İranla “altılıq” razılaşması, neftin qiymətini daha da ucuzlaşdıracaq
Son zamanlar ölkəmizdə bank sektorunun ciddi şəkildə çökəcəyinə dair söz-söhbətlər dolaşır. Hətta bu günlərdə "EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi və "Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi qərarı həmin fikirlərin sübutu kimi yozulur. Bundan başqa, İranla "altılıq” arasında razılaşmanın əldə olunması Azərbaycan neftinin ucuzlaşacağı və bunun fonunda manatın növbəti dəfə devalvasiyaya məruz qalacağı fikirlərini gündəmə gətirib.
İddiaları nəzərə alıb, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. O, "Şərq”ə açıqlamasında qeyd etdi ki, ölkəmizdə ən problemli sahələrdən biri bank sektorudur. Onun sözlərinə görə, Azərbaycanda bank sistemini iki hissəyə ayırmaq olar: "Ayaq üstə möhkəm dayana bilən təqribən 10-15 bank var ki, onların fəaliyyəti kifayət qədər geniş sahələri əhatə edir. Amma elə banklar mövcuddur ki, onlar xaricdən götürdükləri kreditlərin qaytarılmaması ucbatından ağır maliyyə durumu ilə üzləşib.
Ekspertin qənaətincə, manatın devalvasiyasından sonra bank sistemində ciddi stresslər yaşanır: "Kiçik və orta bankların böyük bir hissəsi xaricdən ucuz valyuta alır, onu ölkə daxilində daha böyük faizlə satırdılar. Amma devalvasiyadan sonra xarici valyutanın bahalaşması prosesi baş verdi. Mərkəzi Bankın (MB) son qərarı da bunu təsdiqlədi. Bir bankın lisenziyası əlindən alındı. Digərinin isə idarəetməsini MB öz üzərinə götürdü. Bu onu göstərir ki, bank sistemində problemlər mövcuddur və onun həllinə nail olmaq üçün ciddi addımlar atılmalıdır”.
Bank faizlərinin yüksək olmasına gəlincə, N.Cəfərli bunu bir neçə səbəblə izah edib: "Əsas səbəblərdən biri bank sistemində rəqabət mühitinin istənilən səviyyədə olmamasıdır. Bunun da səbəbi odur ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanın bank sistemində iri xarici banklar birbaşa iştirak edə bilmir. MB daxili bazarı qorumaq adı ilə bunun qarşısını alıb. Lisenziyalar vermir. Amma illər keçdikcə yerli banklar rəqabətə davam gətirən həddə gəlib çatmadılar. Gürcüstan, Rusiya və Türkiyədə xarici kapitalı olan banklar birbaşa iştirak edirlər deyə bu ölkələrin pul bazarında rəqabət mühiti yarandı. Məsələn, Gürcüstanda fəaliyyət göstərən fransız və alman bankları 4-5, bəzən 6 faizlə avtomobil kreditləri verir. İpoteka kreditləri də təxminən bu səviyyələrdədir. Lakin ölkəmizdəki avtomobil və kommersiya kreditlərinin faizləri Gürcüstandan 2-3 dəfə çoxdur. İkinci səbəb isə MB-nin uçot dərəcəsidir ki, son dövrlərdə müəyyən addımlar atıldı. MB bu yöndə öz uçot dərəcəsini 3.5 dən 3 faizə saldı. Bir sözlə, faizlərin aşağı salınması üçün rəqabət mühiti yaradılmalıdır. Təəssüf ki, hələ bunun əksini görürük. Son dövrlərdə manatla verilən kreditlərin faizlərində müəyyən dərəcədə artım müşahidə olunur. Bu da bankların özünü sığortalamaq cəhdidir. Çünki geri qaytarılmayan kreditlərin həcmi kəskin şəkildə artıb. Yəni hazırda bankların çox qazanca ehtiyacı var. Ona görə də faizləri yuxarı qoyurlar. Amma rəqabətlilik mühiti artsa, xarici bankların ölkəyə girməsinə imkan yaradılsa, MB öz uçot dərəcəsini bir az da aşağı salsa və bankların kredit imkanları genişləndirilsə, faiz dərəcələri aşağı enə bilər”.
Manatın yenidən devalvasiyaya uğrama ehtimalından söz açan müsahibimiz vurğulayıb ki, MB-nin rəhbəri və maliyyə naziri bu sualla bağlı dəfələrlə fikir açıqlayıblar: "Onların düşüncələri ilə razılaşmaq olar. Hər ikisi də qeyd edib ki, Azərbaycan manatına ən böyük basqı neftin qiymətləri ilə əlaqədardır. Yaxın gələcəkdə neftin qiyməti düşərsə, manata basqılar artacaq. Təəssüf ki, Azərbaycan neftinin qiyməti də ötən aylarda 68-69 dollara qalxsa da, indi 56 dollara qədər enib. İranla "altılıq” arasındakı bugünkü anlaşmadan sonra neftin qiymətində növbəti azalmaların olacağı ehtimalı çox yüksəkdir. Təbii ki, neftin qiyməti uzun zaman aşağı səviyyədə qalsa, Azərbaycanın gəlirlərində azalmalar müşahidə olunacaq. Çünki ölkəmiz hələ də neftdən ciddi şəkildə asılıdır. Keçən ilin birinci 6 ayı ilə, bu ilin ilk altı ayını müqayisə etsək, Azərbaycanın neft gəlirlərinin təqribən 4 milyard 85 milyon azaldığını görəcəyik. Düşünürəm ki, uzun zaman neftin qiyməti aşağı səviyyədə qalarsa, MB məcbur qalıb, manatın kursunu ucuzlaşdıra bilər. Bununla yanaşı, fevral ayında baş verən 35 faiz devalvasiyanı gözləmirəm. Çox güman ki, MB belə addım atmayacaq”.
Ayyət Əhməd