
Lənkəranda Nizami Gəncəvinin heykəlini götürüb, tarixi binanı söküblər
Seyran Səxavət: “Belə getsə, tariximizi söküb, mundarlayacaqlar və tərsinə tarix ortalığa qoyacaqlar”Aqşin Yenisey: “Ya bizim abidə deyib sökdüklərimiz sadəcə, köhnə tikililərdir, ya biz onları abidə kimi heç kimə təqdim edə bilməmişik”
Nizami Cəfərov: "Gərək bilək ki, həqiqətən də həmin obyekt kinoteatr kimi istifadə olunurmu?”
Dilavər Əzimli: "Qədimi evlər tarixi abidə sayılmasa belə, bunları sökmək dünya təcrübəsində yoxdur”

Son zamanlar Azərbaycanda tarixi-memarlıq abidələrinin və mədəniyyət ocaqlarının ticarət obyektlərinə çevrilməsi halına çox rast gəlinir. Az qala hər gün dövri mətbuatdan ölkəmizdə tarixi binaların dağıdılıb, yerində iaşə obyekti tikilməsinə dair xəbərlər alırıq. Belə oxşar hadisələrdən biri də Lənkəranda baş verib. Bu barədə redaksiyamıza "GƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Lənkəranda dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan dövlət tərəfindən muhafizəyə götürülmüş "Nizami” kinoteatrı "Neon-111” MMC tərəfindən sökülərək məhv edilib. Və hazırda həmin mədəniyyət ocağının yerində "Neon” şadlıq sarayı inşa edilir. Məlumatda o da vurğulanıb ki, məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova məktub ünvanlanıb. İcra başçısı cavab məktubunda qeyd edib ki, "Nizami” kinoteatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılıb və "Neon-111” MMC tərəfindən satın alınıb. Şübhəsiz ki, bu cür məsələlər ölkə ictimaiyyətində mənfi rezonans doğurur və ciddi etirazlara səbəb olur. Ölkə ziyalıları belə hadisələrə ən kəskin münasibət bildirirlər. Azərbaycan tarixini və mədəniyyətini silib, atmaq istəyənlərə ən ağır cəzalar tələb edirlər. Lakin bu arzuolunmaz tendensiyanın qarşısının alınması müşkülə çevrilib. Ona görə ki, Azərbaycanın tarixi mədəniyyət yuvalarının çayxanalara və ya "moyka”lara çevrilməsinin başında məhz rayon icra hakimləri dayanır. Bu səbəbdən məlum məsələlərlə bağlı etiraz edən şəxslər elə yerindəcə boğulur və proses davamlı hal alır.
Ölkəmizdə tarixi mədəniyyət ocaqlarının sökülməsinin ənənəvi hal aldığını söyləyən görkəmli yazıçımız Seyran Səxavət də söyləyib ki, hələ bir neçə il öncə, İçərişəhərin xeyli hissəsini xaricdən gələnlərə satmışdılar. Mən onda da həddən artıq pis olmuşdum: "Həmin vaxt belə bir fikir bildirdim ki, Azərbaycanın paytaxtı Bakıdırsa, Bakının da paytaxtı İçərişəhərdir. İçərişəhər Azərbaycanın yataq otağıdır. Çox qəzəblə bildirmişəm ki, biz o qədərmi xoşqeyrət olmuşuq ki, xariciləri öz yataq otağımıza buraxırıq. Bu məsələ mənə həmin hadisəni xatırlatdı, yadıma saldı. O vaxt jurnalistlər də yaxşı mənada səs-küy salmışdılar. Amma axırı olmadı. KİV-lər də yazdığına görə bütün Azərbaycan bildi. Bu işlərə görə heç kəsi cəzalandırmadılar . Heç kəsi tənbeh etmədilər. Bu da sonda "yaxşı nümunə və ənənə” oldu. Belə hadisələr yalnız Lənkəranda deyil, respublikanın müxtəlif yerlərində baş verir. Tez-tez saytlarda və qəzetlərdə oxuyuram. Ümumiyyətlə, tarixi binaları, obyektləri söküb yerində kababxana, cızbızxana, çayxana və başqa xanalar tikmək doğru deyil. Bir dəfə deyil, 5 dəfə deyil. Bu, artıq ənənəyə çevrilib. Bu istəkdə olanlar cəzasızlıq mühitindən bir az da ilhama gəlib, coşurlar. Xalq üçün lazım olan işıqlı obyektlərimizi söküb yerində şadlıq sarayları inşa edirlər. Bu, elə-belə məsələ deyil. Mütəmadi davam edir. Bunun qarşısını heç kəs almır”.
