İradə Cavadova: “Övladını küçəyə atan insanlar 3 ilədək inzibati azadlıqdan məhrumetmə ilə cəzalandırılır”Azad İsazadə: “Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır”
Dünən Bakıda xəstəxananın həyətində körpə meyiti tapılıb. Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində, yaşıllıq və ağaclıq olan ərazidə yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyiti aşkar olunub.
İlk baxışdan məlum olub ki, körpə vəhşi heyvanların qurbanı olub. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq”ə verilən məlumata görə, həmin uşaq xəstəxananın
xəstəsi olmayıb: "Uşaq meyiti xəstəxananın yaxınlığındakı məişət tullantıları olan ərazidən mühafizəçilər tərəfindən tapılsa da, məsələnin xəstəxana ilə heç bir bağlılığı yoxdur. Kənardan gətirib ora atıblar və təsadüf nəticəsində aşkarlanıb. Aşkarlanan kimi də polisə məlumat verilib. Meyit isə Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır”.
Heç şübhəsiz ki, yeni doğulan bir körpənin zibilliyə atılması insani dəyərlərə sığmır. Burada söhbət tək uşağın həyatından getmir. Bu, mənəviyyatsızlıqdan irəli gələn haldır.
Vəkil İradə Cavadovanın sözlərinə görə, yeni doğulan bir körpənin küçəyə atılması qəbuledilməzdir: "Axı bu uşaqdır, hansısa bir əşya deyil ki? Bir neçə günlük uşağın küçəyə atılması onun ölümün caynağına verilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər. Bəlkə də, doğumdan sonra həmin körpəni öldürmürlər, işgəncə vermirlər, amma küçəyə atılan uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz. Körpəni kiminsə qapısına qoyub qaçarkən müəyyən mənada onun götürülüb, polisə və ya hansısa internat evlərinə veriləcəyini düşünmək olar. Amma uşağı küçəyə atmaqdan ancaq ürək ağrısı ilə danışmaq olar. Hesab edirəm ki, normal psixologiyada olan heç bir ana öz uşağını lazımsız bir əşya kimi zibilxanaya atmaz. Bu cür insanlar psixi xəstələrdir”.
Qanunvericilikdə uşaqlarını küçəyə atan valideynlərin cinayət məsuliyyətinə cəlb olunduğunu deyən İ.Cavadovanın sözlərinə görə, övladını küçəyə atan insanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, onlar 3 ilədək inzibati azadlıqdan məhrumetmə ilə cəzalandırılır: "Praktikada bu maddə ilə cəzalanan ailələrin olub-olmadığını dəqiq deyə bilmərəm. Bu, hüquq-mühafizə orqanlarının işidir. Ancaq mən düşünürəm ki, övladını atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar nəticə çıxarsın. Övladını böyütmək istəməyən insanlar uşağını körpələr evinə, internat məktəblərinə verə bilərlər”.
Psixoloq Azad İsazadə bu məsələdə bir çox təsirlərin rol oynadığını deyib: "Xüsusən də işsizlik, sosial problemlər bu halların yaranmasına səbəb olur. Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən analar uşaqdan imtina etməyə məcbur olurlar. Azərbaycanda erkən seksual həyatın profilaktikası ilə bağlı çox az təbliğat aparılır. Nəticədə hamilə qalan qadınlar yaşayacaqları problemləri əvvəlcədən dərk edə bilmirlər. Qəfil belə bir faktla qarşılaşan qadınlar dünyaya gətirdikləri körpənin qayğısına qala bilmir və uşağı atmalı olur. Ətraf da anaya bu cür hərəkət etməsi üçün psixoloji basqın edir. Mən bu cür anaların tərəfdarı deyiləm. Lakin belə anda real çıxış yolu ancaq bu olur”.
Şəymən