“Bundan yaxşı nə ola bilər ki? Dövlət öz qayğısını vətəndaşlarından əsirgəmir”
Yataqxana və pansionatlarda məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək
Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları) yaşayan məcburi köçkünlərin fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülməsinədək onların istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarına görə bütün haqlar 2017-ci il 1 yanvar tarixinədək dövlət hesabına ödəniləcək.
Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixindən 20 manat məbləğində müəyyən edilir.
Dövlət başçısının Sərəncamı ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərlə bağlı ən kiçik detalları belə diqqətdə saxlayır:
"Qaçqın və məcburi köçkünlər hər zaman onların lehinə dəyişikliklərin, yeniliklərin olacağını, müavinətlərin veriləcəyini gözləyir və heç vaxt öz gözləntilərində yanılmırlar. Əlbəttə, sonuncu dəyişiklik bütün qaçqın və məcburi köçkünlər tərəfindən çox rəğbətlə qarşılanır, alqışlanır. Bundan yaxşı nə ola bilər ki? Dövlət öz qayğısını vətəndaşlarından əsirgəmir. Bu da Prezident tərəfindən atılmış növbəti humanist addımdır və biz çox razılıqla qarşılayırıq.
Prezidentimiz sağ olsun, var olsun! Hamımız ona minnətdarıq. Bilirsiz, bəzi hallarda müəyyən məsələlərin mahiyyəti kimlərsə tərəfindən Prezident qarşısında doğru formada qaldırılmır. O zaman müəyyən anlaşılmazlıq yaranır. Amma cənab Prezident anlaşılmaz durumlara şəxsən müdaxilə edir və prosesləri öz nəzarətində saxlayır. Məsələ dərindən öyrənildikdən sonra dövlət başçısı qaçqın və məcburi köçkünlərin mənafeyinə uyğun Sərəncamlar verir. Mən Dağlıq Qarabağdan olan məcburi köçkünləri təmsil edən millət vəkili kimi hamının adından Cənab Prezidentə öz təşəkkürümü bildirirəm”.
İsmayıl