Kinoteatrın sökülməsini "Lənkəran hadisəsi” adlandıran yazıçı diqqətə çatdırıb ki, məsələ ilə bağlı əlaqədar qurumlar ciddi məşğul olmalıdırlar: "Buna icazə verəni silmək lazımdır. Yox əgər onu özbaşına dağıdıblarsa, həmin şəxslər ağır cəzalandırılmalıdırlar. Burada vicdan məsələsi önəmli rol oynayır. Belə faktlar çoxdur. Görünür, bizdə xalq olaraq tərsinə yaşamaq ənənəsi meydana gəlib. Tarixi binaları söküb yerində nəysəxanalar tikmək tərsinə yaşamaq deyilsə, bəs nədir? Qəzetlərin, TV-lərin borcudur ki, ziyalılardan buna münasibət öyrənsin. Ziyalılar da ortaya mövqe qoysun. Axı bizim mövqe bildirməkdən başqa əlimizdən heç nə gəlmir. Əlaqədar təşkilatlar bunun qarşısını almaldırlar. Çox pis oldum. Məsələyə dair ziyalı mövqeyi alıb, ortaya qoymaq işin başlanğıcıdır. Axıra qədər getmək lazımdır. Ondan bəlkə bir nəticə çıxar. Yoxsa, gözlərini o cür obyektlərə dikənlər puldan doymurlar. Bu belə davam edəcək. Bir də baxacağıq ki, 50 il öncə gördüyümüz Azərbaycandan əsər-əlamət qalmayıb. Məyus bir şəkildə deyirəm ki, bizdə bununla məşğul olmalı olan idarələr işləri ilə məşğul olsun. Camaat da yazıb, etirazını bildirir. Ayrı neyləmək lazımdır ki? Neyləmək olar? Belə getsə, tariximizi söküb, mundarlayacaqlar və tərsinə tarix ortalığa qoyacaqlar”.
S.Səxavətin sözlərinə görə, Lənkəran cənub bölgəsinin mədəniyyət mərkəzidir: "Lənkəranın böyük ziyalıları, ənənəsi olub. Neyləyək ki, özümüz deyib özümüz eşidirik. Səsimizə səs verən yoxdur. Yəni dəyirman çaxçax məsələsində çaxçax mətbuat, ziyalı baş ağrıdır. Dəyirmanlar, yəni tikintiyə icazə verənlər isə öz bildiklərini edir. Pul olan yerdə nə vətənpərvərlik, nə tarix, nə ərazi, nə çoğrafiya. Təəssüflər olsun, heç nə rol oynamır. Bilmirəm pulu kim kəşf edib. Atom bombasından da təhlükəli bir şeydir, pul. Az qala indi pul hər şeyi həll edir. "Şərq” qəzeti, Seyran Səxavət və jurnalist onların qabağında neyləyə bilər ki? Əgər bizə lap yuxarıdan dəstək olsa, əlbəttə, nəsə etmək olar. Mən indi də məsələnin arxasınca gedərəm. Amma xeyri olmayacaq axı. Bütün dağıdıcı məsələlərin nüvəsi, mənbəyi cəzasızlıq mühitidir”.
Şair-publisist Aqşin Yenisey deyib ki, bir məsələni dəqiqləşdirməliyik: "Biz tarixi bina dedikdə nəyi nəzərdə tuturuq; yaşı çox olan tikililəri, yoxsa hər hansı bir tarixi məqsəd üçün tikilmiş abidələri? Sözsüz ki, abidəni, həm də xalqın öz ruhunu, mənəviyyatını ifadə edən abidələri uçurub yerində restoran tikmək xalqın daş yaddaşına xəyanətdir. Həm də bir həqiqət də var ki, bu gün tarixi turizm deyilən bir sahə var ki, hər cür restorandan çox gəlir gətirir öz ölkəsinə. Ya bizim abidə deyib sökdüklərimiz sadəcə, köhnə tikililərdir, ya biz onları abidə kimi heç kimə təqdim edə bilməmişik. Belə yararsız tarixilikdənsə, insanların dolanışığına kömək edən müasirlik yaxşıdır, məncə”.
