“Həmsədr dövlətlərin iki rəhbərinin bölgəyə səfəri önəmli hadisədir”
Son bir neçə gündür dünya liderlərinin Cənubi Qafqaz bölgəsinə səfərləri mediada geniş müzakirə olunur. Fransa prezidenti Fransua Ollandın Ermənistana və arxasınca Azərbaycana planlaşdırdığı səfər, həmçinin, eyni gündə Rusiya prezidenti Vladimir Putinin Ermənistana gəlməsi diqqət mərkəzindədir.
Təbii ki, səfərlərin əsas məqsədi qondarma erməni soyqırımının yüz illik yubileyi ilə bağlıdır. Ancaq şübhə yoxdur ki, tərəflərin görüşündə başqa məsələlər, xüsusən Dağlıq Qarabağ münaqişəsi açıq və ya gizli formada müzakirə olunacaq. Görüşlərin Azərbaycana müsbət və ya mənfi nəsə vəd edəcəyini isə zaman göstərəcək.
Dünya liderlərinin regiona planlaşdırdığı səfərləri dəyərləndirən siyasi icmalçı Arzu Nağıyev "Şərq”ə verdiyi açıqlamada Fransa və Rusiya prezidentlərinin bölgəyə səfərini müəyyən mənada təqdirəlayiq hal kimi qiymətləndirib: "Düzdür, hər iki dövlət başçısı 24 aprel qondarma erməni soyqırımı ilə bağlı Ermənistanda təşkil edilən tədbirə qatılacaqlar. Əslində bu, gözlənilən idi. Çünki Fransa daima ermənilərin siyasi tərəfdaşı olub, Rusiya isə regionda ermənilərin dəstəkçisidir. Şübhəsiz ki, Azərbaycanı maraqlandıran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. ATƏT-in Minsk Qrupunun bu məsələnin həlli ilə birbaşa məşğul olduğunu nəzərə alsaq, qrupa daxil olan dörd dövlətin ikisinin rəhbərinin regiona səfəri önəmli hadisədir. Nəticəsindən asılı olmayaraq, səfərlər Azərbaycana heç bir mənfi təsir edə bilməz. Çünki Azərbaycan öz qərarını verib və dəfələrlə bəyanatlar səsləndirib. Eyni zamanda Azərbaycan sülh sazişinə də razılığını verib, ancaq ərazi bütövlüyünün qorunub saxlanması və erməni işğalçılarının ərazilərimizdən çıxması şərti əsasdır”.
Politoloq hesab edir ki, regionda bü münaqişənin 20 ilə yaxın bir vaxtda həllini tapmaması əlbəttə ki, birinci növbədə Rusiyanı düşündürməlidir: "Yəqin ki, Rusiya artıq ciddi düşünür. Məhz buna görə də, məsələ ilə bağlı Putinin Azərbaycan Prezidenti İlham Əliyev və erməni rəhbəri Serj Sarkisyanla görüşündə fikir mübadiləsi aparılacaq. Heç kimə sirr deyil ki, Rusiyanın münaqişənin həllində müstəsna rolu ola bilər. Çünki Putinin Sarkisyana təsir mexanizmi daha çoxdur və bu rıçaqlardan istifadə etmək vaxtı artıq çatıb. Əks təqdirdə, münaqişənin həllinin uzanması Rusiyanın imicinə ancaq mənfi təsir edəcək. Bu isə hazırkı durumda arzuolunmazdır”.
İsmayıl