“Maksimum sayda qızıl medal qazanmalıyıq”

Fərid Mansurov: “Tək güləş deyil, bütün idman növləri üzrə var gücümüzlə iştirak etməliyik”



"Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq”

Azərbaycanın bütün sahələrdə inkişaf siyasəti bu gün də müvəffəqiyyətlə davam etdirilir. Ölkəmiz hazırda dünyada böyük nüfuza, söz sahibinə və idman mərkəzlərindən birinə çevrilib. Bu gün yurdumuz dünyanın ən möhtəşəm yarış və tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin bu sahədə qoyduğu uğurlu irs bütün idman növləri üzrə beynəlxalq federasiyaların diqqətini cəlb edir və onlar Dünya, Avropa Çempionatlarının, beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinə can atırlar.

Bu ilin iyun ayında isə ölkəmiz daha bir tarixə imza atacaq. Tarixdə ilk dəfə olaraq baş tutacaq I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu isə Azərbaycanın sürətlə artan nüfuzundan xəbər verir. Bütün bunları nəzərə alıb, Olimpiya və ikiqat Dünya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərid Mansurovun da oyunlarla əlaqədar münasibətini öyrəndik. O, "Şərq”ə açıqlamasında söylədi ki, bu mötəbər yarışın Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Komitə üzvünün sözlərinə görə, ölkəmizdə təşkil olunan Avropa, Dünya Çempionatları silsilə xarakter daşıyır: "Xalqımız bu cür yarışların keçirilməsinə artıq alışıb. Sözsüz ki, bu cür mötəbər yarışlar ölkəmizə böyük imic qazandırıb. Respublikamızda idmanın müxtəlif növləri üzrə Dünya və Avropa Çempionatları keçirilir. Bu tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın böyük yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, mövcud idman infrastrukturu ilk Avropa Oyunlarının ölkəmizdə təşkilinə zəmin yaradıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, xalqımızın böyük uğurudur”.

F.Mansurov diqqətə çatdırıb ki, iyunun 12-dən 28-dək bütün dünyanın diqqəti Azərbaycana yönələcək: "Biz də bu yarışlara çox ciddi hazırlaşır, məsuliyyətimizi dərk edirik. Doğma divarlar idmançılara kömək etsə də, məsuliyyəti daha da artırır. Azərbaycan Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı böyük rəqəmdir. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq. Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Paytaxtımızda ilk Avropa Oyunlarının məşəli alovlandırıldı. Məşəl Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq, Oyunların açılış mərasimində isə Bakı Olimpiya Stadionuna gətiriləcək”.

Sabiq güləşçi hesab edir ki, ilk Avropa Oyunlarının Bakıda təşkili qarşımızda böyük imtahan və məsuliyyətdir: "Qitə Oyunlarına Təşkilat Komitəsi tərəfindən ciddi hazırlıq işləri aparılır. Paytaxtın müxtəlif yerlərində yeni infrastruktur layihələri həyata keçirilir. Artıq idman obyektləri idmançıları qəbul etməyə hazırdır. Müəyyən idman növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan müvəqqəti idman obyektləri də quraşdırılır. Bu işlər planlı şəkildə həyata keçirilir. Avropa Oyunlarında iştirak edəcək könüllülərin hazırlığı ilə bağlı müxtəlif tədbirlər görülür. Proqrama daxil olan ayrı-ayrı idman növləri üzrə ölkənin idman federasiyalarında yarışlara hazırlıq prosesi davam etdirilir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili vacib amillərdəndir. Bu mərasimlərin daha yaddaqalan və möhtəşəm olması üçün Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Bir sözlə, ölkəmizdə I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir”.

Həmsöhbətimizin qənaətincə, Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq: "Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. Oyunların təşkili paytaxtımızın infrastrukturuna müsbət təsir göstərəcək, ölkədə turizmin inkişafına böyük təkan verəcək. Avropa Oyunları ilə bağlı nəqliyyat sistemi, infrastruktur müasirləşdirilir. Görülən işlər bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Məsələn, oyunlara dair yaradılmış təhlükəsizlik və nəqliyyat sistemindən sonralar da istifadə ediləcək. İlk Avropa Oyunları Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlara uyğun tikilən idman obyektlərindən xalqımız istifadə edəcək. Bundan başqa, oyunlar respublikada digər sahələrin inkişafına da böyük təkan verəcək”.

F.Mansurov qeyd edib ki, xalqımız güləşçilərimizin mötəbər yarışlarda yüksək nəticələr göstərməsinə bir növ adət edib: "Təbii ki, paytaxtımızın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarında digər idman növlərində çıxış edəcək atletlərimizlə yanaşı, güləşçilərimizin də üzərinə böyük məsuliyyət düşür. Pəhləvanlarımızın qarşısına qoyulan əsas hədəf Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmaq, mükafatçılar sırasında yer almaqdır. Bu istiqamətdə Azərbaycan Güləş Federasiyası tərəfindən də əhəmiyyətli işlər görülür. Yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə yığma komandamızın üzvləri Avropa Oyunlarına ciddi şəkildə hazırlaşırlar. Onların yüksək səviyyədə hazırlaşmaları üçün federasiya rəhbərliyi tərəfindən hərtərəfli şərait yaradılıb. Bir müddət əvvəl Heydər Əliyev adına İdman Arenasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirildi. Bu yarış həm də

Avropa Oyunlarına sınaq xarakteri daşıyırdı. Komandamız həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında birinci oldu. Ümid edirəm ki, pəhləvanlarımız ilk Avropa Oyunlarında da yüksək səviyyədə çıxış edərək medal kolleksiyalarının sayını daha da artıracaqlar”.

F.Mansurov bəyan edib ki, Azərbaycan hər növdə və hər çəki dərəcəsində bir idmançı ilə təmsil olunacaq. Bu da 24 idmançının iştirakı deməkdir: "Tək güləş deyil, bütün idman növləri üzrə var gücümüzlə iştirak etməliyik. Maksimum sayda qızıl medal qazanmalıyıq. Qızıl medal nə qədər çox olsa, himnimiz daha çox səslənər və bayrağımız da bir o qədər yüksəklərə qaldırılar. Bunu yarışlarda iştirak edəcək hər bir federasiya yaxşı dərk edir”.

Olimpiya çempionu onu da əlavə edib ki, bu mötəbər marafonun Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: "Bakı-2015” ilk Avropa Oyunlarına qatılan idmançıların Bakını gəzmək, şəhərimizin gözəlliyini seyr etmək, azərbaycanlıların qonaqpərvərliyini şəxsən görmək imkanları olacaq. Onlar özləri şahid olacaqlar ki, doğrudan da, Azərbaycan dostluğun, qardaşlığın ünvanıdır. Son 10 ildə ölkəmizdə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib, idmançılarımıza, eləcə də, idmanı özünün peşəkar fəaliyyəti kimi seçən gənclərə gözəl perspektivlər və imkanlar yaradılıb”.

Ayyət Əhməd