“Lazım gəlsə qaçaram”
İlhamə Quliyeva Avropa Oyunlarına həsr etdiyi klipini təqdim etdi
Azərbaycanın və Dağıstanın Xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyeva ilk Avropa Oyunlarına həsr edilən yeni layihəsini təqdim etdi. "Yaşa İdman Bayramı” adlı layihənin sözləri Baba Vəziroğluna, musiqisi Tahir Əkbərə məxsusdu. Xalq artisti adıçəkilən mahnıya klip də çəkdirib. Bu önəmli layihəni ekranlaşdırmaq isə rejissor Nail Naiboğluya həvalə olunub.
Təqdimat mərasiminə Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər, respublikanın Xalq artisti Faiq Ağayev, Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov və digər tanınmış incəsənət xadimləri, Xalq artistinin şəxsi dostları dəvət olunmuşdu.
Mərasimi jurnalist Tahirə Məmmədqızı idarə edirdi. Qonaqları salamlayan aparıcı Tahirə Məmmədqızı tədbiri açıb. Azərbaycan tarixi bir hadisəyə ev sahibliyi edir. Necə ki, hər il Olimpiya Oyunları qeyd olunanda Yunanıstan xatırlanır, adı çəkilir, eləcə də bundan sonra Avropa Oyunları hər dəfə qeyd ediləndə, ilk əvvəl Azərbaycan adı çəkiləcək. Çünki ilk Avropa Oyunları məhz Azərbaycandan başlayır. Bu tarixdi və bunu dəyişməyə heç kimin gücü yetməz. Bu, Azərbaycanın qələbəsidir. Bu tarixə İlhamə Quliyeva da öz payını vermək istəyib”.
Sonra mərasimin səbəbkarına söz verildi.
İlhamə Quliyeva çıxış edərək 4-cü hakimiyyəti və gələn qonaqları salamladı. Yarım əsrlik ömrünü Azərbaycan mədəniyyətinə həsr etdiyini deyən Xalq artisti "Mən vətənimi, dövlətimi, millətimi sevirəm. Hər zaman dövlətə, millətə sədaqətlə xidmət etmişəm. Amalım bir olub. Heç vaxt amalıma naxələf çıxmamışam. Mən bu millətin əsgəriyəm. Sıravi vətəndaş kimi də, sənətkar olaraq da son nəfəsimə qədər ölkəmin dövlət başçısının yanındayam, millətimin xidmətindəyəm. Tarixi hadisə astanasındayıq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Bu tarixi hadisəyə mən də öz töhfəmi vermək istədim. Və belə bir himn hazırladıq. Mən azərbaycanlı olduğum üçün fəxr edirəm. Açılış mərasimində də iştirak edəcəm. Vətənimə olan borcumu yeninə yetirəcəm. Dövlət başçısı tərəfindən mənə və Azərbaycanın bir neçə böyük sənətkarlarına məsuliyyətli bir missiya həvalə edilib. Biz Avropa Oyunlarını alovlandıraraq məşəli şərəflə aparacağıq. Bəziləri bunun qısqanclığını yaşayır. Çünki onlar belə şərəfə layiq deyillər. Ona görə də məni qısqanırlar. Ürəkləri partlayır. Özlərinə gələ bilmirlər. Həmin insan qabağıma o gün çıxsa, onu məşəllə yandıracam. Amma bu, mənəvi yanğı olacaq. Elə məni məşəl əlimdə görəndə içi yanacaq. Mənim o məşəli daşımağa gücüm də yetir. İnşallah da o məşəli şərəflə daşıyacam. Lazım gəlsə qaçaram, lazım gəlsə yürüyərəm. Amma bir məqamı bəziləri unudur ki, mənim 20 yaşım yoxdu. Mənə öz yaşıma, statusuma yaraşan şəkildə o məşəli aparacam. Mənimlə yanaşı, Xalq artistləri Arif Babayevə, Ağaxan Abdullayevə, Alim Qasımova, Faiq Ağayevə də o məşəli aparmaq şərəfi verilib. Biz bu şərəfli missiyanı layiqincə həyata keçirəcəyik. İnanın, bu mahnı hazır olub, klip ilk dəfə mənə göstəriləndə göz yaşlarımı saxlaya bilmədim. Kövrəldim, çox qürurlandım. Mən azərbaycanlı olduğum üçün şərəf duyuram. İyunun
