Küçəni ZİBİLləyən “KİŞİ”...

Gücünü ona irad tutan xanıma göstərdi



Vüqar Tofiqli: "Halal olsun, o xanıma. Bəzi kişilərdən fərqli olaraq susmayıb, ictimai əxlaqsızlığa etirazını bildirib”

Mehriban Zeynalova: "Cəmiyyətdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq ənənəsi qurulmalıdır. Həmin hadisəni izləyən ətrafdakı insanlar dərhal polisə müraciət etməli idilər”

Paytaxtda müdhiş olay baş verib. "Kişi qırığı” kişiliyini sübut etmək üçün qadını küçənin ortasında döyüb. Söhbət, "urban.az” saytının xanım əməkdaşı Səbinə Quliyevanın döyülməsindən gedir. Xanım jurnalist şəxsi avtomobilini idarə edərkən başqa bir sürücünün maşının pəncərəsindən yola dəmir banka atdığını görüb. İctimai mövqedən çıxış etmək istəyən jurnalist avtomobilini həmin maşının yanına sürüb və sürücüyə etiraz edib.

Sürücü isə, "ənənəvi” qaydada etiraza sərt reaksiya verib və qışqırmağa başlayıb. Bunu görən S.Quliyeva sürücüyə "tərbiyəsiz” deyərək oradan uzaqlaşıb. "Kişi” sürücü isə xanımın sözlərini həzm edə bilmədiyindən avtomobilini onun ardınca sürüb və maşını saxlamağı tələb edib. Jurnalist avtomobilini saxlayan kimi "kişi” onun üzərinə hücum çəkib və xanımın ağzından vurub. Jurnalistin dostları köməyə gəlib, onu bu nadanın əlindən alıblar. S.Quliyeva polisə zəng edəcəyini dedikdə isə sürücü avtomobilinə əyləşib qaçıb. Avtomobilin nömrə nişanı bəllidir və S.Quliyeva həmin şəxsin cəzalanmasını tələb edir.

Baş vermiş hadisə qanun pozuntusudur, bu, bəlli. Eyni zamanda bu hadisə cəmiyyətdəki bir sıra qüsurları da ortaya qoyur. Birincisi, kişinin qadına əl qaldırması kimi nadanlığın hələ də cəmiyyətimiz tərəfindən təbii hal olaraq qarşılanması. İkincisi, bəzi vətəndaşlarımızın "əlindəki tullantını hara gəldi atmaq olar” zehniyyətinə sahib olması. Üçüncüsü, vətəndaşların hətta öyüd-nəsihət formasında etirazlara da aqressiv münasibəti. Bunlar əslində cəmiyyətimizdə vətəndaş həmrəyliyi kimi vacib elementin kasadlığından xəbər verir.

Yadınızdadırsa, metro vaqonunun içində tum çırtlayıb qabıqlarını yerə atan "kişi”dən yazmışdıq. Əslində, ictimai yerdə - həm də nəqliyyatda belə davranışa yol verən adama öyüd-nəsihət etməyə ehtiyac qalmır. Yekə kişi sərnişinlərin gözü qarşısında vaqonun içində tum çırtlayıb yerə tökürsə, bu adamın kimliyini hərəkəti bəlli edir; Qanacaqsız, nadan!

Eləcə də bir "kişi” avtomobilindən düşərək xanıma hücum çəkib ona fiziki zor tətbiq edirsə, həmin adamın da kimliyini davranışı ortaya qoymuş olur; tərbiyəsiz, əxlaqsız! Belə adamlarla mübahisə etmək, nəyisə onlara izah etməyə çalışmaq bəlkə də yersizdir. Amma ictimai mövqeni heçə saymayan vətəndaşlar belə hallarla rastlaşdıqda etiraz etməyi özlərinə vətəndaş borcu bilirlər. Və nə yazıq ki, bəzən nadanın birisi vətəndaşın ağzından vurur. Və daha dəhşətlisi bunu "kişilik nümunəsi” sayır.

Azərbaycan Vətəndaş Cəmiyyəti Assosiasiyasının eksperti Vüqar Tofiqli "Şərq”ə açıqlamasında baş vermiş hadisənin Azərbaycan xalqının adət-ənənəsinə daban-dabana zidd olduğunu dedi:

- Azərbaycan adət-ənənəsində qadın müqəddəsdir. Qadın zərif, incə məxluqdur. Qadına əl qaldırmaq isə, nakişilik sayılır. Güclü kişi heç vaxt qadına əl qaldırmaz. Xüsusilə də söhbət ictimai yerdən gedirsə. Təsəvvür etmək çətindir ki, xanım jurnalistə əl qaldıran kəs hansı tərbiyəni görüb, necə böyüdülüb? Tanımadığın qadına küçədə əl qaldırmaq, söyüş söymək, hətta söz atmaq belə, əxlaqsızlığın göstəricisidir. Ümumiyyətlə, bizim cəmiyyətdə insanların əxlaq, etik davranış normaları ilə bağlı maariflənməsinə ciddi ehtiyac var.

Çox adam belədir, zibili hara gəldi atır, zibil qutusunu görə-görə, əlindəki zibili yerə atır. Küçəni, yolu zibilləyir. Düşünmür ki, buranı təmizləyən də insandır. Xadimədir deyə, o bizim atdığımız zibili yığışdırmaq vəzifəsi daşımır. Niyə zibilləməliyik küçəni? Evimizdə zibili hara gəldi atırıq məgər? Yerə zibil atmaq, maşından nəsə çıxarıb yola tullamaq mədəniyyətsizlikdir. Deməli, bu adamların mədəniyyəti yoxdur.

