"Manatın ucuzlaşması gözlənilmir, çünki..." - PROQNOZ

Fuad İbrahimov: "Neftin qiyməti hazırda stabildir və idxal, ixrac əməliyyatlarının balansını saxlaya bilirik"
"Mövcud durumda manatın ucuzlaşması gözlənilmir”.
Bu barədə "Sherg.az”a ölkəmizdə xarici valyutanın bahalaşması və bunun fonunda milli valyutanın növbəti dəfə dəyərdən düşəcəyinə dair ehtimalları şərh edərkən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib. 
O qeyd edib ki, iqtisadiyyatın neftdən asılı olması manatın ucuzlaşmasına imkan vermir:
"Çünki neftin qiyməti hazırda stabildir və idxal, ixrac əməliyyatlarının balansını saxlaya bilirik. Amma bu o demək deyil ki, iqtisadiyyatımızda sağlamlaşma tamdır. Qəflətən neftin qiyməti 20-30 faiz aşağı düşərsə, iqtisadiyyatımızda çətinliklər yaşaya bilərik. Bu zaman iqtisadi tarazlığı saxlamaq üçün Mərkəzi Bank (MB) valyuta siyasətini yumşaldacaqdır.
Manat ucuzlaşdığı halda dərhal istehlak olunan məhsulların qiymətində bahalaşma baş verəcək. Bu isə cəmiyyətdə narazılıqla qarşılanacaq.
Azərbaycan iqtisadiyyatı həcm etibarı ilə qonşu ölkələrdən fərqlənir. Ümumi məsələləri, iqtisadiyyatımızın tələb etdiyi nüansları nəzərə aldığımıza görə, milli valyutanın məzənnəsini saxlaya bilirik. Amma qeyd etdiyim kimi, risklər hər zaman mövcuddur”.
Aysel Aslan