Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə “Hava limanlarında ehtimal olunan fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə məşq keçirilib.

Nazirlikdən Sherg.az-a verilən məlumata görə, məşqin məqsədi hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.

Məşqdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunan yanğınsöndürmə və xilasetmə heyətləri, tibb personalı və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə nazirliklərinin, hava limanında fəaliyyət göstərən digər qurumların qüvvələri iştirak ediblər.

Plana uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib, fəaliyyət ardıcıllığı müəyyənləşdirilərək idarəetmə məntəqəsinə daxil olan məlumatlara uyğun olaraq qarşılıqlı əlaqə və fəaliyyətin koordinasiyası təşkil edilib.

Daha sonra hava limanının və Muxtar Respublikanın müvafiq qurumları həyəcan siqnalı ilə qaldırılaraq hava limanı ərazisində baş verən şərti yanğın hadisəsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, sərnişinlərin və yüklərin təhlükəsiz təxliyəsi, aviasiya qəzası şəraitində fövqəladə vəziyyətin idarə olunması və aradan qaldırılması, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi və digər təcili təxirəsalınmaz fəaliyyətlər icra olunub.

Şərti yoluxucu xəstəliklər zamanı hava limanında karantin tədbirləri həyata keçirilib, sərnişinlər qeydiyyata alınıb və təxliyə olunub.

Simulyasiya edilmiş əməliyyatlar zamanı bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.

6 tədris nöqtəsində, 320 nəfər şəxsi heyətin, 43 müxtəlif təyinatlı texnikanın cəlb olunduğu məşqin yekunda əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Məşq, fövqəladə hallara hazırlığın və əlaqələndirilmiş fəaliyyətin real sınağı olmaqla yanaşı, iştirakçı qurumlar arasında əməliyyat sinxronizasiyasının təkmilləşdirilməsinə mühüm töhfə verib.