Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin Ermənistan ərazisində saxlanılması iki ölkə arasında sülh və normallaşma prosesinin davam etdiyi bir vaxtda yeni hüquqi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. Nəsimi Musayevin sərhədi hansı şəraitdə keçməsi, Ermənistan tərəfinin onunla bağlı hansı proseduru tətbiq edəcəyi və hərbçinin Azərbaycana qaytarılıb-qaytarılmayacağı ilə məsələlər əsas müzakirə predmetidir.
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan hərbçisinin Azərbaycana ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı suala konkret cavab verməməsi də məsələnin ətrafında yaranan qeyri-müəyyənliyi artırıb. Paşinyan yalnız oktyabrın 8-də brifinq keçirəcəyini bildirib. Təkrar sualdan sonra da baş nazir hər hansı açıqlama verməyib. Qeyd edək ki, Azərbaycan tərəfinin açıqladığı məlumata görə, Nəsimi Musayev sentyabrın 26-da Laçın rayonu istiqamətində yerləşən hərbi hissədə xidmət etdiyi yerdə olmayıb. Onun yerinin müəyyənləşdirilməsi üçün axtarış tədbirlərinə başlanılıb. Aparılan tədbirlər nəticəsində hərbçinin Ermənistan ərazisində olduğu və yerli aidiyyəti qurumlar tərəfindən saxlanıldığı müəyyən edilib. Azərbaycan Baş Prokurorluğu hadisənin hallarının araşdırıldığını, Hərbi Prokurorluqda cinayət işi başlanıldığını və istintaqın davam etdiyini açıqlayıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı hərbçinin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Bununla yanaşı, onun Ermənistanda saxlanılması və hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında təmaslar davam etdirilir.
Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev Sherg.az-a bildirib ki, bir dövlətin hərbi qulluqçusunun digər dövlətin nəzarətində olan əraziyə keçməsi beynəlxalq humanitar hüquq, beynəlxalq insan hüquqları hüququ və dövlətlərarası sərhəd rejimi qaydaları çərçivəsində tənzimlənir. Hüquqşünasın sözlərinə görə, bu cür hallarda şəxsin hüquqi statusunun və onun geri qaytarılma (repatriasiya/təhvil verilmə) mexanizminin müəyyənləşdirilməsi bir neçə əsas beynəlxalq hüquqi meyardan asılıdır: 
“İlk növbədə hərbi qulluqçunun hüquqi statusu müəyyənləşdirilməlidir. Beynəlxalq hüquq və praktikada belə halların qiymətləndirilməsi zamanı bir neçə əsas meyar nəzərə alınır. Birinci meyar sərhəd keçidinin xarakteridir. Hərbi qulluqçu sərhədi təsadüfən, məsələn, duman, ərazi relyefi və ya koordinasiya itkisi səbəbindən keçibsə, bu hal adətən sərhəd insidenti və ya humanitar məsələ kimi qiymətləndirilir. Belə hallarda tərəflər arasında birbaşa əlaqələr və ya BQXQ kimi vasitəçilərin iştirakı ilə şəxsin qısa müddətdə geri qaytarılması praktikası mövcuddur. Əgər sərhəd keçidi qəsdən və şüurlu şəkildə, məsələn, hərbi hissəni özbaşına tərk etmə və ya fərarilik məqsədilə baş veribsə, məsələ artıq yalnız hərbi-inzibati çərçivədə qalmır. Bu halda siyasi-hüquqi və sığınacaq hüququ ilə bağlı məsələlər də gündəmə gələ bilər.
Digər mühüm amil hərbi qulluqçunun üzərində silah və sursatın olub-olmamasıdır. Şəxsin silahlı və ya silahsız olması onun qarşı tərəf üçün təhlükə yaradıb-yaratmadığının, eləcə də hər hansı təxribat məqsədinin olub-olmadığının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Bundan başqa, cinayət tərkibinin olub-olmaması da araşdırılır. Hərbi qulluqçunun qarşı tərəfin ərazisində və ya öz xidmət yerini tərk edərkən qətl, təxribat, hərbi sirrin yayılması və digər ağır cinayətlər törədib-törətmədiyi müəyyənləşdirilməlidir. Əgər qarşı tərəfin ərazisində cinayət törədilibsə, saxlayan dövlət öz daxili qanunvericiliyinə və yurisdiksiyasına uyğun tədbirlər görə bilər.
Nəhayət, şəxsin öz iradəsi mühüm əhəmiyyət daşıyır. Onun Azərbaycana qayıtmaq istəyib-istəməməsi, yaxud Ermənistanda və ya üçüncü ölkədə sığınacaq tələb edib-etməməsi məsələnin hüquqi qiymətləndirilməsinə birbaşa təsir göstərə bilər.
Bu səbəbdən Azərbaycan hərbçisinin Ermənistanda saxlanılması ilə bağlı yekun hüquqi qiymət vermək üçün onun sərhədi hansı şəraitdə keçdiyi, silahlı olub-olmadığı, hər hansı cinayət törədib-törətmədiyi və geri qayıtmaq istəyinin olub-olmadığı dəqiqləşdirilməlidir”.