V.Tofiqli xanım jurnalistin sürücüyə etiraz bildirməsini alqışladığını da dedi:

- Halal olsun, o xanıma. Bəzi kişilərdən fərqli olaraq susmayıb, ictimai əxlaqsızlığa etirazını bildirib. Təəssüf ki, buna bənzər halların çox şahidi olmuruq. Bizim əhalidə bir az laqeydlik var. Mənə nə dəxli var, mənim deyil ki, mənə demirlər və s. "arqumentlərlə” özlərini ictimai vəzifədən kənarlaşdırırlar. Belədə mənfi hallara qarşı cəmiyyətin birgə reaksiyası olmur. Evim təmiz olsun, küçənin mənə aidiyyəti yoxdur, prinsipi ilə yaşayırıq. Ona görə də küçələrimiz zibil içində qalır. Kim hara gəldi, zibil atır. Belə adamların etika anlayışları sıfırdır. Bizim xalqın ən gözəl xüsusiyyətlərindən biri böyüyə, qız-gəlinə hörmətdir. Kiçik böyüyə yer verir, kişilər xanımlara. Son zamanlar bu dəyərlər itib artıq. Metroda, avtobusda gənclər böyüklərə hörmət etmir, kişilər oturur, qadınlar ayaq üstə dayanır. Mədəni səviyyə aşağı düşüb. Küçənin, ictimai yerin öz davranış normaları var. İnsan küçədə gəzərkən də ətrafına diqqət etməlidir, görsün, başqasına mane olmur ki. Küçədə gəzə-gəzə yemək olmaz. Bu, etik davranış normalarına ziddir. Amma əksini görürük. Adamlar əllərində yemək avtobusa, metroya minirlər. Belə olmamalıdır. Bu etik deyil, estetik görünüşü də pozur. Biz belə hərəkətlərlə mədəni səviyyəmizin aşağı olduğunu göstəririk. Təəssüf ki, bəzi vətəndaşlarımızda ictimai rəyi nəzərə almaq meyli çox zəifdir. Biz hamımız cəmiyyətin üzvü olduğumuz üçün hərəkətlərimizdə cəmiyyətin maraqlarını nəzərə almalıyıq.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da cəmiyyətdə mədəni səviyyənin aşağı düşməsini önə çəkdi:

- Məsələnin kökündə mədəni səviyyənin aşağı düşməsi dayanır. Harada mədəni səviyyə aşağıdırsa, deməli, orada qadına münasibət də aqressiv olacaq. Elə insanlar var, hətta adi danışıq normasını da bilmirlər. Qadınla, qız-gəlinlə necə danışılmalıdır, onu bacarmırlar. Ümumiyyətlə, insanların biri-birinə münasibətində etik normalar pozulub. Avtobusa qadın minir, cavan uşaqlar yerindən tərpənmir. Sanki hisslər korşalıb. İnsanlarda biri-birinə şəfqət, səmimiyyət itib.

Konkret baş vermiş hadisəyə gəlincə, bu, qadına şiddətin aşkar formasıdır. Biz öncə də demişdik ki, qadına qarşı zorakılığın artıq küçələrə çıxması tendensiyası gedir. Və getdikcə də bu hallar artacaq.

Bunun bir səbəbi cəzasızlıqdır. Əgər bu kimi hallar baş verdikdə qanunu pozan cəzalansa və bu haqda ictimaiyyət məlumatlandırılsa, başqaları nəticə çıxarar. Nə qədər ki, cəzasızlıq davam edir, belə hallar artacaq. Həm də hesab edirəm ki, "kişi” sürücünün xanım jurnalistə zor tətbiqi məhz onun qadınlığı ilə bağlıdır. "Kişi” məhz qadının ona irad tutmasını sinirə bilməyib. Məhz gənc bir xanımın ona irad bildirməsi, onu qanuna dəvət etməsi onu qıcıqlandırıb. Necə yəni, bir qadın mənə "ağıl” qoyur?! Burada həm də tənqidə, iradlara dözümsüzlük var. Gərək jurnalist dərhal 102 xidmətinə zəng edəydi. O adamı məsuliyyətə cəlb edəydilər. Belə halları cavabsız qoymaq olmaz.

M.Zeynalova qadına zorakılığın artmasında cəmiyyətin passivliyinin və yanlış düşüncə tərzindən əl çəkməməsinin rolu olduğunu bildirdi:

- Bizim cəmiyyətdə hələ də belə yanlış düşüncə hakimdir ki, qadın döyülürsə, deməli, günahkardır. Deməli, nəsə bir yanlışı var ki, kişi onu döyür. Halbuki, həqiqət tamam başqadır. Ailə-məişət zorakılığında əksər hallarda kişinin qadına qarşı aqressivliyinin kökündə onun şəxsi qüsurları dayanır. Cəmiyyətimiz də qadına zorakılığa sanki "dəstək” verir. Biz belə bir sorğu da keçirmişdik. Təsəvvür edin ki, sorğuya ən müxtəlif yaş qrupu və peşə sahiblərini cəlb etmişdik. Sorğuda iştirak edənlər arasında döyülən qadını günahkar bilənlər az deyildi. Bunlar hamısı savadsızlığın, əslində Azərbaycan xalqına yad olan ehkamlara kor-koranə itaətin nəticəsidir.

M.Zeynalova vətəndaşları hüquq-mühafizə orqanları ilə əməkdaşlığa çağırdı:

- Cəmiyyətdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq ənənəsi qurulmalıdır. Həmin hadisəni izləyən ətrafdakı insanlar dərhal polisə müraciət etməli idilər. Bəzən bəlalarımız əsasında laqeydlik, biganəlik dayanır.

Məlahət Rzayeva