“London taksisi” ölümlə məzələndi, indi yoxa çıxıb

Bu qanunsuzluq və özbaşınalıqdır, həmin sürücü mütləq cəzalandırılmalıdır






Paytaxt yollarında əcaib-qəraib hallar tez-tez baş verir. Nəinki bahalı avtomobillər, hətta avtobuslar da "ralli” yarışına çıxır, sərnişinlər avtobusun qapılarından sallanır, hər cür təhlükə gözardı edilir. Budəfəki görüntülər isə "qatı açılmamış yenilik”dir, necə deyərlər, "xoruz banı eşitməmiş” haldır.

Avtosfer.az saytı "London taksisi” ilə ölüm rəqsi” videosunu yayıb. Videodan görünür ki, "rolik” (diyircəkli ayaqqabı) sürən bir gənc "London taksisi”nin sürücüsündən onu üzüyuxarı "aparmasını” xahiş edir. Sürücü də ona icazə verir. Gənc maşının pəncərəsindən yapışıb yoxuşu qalxır. Taksi "Niyazi” küçəsindən "İstiqlaliyyət” küçəsinə burulanda isə gənc büdrəyir və yıxılmaq təhlükəsi yaranır.

Hadisə axşam saatlarında vaqe olub. Və "London taksisi”nin arxasınca hərəkət edən avtomobildə əyləşmiş adam tərəfindən çəkilib.

Videonu göndərən Rasim adlı sürücü bildirib ki, həmin gəncin iki dəfə yıxılma təhlükəsi yaranıb, lakin o, inadla taksidən əl çəkməyib.

Nəqliyyat məsələlri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sözügedən video ilə tanış olduğunu dedi:

- Mən də o videoya baxmışam. Bu, həm qanunsuzluqdur, həm də özbaşınalıq. Taksi sürücüsü qətiyyən buna yol verməməliydi. Minik avtomobili hərəkətdədirsə, salonundan kənar sərnişin apara bilməz. Videodan görünür ki, taksidə yedək vasitəsi yoxdur. Məlumdur ki, bəzi avtomobillərdə yedək vasitələri olur. Avtomobillərin əsas korpusundan əlavə arxasına yedək birləşdirilir. Məsələn, xarab olan avtomobili də bəzən yedəyə qoşub çəkirlər. Amma bu taksi yedək deyil. Avtomobilin pəncərəsindən və ya qapısından yapışıb hərəkət etmək qanuna ziddir. Bunlar filmə çəkilmirlər, kaskadyor deyillər ki, maşının pəncərəsindən yapışıb hərəkət etsinlər. Bunlar çox təhlükəli, riskli hərəkətlərdir. Həm də başqalarının təhlükəsizliyini də təhdid edir. Həmin taksi "rolikli” gənc səbəbindən yolda qəza da törədə bilərdi, o gənc də ağır xəsarət alardı. Bəlkə hələ başqa avtomobillərin də qəza törətməsinə, səki ilə hərəkət edən piyadaların da xəsarət almasına səbəb olardı. Tutalım, o gənc sürücüdən bunu xahiş edib, gəncdir, təhlükənin nə dərəcədə böyük ola biləcəyini ehtimal etmir, bəs sürücüyə nə gəlib? Şüurlu insan belə hərəkətə yol verməməlidir.

Ə.Hüseynov taksi sürücüsünün mütləq cəzalanmalı olduğu fikrindədir:

- Burada aşkar qayda pozuntusu var. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəzalanmalıdır. Videoda taksinin dövlət nömrə nişanı görünmür. Amma bəllidir ki, paytaxtın avtomobil yollarının demək olar 90 faizində müşahidə kameraları quraşdırılıb. Xüsusən də şəhərin mərkəzi hissələrində belə kameralar lap çoxdur. Videoda taksinin nömrəsi aydın görünmürsə də, güclü meqapikselli kameralar var ki, onların köməyi ilə taksinin dövlət nömrə nişanını seçmək asandır. Həmin sürücünün şəxsiyyəti müəyyənləşməli və o, inzibati qaydada cərimə edilməlidir. Həmin gənc də cəriməyə cəlb oluna bilər. Yolun hərəkət hissəsində qayda pozuntusu etdiyinə və ictimai təhlükə yaratdığına görə. Bu hərəkət kobud qanun pozuntusu ilə müşayiət olunan özfəaliyyət və özbaşınalıqdır.

Ə.Hüseynov bu kimi təhlükəli halların tez-tez təkrarlandığını da bildirdi:

- Bəzən filmlərdə uşaqların yük maşınlarının arxasından, tramvayların qapısından sallandığı, hətta trolleybus naqillərindən yapışıb onunla birgə hərəkət etdiklərini görmüşük. Bunlar hamısı, təbii ki, təhlükəli əyləncələrdir. İndi də diyircəkli konkilər, skeytlər (skate) dəbdir. Heç kim gənclərə qadağa qoya bilməz ki, bunu sürmə. Amma qayda-qanuna da fikir verilməlidir. Bir də görürsən, parkda camaat istirahət etdiyi, gəzişdiyi yerdə birisi skeyt sürür. Başqalarına mane olur. Və yaxud, motosikletçi avtomobillərin əhatəsindən sürətlə irəli şığıyır. Səkiyə keçir, piyadalara təhlükə yaradır. İstər minik vasitəsi olsun, istərsə də hərəkət edən bir əyləncə vasitəsi, onlar üçün ayrılmış xüsusi zolaqlarla hərəkət etməlidirlər. Düzdür, hazırda bizdə skeytlər, konkilər üçün xüsusi zolaqlar yoxdur, amma imkan daxilində hər kəs çalışmalıdır ki, başqasını narahat etməsin, kiməsə təhlükə yaratmasın. Parklarda, bulvarda konki, skeyt sürənlər də əhalinin sıx olmadığı yerlərlə hərəkət etməlidirlər. Bu cür vasitələrlə yolun hərəkət hissəsinə çıxmaq isə, ümumiyyətlə, qanun pozuntusudur.

Məlahət Rzayeva