İran hakimiyyətində “günah keçisi” oyunu: Bu dəfə Əraqçı hədəfdədir

  • ABŞ ilə danışıqların yükü onun üzərinə atılır. Əraqçıya qarşı kampaniya Tehran hakimiyyətinin daxili çatını göstərir

İranın xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı layihə parlamentdə qeydə alınıb. İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidinin sözlərinə görə, deputatlardan biri nazirin impiçmenti ilə bağlı təşəbbüsü qeydiyyata alıb. Lakin layihə hələlik parlamentin rəyasət heyətinə təqdim edilməyib.

Qeyd edək ki, Abbas Əraqçinin adı BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı ABŞ tərəfi ilə təmasları ilə bağlı müzakirələr fonunda gündəmə gəlib. İran mediasının yaydığı məlumatlara görə, xarici işlər naziri ABŞ tərəfi ilə vasitəçilər üzərindən icazəsiz danışıqlar aparmaqda ittiham olunur.

İran parlamentində impiçment təşəbbüsünün bundan sonra hansı mərhələyə keçəcəyi və layihənin rəyasət heyətinə təqdim olunub-olunmayacağı hələ məlum deyil.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran nümayəndə heyyətinin ABŞ-nin Nyu-York şəhərində BMT-nin sammitində iştirakı, orada keçirdiyi müxtəlif görüşlər, həmçinin ABŞ rəsmiləri ilə baş tutan təmaslar Tehran hakimiyyətində qalmaqalla müşahidə olunur: 

“Buna oxşar hadisələr əvvələr də baş verib. Mahmud Əhmədinejadın, Məhəmmd Xatəminin, Həsən Ruhanin prezidentliyi dönəmində də oxşar hadisələr olub. Məhəmməd Cavad Zərif Amerika ilə danışıqlara görə ittiham olunub. Hətta vətən xaini belə adlandırılıb. Manuçöhr Mottaki Afrikada səfərdə ikən vəzifədən kənarlaşdırmışdılar. O, 2005-2010-cu illərdə Mahmud Əhmədinejadın dövründə İranın xarici işlər naziri olub. Manuçöhr Misirdə, Şarm-əəş-Şeyxdə keçirilən toplantıda ABŞ-nin o vaxtkı dövlət katibi Raysla salamlaşdığına görə vəzifəsindən kənarlaşdırılmışdı. Yəni İran siyasi elitası üçün belə hadisələr, impicmentlər qeyri-adi deyil. Bu hakimiyyətdə həmişə günah keçisi axtarılır. Belə çıxır ki, ABŞ ilə İran arasında danışıqların baş tutmamasının, yaxud ABŞ-nin İranla razılaşmamasının əsl səbəbkarı Abbas Əraqçıdır. Bu cəfəngiyyat və kökündən yanlış olan bir məsələdir. Çünki Abbas Əraqçı da, prezident Məsud Pezeşkian da İranın ABŞ-yə yönəli xarici siyasi kursunun icraçıları və sözçüləridir. Məsud Pezeşkian istəsə belə, Donald Tramp ilə görüşə bilməz. Çünki İranda Ali Rəhbər var və o Ali Rəhbərin icazəsi, razılığı, xeyir-duası olmadan o bu addımı ata bilməz. Eləcə də çıxışlar, görüşlər və s. hamısı əvvəlcədən ölkədə hazırlanmış tezislər əsasında reallaşır”.

Analitik qeyd edib ki, Abbas Əraqçı istəsə belə, ABŞ-nin nümayəndələri ilə icazəsiz danışa bilməz:

“Ona bunun səlahiyyəti də yoxdur. Digər tərəfdən, belə görüşlər öncədən planlaşdırılır. İkinci bir tərəfdən, Abbas Əraqçının Nyu-Yorkda bir müddət əlavə qaldığı bildirilir və guya ABŞ-nin dediyinə görə onu Nyu-Yorkdan çıxarıblar. Və Əraqçının Nyu-Yorkda qalması da konkret hakimiyyətin sifarişi və istəyi ilə həyata keçib. Çünki ABŞ nümayəndələri İranla heç bir kontakt, təmas saxlamaq istəmir. Ona görə də İran tərəfi vəziyyətdən çıxış yolu kimi Abbas Əraqçıya qarşı qarayaxma kampaniyası aparır. Abbas Əraqçıya qarşı aparılan kampaniya ilk deyil, daha doğrusu, İran hökuməti ilə nazirlərə qarşı addımlar həmişə atılır. Məsələn, bir neçə gün öncə İranın Neft Naziri istefaya göndərildi. Belə fikirlər söylənilir ki, İranda hökumətin 25%-i istefaya göndərilməlidir. O cümlədən Abbas Əraqçı da tutduğu vəzifə və adı daha çox müxtəlif danışıqlarda hallandığına görə diqqət mərkəzindədir. Ona qarşı impiçment kimi alətdən istifadə olunması da ənənəvi üsullardandır. Bu, həm də Tehran hakimiyyəti daxilində fikir, mövqe ayrılıqlarının olduğunu, vahid liderin və avtoritar figurun olmadığını göstərir”.