Litva ayrı-seçkilik edir

Ermənilər “Xaçkar” qoyursa, biz də Xocalı abidəsi ucaltmalıyıq



Litvada Azərbaycan icmasının nümayəndələri ilə şəhər məmurları arasında qalmaqal yaşanıb. Hadisə Litvanın liman şəhəri olan Klaypedada baş verib.

Şəhər məmurları və deputatlar azərbaycanlılara Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə qoyulmasını qadağan ediblər.
Onların fikrincə, Xocalı faciəsinin Klaypeda şəhəri ilə heç bir əlaqəsi yoxdur. Klaypeda liman şəhəridir, odur ki, burada dənizlə, bu şəhərin əhalisi və burada baş verən hadisələrlə bağlı heykəl qoyula bilər. Şəhər şurasının deputatı Vyaçeslav Titov şəhərdə abidə qoyulmasına qarşı çıxıb: "Dünyada o qədər faciələr baş verib ki... İndi biz onların hamısına Klaypedada heykəl qoymalıyıq? Bir icmaya icazə versək, digər icmalar da müraciət edə bilər. Mən hesab edirəm ki, bu şəhərdə yalnız şəhərin özünə və sakinlərinə aid hər hansı bir heykəl qoyula bilər”.

"Litva şəhər hakimiyyəti ikili standartlar siyasəti aparır”

Maraqlıdır ki, bu şəhərdə ötən il erməni icmasının vəsaiti hesabına "erməni soyqırımı”nın yüz illik yubileyi münasibəti ilə "Xaçkar” adlı abidə qoyulmağına icazə verilib. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu hadisədən sonra qəzəbləniblər və şəhər hakimiyyətini ikili standartlar siyasətində ittiham ediblər. Onların bu fikri ilə hətta şəhər meri Vitautas Qrublyauskas da həmrəy olub.

Şəhər rəhbəri bəyan edib ki, deputatların azərbaycanlılara faciələri ilə bağlı rəsmi abidə qoyulmasını qadağan etmələri düzgün deyil. Çünki onlar bir il öncə bu hüququ ermənilərə veriblər.

"Xəbərimiz yoxdur...”

Azərbaycanın Litvadakı səfirliyindən isə məsələdən xəbərdar olmadıqlarını bildiriblər. Səfirin müşaviri Vüqar İbrahimov deyib ki, onlar tez-tez Klaypeda şəhərində yaşayan azərbaycanlı icma nümayəndələri ilə əlaqə saxlayırlar, lakin orada baş verən qalmaqal haqda heç nə eşitməyiblər: "Biz adı çəkilən şəhərdə azərbaycanlıların abidə qoymaq istəkləri haqda eşitməmişik. Bu barədə ümumiyyətlə xəbərimiz yoxdur. Məsələni araşdırmağa çalışacağıq”. Xatırladaq ki, Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən hesab olunur.

İsmayıl