbəsinin rəhbəri İmran Abdullayev "Şərq”ə açıqlamasında bildirdi ki, artıq Mərkəzin qida məhsullarının gigiyenik vəziyyəti ilə bağlı birbaşa monitorinq aparmaq səlahiyyəti yoxdur. Yalnız vətəndaşlardan konkret şikayətlər daxil olduqda yoxlamalar aparılır:

- Ötən il noyabr ayının 1-dən etibarən nəzarət funksiyası 2 illik müddətə dayandırılıb. Yeni qəbul olunmuş qanuna əsasən RGEM yalnız daxil olmuş şikayətlər əsasında yoxlamalar apara bilər. Mərkəzə şikayət daxil olduqda biz onu İqtisadiyyat Nazirliyinə göndəririk. Nazirlik araşdırma aparır, ehtiyac olduqda Səhiyyə Nazirliyi ilə birgə yoxlamalara başlanılır. Əvvəllər biz birbaşa yoxlama apara bilirdik. İndi isə fərqli vəziyyətdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov:

- Bizdə nə istehsalçı və satıcı, nə də alıcı və istehlakçı mədəniyyəti formalaşıb. Məhsulun keyfiyyətinə nəzarət edən, cəld reaksiya verən qurum yoxdur. İstehlakçını müdafiə edən qanunlar zəifdir. Qanunlar elə qurulub ki, istehlakçının maraqlarına deyil, biznesə xidmət edir. Müstəqil ekspertiza yoxdur, məmurlar bizneslə məşğuldur, bazarı monopoliyada saxlayırlar. İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 1998-ci ildə qanun qəbul olunub, qanuna 6 dəfə düzəliş edilib, hamısı da istehlakçının hüquqlarının məhdudlaşdırılmasına xidmət edən dəyişikliklərdir. Belə olan halda nəinki vaxtı ötmüş qidaların, hətta at, eşşək ətinin satışa çıxarılması da təəccüblü deyil. Vətəndaşlarımız da, bədbəxtlikdən, ucuz məhsulun ardınca qaçırlar. Məsələn, dönərlərin. Çünki hazırda ən ucuz qida dönərdir. Hətta 1 manata da dönər satırlar. Toyuq ətindən dönər. Ət dönərinin qiyməti 1 manat 20 - 1 manat 60 qəpikdir. Özünüz fikirləşin, dana ətinin 1 kiloqramı 9-10 manatdır. Qoyun əti 12 manat. Bu qiymətə təzə ət alıb 1 manat 20 qəpiyə satarlar?! Bunun çörəyi, pomidoru, soğanı, tomatı, göy-göyərtisi, mayonezi... Üstəgəl, xidmət haqqı. Bunları toplayanda dönərin hazırkı satış qiymətindən çox-çox baha qiymət ortaya çıxır. Bəs necə olur ki, dönər belə ucuzdur? Deməli, keyfiyyətsiz məhsuldan hazırlanır. Üstəlik, dönərxanalarda həm də anti-sanitariya şəraiti hökm sürür. Dönərxanalar başdan-ayağa mikrob mənbəyidir. Dönərçilərin natəmizlikləri geyimlərindən, əllərində mətbəx əlcəklərinin olmamasından bilinir. Dönərçilərin dırnaqlarına diqqətlə baxın. Dırnaqlarının arası çirklə doludur. Belə adamın əlindən necə qida alıb yemək olar?! Eləcə də, şəhərin ayrı-ayrı yerlərindəki kafe və restoranlarda istifadə müddəti bilinməyən, keyfiyyətinə zəmanət verilməyən qidalar müştəriyə təklif olunur.

E.Hüseynov yay fəslinin başlandığını xatırladıb insanlarımızın ehtiyatlı olmasını məsləhət gördü:

- Artıq yay fəslidir. İsti havalarda insanlar nə yediklərinə, nə içdiklərinə fikir versinlər. Xarab olmuş ətdən, xəstəlik mənbəyi olan toyuq dönərlərindən, qazlı, kimyəvi tərkibli şirin sulardan, "sərinləşdirici içki”lərdən, süni süddən hazırlanmış yalançı dondurmalardan imtina etsinlər. Başa düşmürəm, qarın bu camaatdan aşağıdır, yoxsa, yuxarı!? Niyə nəfslərinə hakim ola bilmirlər!? İnsan gərək keyfiyyətli, xeyirli məhsullarla qidalansın. Ancaq təzə meyvə-tərəvəz, adi saf su içsinlər. Küçədə, parkda ayaqüstü qidalanmaqdan əl çəksinlər. Bizim evimizi bu ayaqüstü yemək yıxır.

Küçə satışı ləğv edilməlidir. İsti havada açıq şəraitdə satılan qidaların üzərinə gün ərzində nə qədər milçək qonur, toz hopur. Bir də görürsən, biri yerə, asfaltın üstünə göyərti töküb satır, biri meyvə-tərəvəz satır. Belə olmaz. Cənab Prezidentin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti küçə satışını qadağan edib. Amma qadağalar pozulur. İnsanların ayaqları altında, tozun içində bazar açırlar, satış təşkil edirlər. Nəzərə almaq lazımdır ki, havalar istiləşdikcə, mikroorqanizmlər də sürətlə çoxalır və açıq şəraitdə olan qidaların üzərinə hopmaqla insan həyatı üçün təhlükəyə çevrilir. Bizim camaatda da günah var. Gərək açıq havada satılan qidaları almasınlar.

Məlahət Rzayeva