"Manat bazasının həcmini Mərkəzi Bank müəyyənləşdirir"




"Dolların bahalaşmasına və manatın ucuzlaşmasına təsir edən faktorların qiymətləndirilməsinə ehtiyac var”.

Bunu Sherg.az-a manatın taleyi barədə danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Mərkəzi Bank sədri manatın ilin sonuna qədər ucuzlaşmayacağı haqqında açıqlamaları ona görə yayıb ki, manat bazası kiçilib:

"Manatın ümumdaxili məhsuldakı payı 13 faizdən azdır. Ümumi manat bazası 6,8 milyarddan, 6,5 milyarda yaxınlaşır. Bu ilin birinci yarısında 600 milyon manat əskinas dövriyyədən çıxarılıb. Manat hazırda az olduğuna görə, dollara tələbat azalıb. Eyni zamanda xarici ticarət balansında da idxalın azalması müşahidə edilir. İxrac isə son 6 aydır stabil olaraq saxlanır. Azərbaycanın ixrac potensialının 88 faizini neft məhsulları təşkil etdiyinə görə, ixracın stabilləşməsi özünü göstərir. Bu baxımdan Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşməsində çox önəmlidir.

Liberal məzənnə siyasəti olmasına baxmayaraq, hərraclar vasitəsilə manatın məzənnəsi müəyyənləşir, amma etiraf etməliyik ki, manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bankın ciddi təsirləri var. Manat bazasının həcmini birbaşa Mərkəzi Bank müəyyənləşdirir. Eyni zamanda hərraclarda dolların həcminin müəyyənləşdirilməsində də qurumun rolu birincidir. Buna görə, təbii ki, manatın məzənnəsində Mərkəzi Bankın hansı mövqe tutacağı çox önəmli olacaq. Dollar o halda yenidən möhkəmlənə bilər ki, manat bazası genişlənsin. 

Azərbaycan ümumdaxili məhsulun həcmində manatın faizinə görə, ən aşağı mövqe tutan ölkələrdən biridir. Bu da birbaşa dollara olan tələbin tənzimlənməsi məqsədi ilə həyata keçirilir. Ona görə də manat bazası dəyişərsə, iş adamlarının vəsaitlərini banklardan çıxarması ilə bağlı qadağalar aradan qalxarsa, dolların məzənnəsinə təsir göstərə bilər. Amma Mərkəzi Bank manat bazasının məhdudlaşdırılmasını davam etdirsə, manat olmadığı üçün dollara tələbat da az olacaq. Növbəti dövrdə manatın məzənnəsinin müəyyənləşməsi birbaşa Mərkəzi Bankın atacağı addımlarla müəyyənləşəcək”.

Ayyət Əhməd