O, Qarabağa səfər etməklə Dostoyevskinin siyasi missiyasını davam etdirərək, bundan da öz populyarlığı üçün pay almaq istəyir
Limonov Rusiyada ziddiyyətli şəxs kimi tanınır
Kitabları açıq-saçıq söyüşlər və şovinist çağırışlarla doludur
O, Qarabağa səfər etməklə Dostoyevskinin siyasi missiyasını davam etdirərək, bundan da öz populyarlığı üçün pay almaq istəyir
O, Qarabağa səfər etməklə Dostoyevskinin siyasi missiyasını davam etdirərək, bundan da öz populyarlığı üçün pay almaq istəyir
Azərbaycanın işğal altındakı ərazilərinə Rusiyadan daha bir qalmaqallı ictimai fiqur, qatı millətçi və fəaliyyəti qadağan olunmuş bir sıra təşkilatlar yaratmış yazıçı Eduard Limonov səfər edib. Limonov Qarabağa təxminən bir həftəlik gəlib. Məqsədi isə özünün dediyi kimi, "türklərə qarşı nifrətini” büruzə verməkdir:
"Məsələ çox sadədir - mənim antitürk mövqeyim. Rusiyanın Türkiyəyə dair siyasətini yanlış hesab edirəm. Bu barədə mənim tərəfimdən çoxsaylı məqalələr yazılıb. Bu məqalələrə müxtəlif adamlar reaksiya verdilər və mənimlə əlaqə saxladılar, Ermənistana dəvət etdilər. Mən türklərə heç vaxt etibar etməmişəm. Rusiya tarixi bizi məcbur edir ki, onlara şübhə ilə yanaşaq”. Xatırladaq ki, Limonov vaxtilə Balkanlarda serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı törədilən soyqırımlarda fəal iştirak edib. Ermənilərin ekstremist Limonovun anti-türk mövqeyindən istifadə edib onu Azərbaycanın işğal altındakı ərazilərinə gətirməsi, şübhəsiz ki, təbliğat məqsədinə xidmət edir. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya yazıçısı və siyasətçisi Limonovun rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi barədə xəbəri araşdırır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Limonovun Qarabağda olması haqda informasiya erməni tərəfində yayılıb. Ancaq çox keçmədən xəbər yığışdırılıb. Bununla belə, Xarici İşlər Nazirliyindən bildiriblər ki, Limonovun Azərbaycan ərazisində qanunsuz olması faktı təsdiqini taparsa, onun adının "arzu edilməyən şəxslərin siyahısı”na daxil edilməsinə mane olmayacaq.
Şair Aqşin Yenisey "Şərq”ə açıqlamasında bildirib ki, rusların Dağlıq Qarabağ "sevdasının” səbəbləri dərin və tarixidir:
"Çar I Nikolay özünü dünya ortodokslarının hamisi elan etdikdən və Qüdsü ortodoksların paytaxtına çevirmək istədikdən sonra da bu səbəblər həm də dini və siyasi məzmun aldı. Rusların Qüdsə gedən yolunun üstündə o vaxt Osmanlı imperiyası durmuşdu və I Nikolay Osmanlı ortodokslarını, başda ermənilər olmaqla, müsəlman türklərdən xilas etmək üçün 1853-cü ildə adı tarixə "Krım müharibəsi” kimi düşən müharibəyə başladı. Lakin Avropa krallarının köməkliyi ilə birillik müharibədə yenildi. Əvəzində Osmanlıda yaşayan erməniləri xilas etmək üçün onları çar Rusiyasının torpaqlarına, konkret olaraq Qafqaza, indiki Ermənistan ərazisinə, türklərin yaşadığı ərazilərə köçürdü. Siyasi publisistikada bu ortodoksçuluq propaqandasını başda Dostoyevski olmaqla bir çox rus yazıçısı aparıb. Limonov onların sonbeşiyidir. Limonov təkcə siyasi baxışları ilə deyil, yaradıcılığı, xarakteri, hətta cinsi kimliyi ilə də Rusiyada ziddiyyətli şəxs kimi tanınır. Kitabları açıq-saçıq söyüşlər və şovinist çağırışlarla doludur. "Skenxed” qafalı bir adamdır. Putin elitasının da sevmədiyi şəxsdir. Həyatı populyarlığa xidmət edən qalmaqallarla zəngindir. Məncə, o, Qarabağa səfər etməklə Dostoyevskinin siyasi missiyasını davam etdirərək, bundan da öz populyarlığı üçün pay almaq istəyir. Çünki Rusiyadakı bütün başdanxarablar indi onu alqışlayacaqlar. Onu Həmid Herisçiyə tapşırıram, qoy ona şiə türklərinin gücünü göstərsin”.
Məsələ ilə bağlı "Şərq” danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib ki, 2008-ci ildə təmsil etdiyi partiya "İşğal altındakı Azərbaycan əraziləri” adlı qanun layihəsi hazırlayıb. Həmin layihədə problemlə bağlı müasir mexanizmlər öz əksini tapıb:
"Azərbaycanın işğal altındakı torpaqlarına səfər edən, separatçı rejimlə əməkdaşlığı sürdürən şirkətlərə və şəxslərə qarşı hüquqi mexanizmlər tətbiq edilməlidir. Məsələni sadəcə XİN-in "qara siyahı”sı ilə həll etmək doğru və mümkün deyil. Prosesin hüquqi bazasını hazırlamaq və bu müstəvidə ciddi şəkildə addımlar atmaq lazımdır. Nəticənin nə olub-olmamasından asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə hüquqi statusla bağlı yanaşmanın vaxtı çoxdan çatıb”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Şərq”ə deyib ki, Azərbaycan tərəfi Rusiyadan konkret tələb etməlidir ki, Moskva hökuməti rusları xəbərdar edərək onları Qarabağa getməkdən vaz keçirməlidir:
"Bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur. Biz hər dəfə məsələni qabardırıq, ancaq Moskva prosesin üstündən gözübağlı keçməyə çalışır. Bəlkə də Rusiyada elə mərkəzlər var ki, onlar bilərəkdən rusların Qarabağa gəlişinə şərait yaradırlar. Bunda maraqlı olurlar. Əvvəlcə rus milyarder Sterlikov Dağlıq Qarabağa getdi və orada təsərrüfat yaratdığını söylədi, başqa qanunsuz əməllər törətdi. İndi həmin proses davam etməkdədir. Hesab edirəm ki, bizim etirazımızla yanaşı, Rusiya XİN öz vətəndaşlarına xəbərdarlıq etməlidir. Xarici praktikada da belədir. Əgər hansısa ərazidə müharibə gedirsə, hərbi toqquşmalar yaşanırsa, o bölgələrə səfər etmək məsləhət görülmür, hətta qadağan edilir”.
İsmayıl