Ə. Allahverdiyev bildirib ki, hadisənin konkret hallarından və sərhəd keçidinin məqsədindən asılı olaraq, hərbi qulluqçu müxtəlif hüquqi statuslarda qiymətləndirilə bilər:
“Birinci ehtimal hərbi əsir statusudur. 1949-cu il III Cenevrə Konvensiyasına əsasən, beynəlxalq silahlı münaqişə tərəflərinin silahlı qüvvələrinin üzvləri düşmən tərəfin əlinə keçdikdə, müəyyən şərtlər daxilində hərbi əsir statusu əldə edə bilərlər. Lakin aktiv hərbi əməliyyatların aparılmadığı və atəşkəs şəraitində sərhədi qəsdən keçərək qarşı tərəfə sığınan və ya hərbi hissəsini özbaşına tərk edən şəxsin hərbi əsir hesab edilib-edilməməsi ayrıca hüquqi qiymətləndirmə tələb edir. Bununla belə, şəxsin humanist rəftar, işgəncədən qorunma və ləyaqətinin təmin edilməsi kimi fundamental hüquqları qorunmalıdır. Müvafiq hallarda BQXQ-nin prosesə cəlb olunması da mümkündür.
Digər isə şəxsin sərhəd qanunvericiliyini pozan şəxs kimi qiymətləndirilməsidir. Əgər hərbi qulluqçunun keçidi qanunsuz sərhədkeçmə kimi müəyyən edilərsə, onu saxlayan dövlət öz daxili qanunvericiliyinə əsasən inzibati və ya cinayət məsuliyyəti məsələsini gündəmə gətirə bilər.
Əgər hərbi qulluqçu qarşı tərəfə keçdikdən sonra öz ölkəsinə qayıtmaq istəmədiyini bildirərək siyasi sığınacaq və ya beynəlxalq müdafiə tələb edərsə, məsələ artıq sığınacaq və qaçqın hüququ çərçivəsində araşdırılmalıdır. Bu zaman 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiyanın müddəaları və şəxsin geri qaytarılması ilə bağlı beynəlxalq hüquq prinsipləri nəzərə alınır. Bu baxımdan, konkret hüquqi statusun müəyyənləşdirilməsi üçün ilk növbədə hərbi qulluqçunun sərhədi hansı şəraitdə və hansı məqsədlə keçdiyi, onun geri qayıtmaq iradəsi və hər hansı cinayət əməlinin olub-olmaması dəqiqləşdirilməlidir”.
Ekspert qeyd edib ki, dövlətlər arasında fərari və ya sərhədi keçmiş hərbi qulluqçunun təhvil verilməsi məsələsində bir sıra beynəlxalq hüquq prinsipləri nəzərə alınır:
“İlk növbədə ekstradisiya məsələsi önə çıxır. Əgər iki dövlət arasında ekstradisiya və ya qarşılıqlı hüquqi yardım haqqında müvafiq müqavilə yoxdursa, şəxsin bir dövlət tərəfindən digərinə təhvil verilməsi, bir qayda olaraq, avtomatik hüquqi öhdəlik yaratmır. Belə hallarda qərar dövlətin daxili qanunvericiliyi, beynəlxalq öhdəlikləri və siyasi iradəsi çərçivəsində qəbul edilə bilər. Digər mühüm məsələ hərbi xarakterli əməllərə görə ekstradisiyanın məhdudlaşdırılmasıdır. Beynəlxalq ekstradisiya praktikasında sırf hərbi xarakter daşıyan əməllər – məsələn, fərarilik, xidmət yerini özbaşına tərk etmə və hərbi intizam qaydalarının pozulması – bir çox hallarda ekstradisiya predmeti hesab edilmir. Lakin konkret hal şəxsin başqa, xüsusilə ağır cinayətlər törətməsi ilə bağlıdırsa, hüquqi qiymətləndirmə fərqli ola bilər. “Non-refoulement”, yəni geri qaytarmama prinsipi də əsas hüquqi təminatlardan biridir. Bu prinsipə əsasən, şəxsin geri qaytarılacağı ölkədə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla üzləşməsi və ya ciddi hüquq pozuntusu təhlükəsi olduğu halda, onun məcburi şəkildə geri göndərilməsi yolverilməzdir. Bu prinsip, xüsusilə BMT-nin İşgəncələrə qarşı Konvensiyasının 3-cü maddəsi çərçivəsində mühüm hüquqi təminatdır”.
Ə. Allahverdiyev əlavə edib ki, şəxsin iradəsi də prosesin qiymətləndirilməsində əhəmiyyət daşıyır:
“Xüsusilə BQXQ-nin iştirakı ilə həyata keçirilən humanitar qaytarılma və repatriasiya proseslərində şəxsin öz ölkəsinə qayıtmaq istəyinin müəyyənləşdirilməsi mühüm elementdir. Bununla belə, şəxsin razılığı məsələsi konkret hüquqi statusdan və tətbiq olunan beynəlxalq hüquq normalarından asılı olaraq qiymətləndirilir və bütün hallarda mütləq şərt kimi qəbul edilə bilməz. Beləliklə, hərbi qulluqçunun Azərbaycana qaytarılması məsələsində yalnız onun sərhədi keçməsi faktı deyil, keçidin məqsədi, hüquqi statusu, törətdiyi iddia olunan əməllər, şəxsin öz iradəsi və onun geri qaytarılması zamanı üzləşə biləcəyi risklər birlikdə nəzərə alınmalıdır”.