7-də hamı necə məşəllə yürüdüyümün şahidi olacaq. Deyirlər İlhamə qaça bilməz. Lazım gəlsə qaçaram da, boks da edərəm. Düzdür, qaçmaq mənim yaşıma yaraşmır. Formamı geyinib, çıxacam şəhərə. Bir adam var, əgər qarşıma çıxsa, ona od vurub yandıracam. Mən gündəmdəyəm. Məni həzm edə bilmir. Klipi ilk izləyəndə ağladım. Necə firavan ölkədə yaşayıram, necə mükəmməl Prezidentimiz var. Mən Prezidentimiz İlham Əliyevin idarə etdiyi ölkənin kiçik vətəndaşıyam. Qürur hissi keçirirəm. Bu mahnı Avropa Oyunlarının bir himnidir. Dövlətimizin hər yaxşı gününə münasibət bildirirəm. Çox həyəcanlıyam, çiyinlərimə ağır yükü götürmüşəm. Bəzi kəslər yata bilmirlər ki, məşəli niyə İlhamə xanım daşıyır? Heç kəsin ürəyindən keçməsin ki, məşəli mən daşımamalıyam. Bu dövləti, tariximizi sevirəm. Məşəli sağ əlimə götürəcəm, sol əlimlə insanlara öpücüklər göndərəcəm, istəsəm qaçacam, istəsəm yürüyəcəm. Şayiə yayıblar ki, mən gəzə bilmirəm. Qaça da, yeriyə də bilirəm. Mənim 20 yaşım yoxdur, qaçmaq mənə yaraşmaz. Xanımlığımı hamıya göstərəcəm və yürüyəcəm” söylədi.
Xalq artisti Faiq Ağayev həmkarı İlhamə Quliyevanın klip təqdimatında çıxış etdi: "Həqiqətən düzgün vurğulandı ki, ilk Avropa Oyunları hər dəfə qeyd edildikcə, Azərbaycan adı çəkiləcək. Azərbaycan böyük bir tarixi hadisəyə ev sahibliyi edəcək. Bizi sevməyən mənfurlar, düşmənlərimiz bu qələbəni həzm edə bilmirlər. Ona görə də elə edək ki, bu tarixi ayrışmalarda onların dəyirmanına su tökməyə imkan verməyək, elələrinin fikirlərini mətbuatda dərc etməyək, onlara efirlərdə çıxış etməyə imkan yaratmayaq. Bu, tarixi bir hadisədir. Azərbaycanın bir çox tanınmışları və eləcə də mən bu tarixi hadisələrin iştirakçısı olacağıq. Avropa Oyunlarının məşəlini aparmaq kimi məsuliyyətli missiya mənə də həvalə edilib. Avropa Oyunlarının məşəlini daşımaq mənim üçün də qürurvericidir. İlhamə xanımı bu böyük layihə münasibətilə təbrik edirəm. İlhamə xanımı 4 yaşımdan sevirəm. Hətta onunla evlənmək də istəyirdim. Yarızarafat, yarıgerçək söyləyim ki, ona böyük sevgim və hörmətim var. Bu gün Azərbaycan üçün önəmli bir klip çəkdirib. Müğənnilərimizin istənilən keyfiyyətli məhsulunu alqışlayıram”.
Bir daha qeyd edirik ki, F.Ağayev "Bakı 2015” Avropa Oyunlarının məşəldarlarından biri olacaq: "İyunun 9-da məşəl daşıyacam. Xoşbəxt azərbaycanlılar sırasındayam ki, bu iş mənə də həvalə olunub. Marşrutum İçərişəhərdən başlayır”.
Təqdimat mərasimində Şeyx Əbdül Mahmudbəyov, Baba Vəziroğlu, Tahir Əkbər və digərləri də çıxış edərək layihə ilə bağlı Xalq artisti İlhamə Quliyevanı təbrik etdilər.
Tahirə