Lift işləmir, sakinlər pillələri qalxa-qalxa zülm ayaqlayır

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1«a» nömrəli yaşayış binasının sakinləri təhlükə ilə üz-üzədir. 11 mərtəbəli bina «R+R» MTK tərəfindən inşa edilib. Bina inşa edilərkən 2 liftin – həm sərnişin, həm də yük liftinin olacağı bildirilib və sakinlərə təqdim olunan müqavilə şərtlərində də bu qeyd olunub. Binanın inşası davam etdiyi vaxt köhnə lift quraşdırılıb. Sakinlər etiraz etdikdə tikinti şirkətinin rəhbərliyi bildirib ki, köhnə lift fəhlələrin istifadəsi üçün müvəqqəti quraşdırılıb. Binada təmir işləri başa çatdıqdan sonra yük lifti də yeni, müasir liftlə əvəzlənəcək. Amma nəinki köhnə lift yenisi ilə əvəzlənib, sərnişin lifti ümumiyyətlə quraşdırılmayıb. 
Sərnişin liftinin boş qalmış şaxtası hazırda bəzi sakinlər üçün anbar rolunu oynayır. Sakinlərdən bəzisi «cəld» tərpənib öz mərtəbələrindəki boş şaxtanı «özəlləşdiriblər». Köhnə yük liftini isə kosmetik təmir edib, «gözdən pərdə asıblar». Neçə ildir sakinlər həmin köhnə yük liftindən istifadə edir. Lift də tez-tez xarab olur. Yuxarı mərtəbələrdə yaşayanlar pillələri qalxa-qalxa, zülm ayaqlayır. Sakinlər kimə və hara müraciət edəcəklərini bilmir.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev «Şərq»ə açıqlamasında bu problemin paytaxtdakı bir çox binalar üçün xarakterik olduğunu dedi:
- Problemi həll etməyin 2 qaydası var. O binada həqiqətən də liftin şaxtası anbar kimi istifadə olunursa, bu, arxitektura şərtlərinin kobud şəkildə pozulmasıdır. Bu, həm də birbaşa sakinlərin təhlükəsizliyinə təhdiddir. Həm də təhlükəsizlik qaydaları pozulub. Binaların qəza çıxışları mütləq olmalıdır. Sakinlər Arxitektura və Şəhərsalma Komitəsinə müraciət etməlidir. 
Həmçinin, Fövqəladə Hallar Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Respublika Prokurorluğuna da müraciət etsinlər. Binaların tikintisinə icazə verilərkən inşaat pasportu təsdiqlənir. İnşaat pasportunda binanın neçə mərtəbədən ibarət olacağından tutmuş, hansı inşaat materiallarından istifadə ediləcəyinə qədər, o cümlədən də liftlər barədə məlumatlar qeyd olunur. 
Qayda budur ki, 9 mərtəbəli binada 1 lift mütləq olmalıdır, mərtəbələrin sayı artdıqca liftlərin də sayı artır. 9 mərtəbədən artıq binalarda 2 lift, 12 mərtəbədən artıq binalarda isə 3 lift olmalıdır. Bu şərtlər sakinlərə təqdim olunan müqavilələrdə əksini tapır. 
Problem bundadır ki, bir çox yerlərdə vətəndaşlar binanın təhvil alınmasını gözləmədən köçürlər, yaşamağa başlayırlar. Çox güman ki, haqqında danışdığınız bina heç bir qurum tərəfindən təhvil alınmayıb. Çünki liftsiz binanı hansısa qurum yaşayış üçün uyğun hesab edib təhvil-təslim aktını imzalamaz.
Ona görə də mən təklif edirəm ki, sakinlər yubanmadan qeyd etdiyim ünvanlara məktubla müraciət etsinlər. Həm də məhkəmə iddiası qaldırsınlar.  Məhkəmə həmin MTK-nı tapıb istintaqa cəlb edəcək.
Ə.Nuriyev qeyd etdi ki, paytaxtda təhvil alınmamış binalar çoxdur:
- Nizami rayonu ərazisində 10 ildir tikilmiş bina var, hələ də təhvil alınmayıb. Sadəcə, orada mənzil alanlar bir qədər imkanlı, başqa yerdə evi olanlardır, buna görə də köçməyə tələsmirlər, gözləyirlər, hər şey qaydasına düşsün, sonra mənzildən istifadə etsinlər. Amma başqa yerlərdə, başqa şərtlər altında yaşayan insanlarımız da var ki, yeni mənzilə köçmək məcburiyyətində qalırlar və MTK-ların müqavilə şərtlərinə nə dərəcədə əməl edib-etmədiyinə məhəl qoymurlar. Sonra da belə problemlər ortaya çıxır. Bununla belə, məsələnin hüquqi yolla həlli vardır.
Məlahət Rzayeva