“Lavrov bizi aldadıb, yenidən tora salmağa çalışır” – Professor

“Harada görünüb ki, işğal olunmuş bir ölkənin jurnalistləri təcavüzkar dövlətin ərazisinə səfər etsinlər?! Dünya müharibə tarixində belə hadisə olmayıb”



"Jurnalistlərin qarşılıqlı səfərləri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində növbəti dəfə taymaut götürməsidir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Professorun qənaətincə, Ermənistan və onu himayə edənlər çalışırlar ki, vaxt udsunlar və həmin vaxt çərçivəsində Azərbaycanı bir müddət sakit mövqedə saxlasınlar: 

"Harada görünüb ki, işğal olunmuş bir ölkənin jurnalistləri təcavüzkar dövlətin ərazisinə səfər etsinlər?! Dünya müharibə tarixində belə hadisə olmayıb. Düzdür, bizdə indiyə qədər Qərbin, ABŞ-ın təkidi ilə bir sıra QHT-lər Ermənistana səfər ediblər. Əslində bu, düzgün addım deyil. "Xalq diplomatiyası” ayrı məsələdir, jurnalistlərin Ermənistana səfəri isə tamamilə başqadır. Media adamlarının işğalçı ölkədə nəyisə müzakirə etməsi, siyasi danışıqlar aparması anlaşılmazdır. Bu, Rusiya XİN rəhbəri Sergey Lavrovun ortaya atdığı çox təhlükəli bir meyldir. Biz buna getməməliyik, çünki perspektivi yoxdur. İnanmıram ki, jurnalistlərimizdən kimsə Ermənistana səfər etməyə razılıq versin. Siyasətdən bir balaca anlayışı olan adam kimi deyirəm ki, S.Lavrov bizi aldadıb, yenidən tora salmağa çalışır. Buna aldanmamalıyıq”.

Ekspert bildirib ki, Moskvada baş tutan görüş göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin onun nəzarətində qalmasında maraqlıdır: 

"Hər görüşdən sonra xarici işlər nazirimiz hörmətli Elmar Məmmədyarov bunu böyük bir uğur kimi qələmə verir. Başa düşürük, diplomatların işi bundan ibarətdir, nazir görüşdən sonra nəsə deməlidir. Amma reallıq odur ki, 27 ildə belə təmasların heç biri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına təkan verməyib. 

Həmsədr, strateji tərəfdaş və bizimlə qonşu olan Rusiya münaqişənin tezliklə həllində maraqlı olmayıb. Moskva danışıqlarından sonra Azərbaycanın hansısa addımlar atması rəsmi Bakının öz-özünü aldatması olar”.

İsmayıl