“Levon Ter-Petrosyanla dil tapmaq mümkündür”

Elxan Şahinoğlu: “Erməni cəmiyyətinin hansı siyasətçilərə üstünlük verəcəyini zaman göstərəcək”




Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Qarabağa dair bəyanatla çıxış edib. Ohanyan bəyanatına keçmiş prezident Levon Ter-Petrosyanın "Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın inkişafı yoxdur” fikirlərinə münasibət bildirməklə başlayıb. O deyib ki, Ter-Petrosyanın fikirləri fundamental səhvdir:

"Belə mövqe "zərərlidir”, danışıqlarda İrəvanın mövqelərini zəiflədir. Biz Ermənistanın inkişafını istənilən qiymətə, Qarabağın hesabına təmin etməli deyilik. Əksinə, Ermənistanı inkişaf etdirməliyik ki, məhz Qarabağ məsələsini həll edə bilək, bununla da uzunmüddətli sülhə nail olaq”. Lakin Ohanyana görə, Ermənistan doğrudan da öz qonşuları, o cümlədən Azərbaycanla "layiqli sülh formulu” tapmağa borcludur: "İnanıram ki, Qarabağ münaqişəsi sülh yoluyla həll edilə bilər, bu, mümkündür. Biz Azərbaycanla qarşılıqlı razılığa gələ bilərik və bu istiqamətdə işləməliyik. Lakin nə qədər ki, münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırılmır, danışıqlar prosesində irəliləyiş əldə etmək də çətin olacaq”. 

Ohanyanın sözlərini "Şərq”ə şərh edən politoloq Elxan Şahinoğlu Levon Ter-Petrosyanla Seyran Ohanyan arasındakı fərqi izah edib: 


"İki siyasətçi də münaqişənin sülh yolu ilə həllini vacib sayır. Petrosyan deyirdi ki, mərhələli həll planını tətbiq etmək lazımdır. Bunu torpaqlarımızın işğalı zamanı Ermənistana rəhbərlik edən, indiki separatçıları vəzifəyə təyin edən bir şəxs dilə gətirirdi. İndi Seyran Ohanyan da sülhə alternativ olmadığını söyləyir. Amma onun "sülh” baxışı yanlışdır. Ohanyan hesab edir ki, artıq işğal başa çatıb, ermənilər əraziləri zəbt ediblər. Azərbaycan isə bu faktı qəbul etməli və ondan sonra tərəflər arasında "sülh” olmalıdır. Təbii ki, bu, absurd yanaşmadır. Belə məqamda Ermənistanda sadəcə Ter-Petrosyanla dil tapmaq mümkündür. İlkin şərt irəli sürülmədən Dağlıq Qarabağ ətrafı ərazilər boşaldılmalı, qaçqınlar geri qaytarılmalı və Qarabağa status verilməlidir. Bütün qüsurlara rəğmən biz bu variantla razılaşa bilərik. Ohanyan, Sarkisyan, Köçaryanın yer aldığı Qarabağ klanı bunun əleyhinədir. Çünki onlar torpaqlarımızın işğalında birbaşa iştirak ediblər. Erməni cəmiyyətinin hansı siyasətçilərə üstünlük verəcəyini zaman göstərəcək”.

İsmayıl