Millət vəkili Nizami Cəfərovun fikrincə, öncə məsələnin mahiyyətini öyrənmək lazımdır: "Gərək bilək ki, həqiqətən də həmin obyekt kinoteatr kimi istifadə olunurmu? Məsələn, Bakı şəhərində keçmiş kitab mərkəzi vardı. Hazırda orda kitabdan başqa hər şey satırlar. İndi deyək ki, niyə belə edirsiniz? Demək olmur. Ora işləmədi, kitab alan olmadı, kitaba maraq öldü. Onu da başqa məqsədlər üçün istifadəyə verdilər. Ona görə də, ilk növbədə gərək məsələnin mahiyyətini bilək. Eyni zamanda deyim ki, mədəniyyət obyektləri ticarət obyektlərinə çevrilməli deyil. Amma reallıq da var. Onunla da hesablaşmalıyıq. Hər şeyə konkret olaraq yerində baxıb, məsələnin real və süni olduğunu öyrənmək lazımdır. Hər halda öndə duran məsələ odur ki, mədəniyyət obyektləri ticarət obyektlərinə çevrilməməlidir”.
Tarixçi-alim Dilavər Əzimli də bildirib ki, tarixi abidələr beynəlxalq, respublika və regional əhəmiyyətli olmaları ilə fərqlənirlər: "Eyni zamanda xalqın tarixində rolu olan şəxslərin də yaşadıqları evlər tarixi miras sayılır. Onlara da toxunmaq olmaz. Bir binanın ki, 200-300 ilə qədər yaşı var, bu tarix deyil? Onda belə çıxır ki, bütün miraslarımızı məhv edib, üzərində yeni şəhər salaq. Bir məqamı qeyd edim ki, "Gün keçdi” filmində belə bir epizod var ki, deyir, indi tikdiklərimiz illər sonra tarixi abidə sayılacaq. Xeyr, bu belə deyil. İndiki tikilənlər heç cür tarixi abidə sayıla bilməz. Çünki onların heç forması buna uyğun gəlmir. Düşünürəm ki, bunu edən insanların milli tarixdən anlayışı yoxdur. Əgər olsaydı, bu kimi tarixi abidələri sökməzdilər”.
Tarixçi bildirib ki, qədimi evlər tarixi abidə sayılmasa belə, bunları sökmək dünya təcrübəsində yoxdur: "Avropada qədimi, xüsusi arxitekturası olan evləri müəyyən qədər təmir edib, saxlayırlar. Bu evlərdən adətən film çəkilən zaman istifadə edirlər. Bax indi bizim tariximizə aid film çəkilərsə, bunu harada çəkəcəklər? Bir İçərişəhər var, o da acınacaqlı hala salınıb. Bütün səfirliklərin binalarını keçiriblər tarixi tikililərin arasına. Orada da heç tarix qalmayıb. İçərişəhərdə o zaman söküntüləri dayandırdılar ki, Fransa və Macarıstan səfirliyi öz ölkələrinə müraciət etdilər ki, qoymayın, tarixi dağıdırlar. UNESCO-nun nümayəndələri o zaman gəlib İçərişəhəri bunların əlindən qurtardılar. İçərişəhərdə yerləşən Yunanıstan səfirliyində olduğum zaman orada soruşdum ki, nə üçün bizim tarixi yerimizdə yerləşmisiz. Onlar da dedilər ki, yeri verməzdiz, biz də yerləşməzdik. Mənə dedilər ki, siz gəlib səfirlik üçün qədim Romaya aid bir yer istəsəniz, biz onu vermərik. Tarixə bu cür yanaşmaq lazımdır”.
D.Əzimli onu da diqqətə çatdırıb ki, köhnə binaların daşlarını yonaraq ağartmaq belə doğru deyil: "Bakıda bəzi qədim binaların daşlarını yonurlar ki, guya səliqəli görünsün. Bəyəm 70 il ərzində bu, sovet hökumətinin ağlına gəlmirdi? Daşı yonmaq olar? Həmin daşların hamısı erroziyaya uğrayıb məhv olacaq. Pula hər şeyi satmaq olmaz. Bu işlər dayandırılmalıdır”.
Ayyət Əhməd