Lavrovun səfəri Qarabağa nə vəd edir?

Rasim Ağayev: “Lavrovun İrəvana və Bakıya səfərinin məqsədi Putinin planladığı Qarabağ planını reallaşdırmaqdır”
Tofiq Abbasov: “Rusiya hazırda bu məsələdə təşəbbüsü tamamilə ələ alıb”


Ərəstun Oruclu: "Lavrovun səfərləri Qarabağ münaqişəsinin həllinə deyil, bölgədə Rusiyanın mövqeyinin möhkəmlənməsinə hesablanıb”


Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri başlayıb. Rusiya XİN başçısı öncə İrəvanda həmkarı Nalbandyanla görüşüb. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılıb. Məlumata əsasən görüş zamanı bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub.

Sergey Lavrov deyib ki, görüş zamanı quruma üzv XİN rəhbərlərinin iştirakı ilə Suriya və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanat verilib. Xatırladaq ki, Lavrovun növbəti səfəri Bakıya olacaq. Rusiya rəsmiləri və analitikləri XİN rəhbərinin bölgəyə səfərinin Dağlıq Qarabağ problemi ilə bağlı olduğunu deyirlər. Bu, Rusiya xarici işlər nazirinin "4 günlük” müharibədən sonra Bakı və İrəvana ikinci mühüm səfəri, prezidentlərin Peterburq görüşündən sonra isə ümumən Kremlin Qarabağla bağlı üçüncü diplomatik təşəbbüsüdür. Əksər ekspertlərə görə, budəfəki səfərin arxasındakı əsas motiv ilk növbədə münaqişə zonasında hərbi əməliyyatların bərpasına imkan verməmək, atəşkəsi daha etibarlı etməkdir. Hesab edilir ki, Moskva hazırkı mürəkkəb durumda Azərbaycan və Ermənistan arasında seçim etmək, üstəlik, Türkiyə ilə üz-üzə gəlmək istəmir. Lavrovun səfəri Rusiya-Türkiyə əlaqələrinin normallaşması ilə eyni vaxta düşməsi ilə də diqqət çəkir. İstisna deyil ki, bu amil Dağlıq Qarabağ konflikti ilə bağlı optimal həll yolunun tapılmasına öz pozitiv töhfəsini verəcək. Əsas sual bundan ibarətdir ki, Rusiya diplomatiyasının "ağır topu” sayılan Lavrov bölgəyə konkret nə ilə gəlir və bu səfər Qarabağa nə vəd edir? Bir sıra təhlilçilərin fikrincə, Rusiya Qarabağa dair aralıq həll planı üzərində işləyir və bu planla bağlı münaqişə tərəflərini artıq tanış da edib. Politoloq Rasim Ağayev bildirib ki, Lavrovun İrəvana və Bakıya səfərinin məqsədi Putinin planladığı Qarabağ planını reallaşdırmaqdır: "Bu və ya digər şəkildə plan qəbul olunub. Əslində planda elə bir yenilik yoxdur. Layihə vaxtilə "Kazan formulu” kimi qəbul olunub. Sarkisyan istər-istəməz buna razılaşmalıdır. Əgər Rusiya problemi həll edə bilməsə, yeni böhran yaranacaq. O zaman Rusiyanın rolu azalacaq. Nəticədə Qafqaz başqa qüvvələrin təsiri altına keçəcək”. Politoloq diqqətə çatdırıb ki, hazırda Ermənistan cəmiyyətinin daxilində ciddi mübarizələr gedir: "Ermənistana bir qrup hərbi dələduz hakimlik edir. Belə vəziyyət Ermənistanda ciddi hərbi-siyasi böhrana səbəb olur”. Politoloq Tofiq Abbasov deyib ki, Rusiya öz sərhədləri yaxınlığında dondurulmuş münaqişələrin getdikcə daha təhlükəli olduğunu və həll yolları tapılmazsa, yenidən genişmiqyaslı müharibənin başlayacağını anlayır. Onun sözlərinə görə, son görüşlər problemin həllində diplomatik dinamikaya və status-kvonun saxlanılmasının mümkünsüzlüyünə işarədir: "Vəziyyət köklü surətdə transformasiya olunmalıdır. Təəssüf ki, vasitəçilər xeyli vaxt itkisinə yol verdilər. Münaqişə bölgəsinə daha yaxın olan Rusiya hazırda bu məsələdə təşəbbüsü tamamilə ələ alıb. Moskva fərqindədir ki, ilkin mərhələdə 5, daha sonra 2 rayon mütləq Azərbaycana qaytarılmalıdır. Əgər bu reallaşarsa, mərhələli həll planı özünü doğruldar. Son dəyişikliklər birmənalı şəkildə Azərbaycanın diplomatik uğurudur. Çünki Bakının qəti mövqeyi

tək qarşı tərəfi yox, vasitəçiləri də Qarabağ məsələsinə səthi yanaşmamağa vadar edir”. Politoloq Ərəstun Oruclu isə düşünür ki, Lavrovun səfərləri Qarabağ münaqişəsinin həllinə deyil, bölgədə Rusiyanın mövqeyinin möhkəmlənməsinə hesablanıb. Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin dönüşü fonunda Lavrov Ermənistandakı rusiyameyilli rəhbərliyi inandırmağa çalışacaq ki, bunun Ermənistana ziyanı yoxdur: "Lavrovun Bakıya səfərinin məqsədi isə Azərbaycanı yeni formata daxil etməyə cəhd etməkdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan Putin vurğuladı ki, problem təkbaşına Rusiyanın işi deyil. Doğrudan da bu belədir. Bu münaqişə Minsk Qrupunun müzakirəsindədir. Təbii ki, danışıqlar aparılacaq. Amma əsas məsələ bölgədə təhlükəsizlik və sabitlik mövzusu olacaq”.

İsmayıl