Liderlər arasında münasibətlər güclənir

Rusiya və Azərbaycan prezidentlərinin görüşü ikitərəfli əlaqələrin inkişafına fayda verəcək


Xəbər verdiyimiz kimi, iyul ayının 22-sində Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında görüş keçirilib. Görüşdə liderlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri, eyni zamanda ikitərəfli münasibətləri müzakirə ediblər. Söhbət zamanı beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr fonunda dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. Rusiya Prezidenti Putin görüşün mövcud regional problemlərin həllinə yardım edəcəyini söyləyib: "Sizinlə görüşüb həm ikitərəfli münasibətlərimiz, həm də bölgədəki vəziyyət barədə danışmaqdan məmnunam. Vəziyyət mürəkkəbdir və ümid edirəm ki, bugünkü görüşümüz bütün mürəkkəb problemlərin həlli yollarını axtarmağımıza yardım edəcək. Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Bizim gələcək üçün çoxlu birgə planlarımız və böyük həcmli işlərimiz var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam”.
Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərinin uğurla inkişaf etdiyini deyib: "Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var”. Azərbaycan Prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki, ikitərəfli münasibətlərə və regionun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var.
Əksər ekspertlərə görə, bu görüşün özü iki ölkə və onun liderləri arasında münasibətlərin xarakterini, etimadlılığını təsdiqləyir. Görüşün daha bir səciyyəvi cəhəti mühüm beynəlxalq və regional problemlər, ikitərəfli münasibətlər məsələləri üzrə mövqelərin dəqiqləşdirilməsi idi. Bunu Soçi görüşünün əvvəlində dövlət başçılarının bəyanatları da təsdiqlədi. Tərəflər nümayiş etdirdilər ki, onların həm iki ölkə arasında gələcək münasibətlərin qurulması planında, həm də regionda yaranmış vəziyyət kontekstində müzakirə edilməli xeyli mövzuları var.

Pezidentlərin Soçi görüşü bir daha nümayiş etdirdi ki, iki ölkəni öz səviyyəsinə görə hər hansı formal müttəfiqlik münasibətlərindən xeyli üstün olan və konkret məzmun kəsb edən strateji tərəfdaşlıq əlaqələri bağlayır. Yalnız strateji tərəfdaşlar bütün mürəkkəb məsələləri və problemləri açıq müzakirə edib, onların həlli yollarını birlikdə axtara, beynəlxalq problemlərin aktual aspektlərinə dair məsləhətləşmələr apara bilərlər. Bundan əlavə, bu görüş Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın inkişafından narahat olan, onlara ziyan vurmağa cəhd edən bəzi regional qüvvələrə tutarlı cavab oldu. Göstərdi ki, məkirli qüvvələrin səyləri əbəsdir və öz hədəfinə yetişməyəcək. Bu, ikitərəfli münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivləri, dövlət başçıları arasında qarşılıqlı etimad və dostluq ilə şərtlənir. Görüş nümayiş etdirdi ki, Rusiya-Azərbaycan əlaqələri sağlam təməl üzərində qurulub və hər iki tərəf əlaqələri daha da möhkəmləndirməyə və dərinləşdirməyə səy göstərirlər. Onlar ortaya çıxan bütün məsələləri konstruktiv və xeyirxah məcrada həll etmək üçün yetərli siyasi iradəyə malikdirlər. Rəsmi informasiyadan göründüyü kimi, iki dövlət başçısının danışıqlarında başlıca mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi idi. Bu da təbiidir. Danışıqlar prosesini pozmağa və təhlükəli status-kvonu saxlamağa çalışan Ermənistanın daimi provokasiyaları səbəbindən münaqişə zonasında vəziyyət gərgin olaraq qalır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçilik səylərində mühüm rol oynayır və həll yollarını tapmağa ən çox maraq göstərən tərəflərdən biridir. Çünki söhbət onun sərhədlərinin bilavasitə yaxınlığında təhlükəsizlikdən gedir. İyulun əvvəlində münaqişə zonasında müşahidə olunan və iki azərbaycanlı dinc vətəndaşın həlak olması ilə nəticələnən yeni gərginlikdən sonra Rusiya liderinin yaranmış vəziyyəti məhz birinci olaraq Azərbaycan Prezidenti ilə müzakirə etməsi də çox mətləbdən xəbər verir. Putinin iki ölkənin gələcək üçün çoxlu planları olması barədə bəyanatını siyasi, iqtisadi və humanitar sahələrdə yeni layihə və təşəbbüslərin anonsu kimi qiymətləndirmək olar. Bu isə bütün sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafına yeni impuls verəcək.

Millət vəkili Cavanşir Feyziyev deyib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşü ikitərəfli münasibətlərin inkişafına fayda verəcək. Deputatın sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təşkil olunmuş Minsk Qrupunun əhəmiyyətli həmsədr ölkəsidir, regionda əsas güc sahibidir və Azərbaycan üçün mühüm tərəfdaşdır: "Bölgədəki münaqişələrin həlli istiqamətində Rusiya ilə daimi məsləhətləşmələr aparmaq olduqca əhəmiyyətlidir. Eyni zamanda Rusiya özünü Sovet İttifaqının varisi hesab edir və bu səbəbdən kökü SSRİ dövrünə gedib çıxan münaqişələrin həllində də məsuliyyət daşıyır. Hesab edirəm ki, Rusiya əgər bu münaqişələrin həlli istiqamətində əhəmiyyətli addımlar atmaq istəsə, bölgədəki problemlər qısa vaxtda həllini tapar”. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə müstəqil qonşuluq siyasəti aparır: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, ən böyük qonşusudur. Hesab edirəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək”.
Beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə də bildirib ki, Soçi görüşü göstərdi ki, prezidentlər arasında olan səmimi münasibət güclüdür və onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım deyil:

"Rusiyanın dövlət başçısına Azərbaycan Prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir. Son aylar Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlər ortaya çıxdı. Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərinin korlanması üçün göstərdikləri bütün səyləri heçə endirə bilər. Hətta prezidentlərin görüşündə vurğulandı ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri, yəni Ermənistanı və beynəlxalq dairələri narahat edib və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilib. Ancaq münasibətlərin xarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib. Çox maraqlı vəziyyət yaranıb. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması ilə bağlı bəyanatları nədənsə, yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinə şərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhz Azərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və ya reaksiya yoxdur. "İskəndər” raketlərinin Ermənistana verilməsi ilə bağlı şərhləri də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç bir açıqlama olmayıb. Ona görə də raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçün verildiyi müəmmalıdır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycan münasibətləri korlansın”. 

İ.Vəlizadənin sözlərinə görə, buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onun intensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, Rusiya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşı, ölkəmizdə qeyri-neft sektoruna sərmayə qoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub” nəqliyyat dəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmir yol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər. Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə, Ermənistana maraq azalır. Rusiya sərmayələri Ermənistana yox, Azərbaycana axır. Düzdür, bütün bunlarla yanaşı, son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdə müəmma hiss olunurdu. Məhz bu səbəbdən də Prezidentlər Soçidə görüşməklə sözügedən məsələlərə aydınlıq gətirib, onlarla bağlı qərar qəbul etdilər”.

İsmayıl