Lamiyə medianın gücünü gördü
Ona görə jurnalist olmaq istəyir, sayt açmaq arzusundadır
"Azadlığa çıxandan sonra mənə iş verilməyib. Harda iş olsa, işləməyə hazıram. Ancaq belə görürəm ki, ticarətlə məşğul olsam yaxşıdır”. Bu sözləri həbsdə ana olması ilə gündəmə gələn və sonradan azadlığa qovuşan Lamiyə Quliyeva deyib.
Hazırda anasının himayəsində övladına baxdığını bildirən L.Quliyeva təhsili olmadığı üçün münasib iş tapmaqda çətinlik çəkdiyini söyləyib. Bir vaxtlar medianın gündəmindən düşməyən L.Quliyevanın əsas problemi isə yenidən cəmiyyətə adaptasiya olmasıdır: "Həyata tam uyğunlaşa bilmirəm. Səs-küylə azadlığa çıxmağım iş tapmağıma da mane olur. Əslində, həbsə düşməsəydim, təhsilim yaxşı olardı. Çünki məktəbdə yaxşı oxuyurdum. İşləməsəm, dolana bilmərəm. Şəmkirdə icra başçısının qəbulunda oldum. Evlə təmin olunmaq üçün müraciət etdim. Amma hələlik heç bir nəticə yoxdur. Dövlət başçısına teleqram vurmağa hazırlaşıram. Prezidentimizin mənə köməklik göstərəcəyinə böyük inamım var”. L.Quliyeva informasiya saytı açacağı haqda yayılan xəbərlərə də münasibət bildirib: "Sayt açmaq fikrim var. Dil qabiliyyətim yaxşı olduğu üçün jurnalist olmaq istərdim. Ancaq sayt açmaq üçün təcrübəsi olan jurnalistlər lazımdır. Ofis açmalıyam, gündəlik xəbərlər verməliyəm. Bu sahədə təcrübəm olmadığı üçün çətindir”. Keçmiş məhbusun sözlərinə münasibət bildirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında deyib ki, göz önündə olan L.Quliyevanın işlə təmin olunması ciddi problem olmamalıdır. Amma bəzi məsələlər onun çalışmasına maneçilik yaradır: "Əslində Lamiyə Quliyeva digər məhbuslardan fərqli olaraq kifayət qədər ictimaiyyətin diqqət mərkəzində olub və mediadan dəstək alaraq ciddi şəkildə müdafiə olunub. Ona görə də hesab edirəm ki, Lamiyənin iş tapması elə də ciddi problem deyil. Amma nəzərə almaq lazımdır ki, məhbus həyatı yaşayan istənilən şəxs cəmiyyətə adaptasiya problemi yaşayır. Ona görə də məhbusların azadlığa çıxmalarına 5-6 ay qalmış onların cəmiyyətə inteqrasiyası ilə bağlı müəyyən proqramlar tərtib edilməlidir. Bildiyimə görə, artıq penitensiar sistemdə bu iş üçün hazırlıq gedir. Amma hər halda bunu hüquqşünaslar, sosioloqlar və psixoloqlar həyata keçirməlidir. Fikrimcə, QHT-lərin də bu prosesə cəlb olunması məqsədəuyğun olardı”. L.Quliyevanın iş tapmaması məsələsinə toxunan M.Zeynalova bəyan edib ki, müəyyən peşə bacarığı olmayan adamların indiki vaxtda iş tapmaları o qədər də asan deyil: "Bu, təkcə onların məhbus həyatı yaşaması ilə bağlı deyil. Bütün işəgötürənlər istəyirlər ki, yanlarında iş təcrübəsi olan bacarıqlı və məsuliyyətli adamlar çalışsınlar. L.Quliyeva ağır cinayət törətməkdə günahkar bilinərək həbs olunub və uzun müddət məhbus həyatı yaşayıb. Bu baxımdan onun psixoloji reabilitasiyası da olduqca vacib məsələdir. Buna xüsusi diqqət ayırmaq lazımdır. Çünki baş verən proseslər Lamiyədə ciddi aqressiya yaradıb. O, ilk olaraq psixoloji kurslardan keçməlidir. Belə şəxsləri işə götürmədiklərinə görə, birmənalı olaraq sahibkarları qınamaq düzgün olmaz. Sahibkarlar kimi işə götürəcəyini özləri müəyyən edirlər. Yəni kimisə kor-koranə işə götürmürlər. Çünki burda onların maddi maraqları var. Ali təhsili olmadığına görə isə L.Quliyeva hər hansı dövlət qulluğunda çalışa bilməz”.
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva bildirib ki, L.Quliyevanın cəmiyyətə asanlıqla adaptasiya ola bilməməsi normal haldı: "Türmədə övlad dünyaya gətirməsi məsələsi ətrafında xoşagəlməyən söz-söhbətlər yayıldı. Müəyyən travma alan bir qadının normal həyata uyğunlaşmasında bəzi problemlər ola bilər. İndi şəhər, insanlar, həyata baxış və mühit çox dəyişib. Əlbəttə, onun üçün narahatlıqlar olacaq, çünki insanlara uyğunlaşması zaman alacaq. Belə bir qadının cəmiyyətə adaptasiya olması və körpə uşaqla iş tapması çətin olacaq”. İşin psixoloji tərəflərinin olduğunu da söyləyən təşkilat sədri bəyan edib ki, Lamiyə üçün çətin mərhələ bundan sonra başlayacaq: "Bir qadın olaraq çox istəyirəm ki, o, bundan sonrakı həyatını düzgün qursun. Doğru insanlar seçsin. Qarşımızda azyaşlı deyil, artıq yetişmiş və həyatın çətinliklərini görmüş Lamiyə var. Gərək ki, bundan sonra doğru addımlar atsın”.
"Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini, tanınmış jurnalist Azər Ayxan L.Quliyevanın açıqlaması ilə bağlı bunları deyib: "Bilirsiniz Lamiyə niyə jurnalist olmaq istəyir, sayt açmaq arzusundadır? Çünki jurnalistikanın, bütövlükdə medianın gücünü görür. Zindandan çıxmasında medianın, qəzetçilərin ciddi rol oynadığının fərqindədir. Yoxsa mafiya onu içəridə çürüdəcəkdi. L.Quliyeva medianın bu gücünə heyran qalıb. Ona görə də güclü olmaq istəyir. Sırf bu səbəbdən "jurnalist olmaq istəyərdim” arzusunu dilə gətirir”.
İsmayıl