Media çox vaxt təqsirsizlik prezumpsiyasını pozur

Monitorinqin nəticələri göstərir ki, kriminal xəbərlərdə bu hal tez-tez təkrarlanır



Həyatın bütün sahələrində insanların öz hüquqlarını bilməsi vacibdir. Amma bir sıra peşələr var ki, bu sahədə hüquqi biliklərin olması gündəlik iş şəraitinin tələbidir. Jurnalistika da məhz belə sahələrdən biridir. Bu peşə sahibləri işlərində hüquqi problemləri olan vətəndaşlarla tez-tez işləyirlər. Amma bu sahədə peşəkarlıq ürəkaçan səviyyədə deyil. Belə ki, telekanallarda, saytlarda və qəzetlərdə kriminal xəbərlərin təqdim olunmasında bəzi problemlər var. Hüquqi terminologiyadan düzgün istifadə olunmaması çox zaman insanların konstitusion hüquqlarının pozulmasına səbəb olur.

Öncə başlayaq Ali Qanunumuz olan Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasından: "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır”.

Ancaq Azərbaycanda verilən kriminal xəbərlərdə baş verən hadisə haqqında məlumat verilir və hadisəni konkret şəxsin törətdiyi qeyd edilir. Beləliklə də hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi tamaşaçılara, geniş ictimaiyyətə fakt kimi təqdim olunur.

Məsələn, "Filankəs qonşusu filankəsi güllələyib”. Bir çox hallarda isə hüquq-mühafizə orqanlarının əməkdaşları müxbirin dediyini təsdiqləyir, şübhəli şəxsin hadisəni törətdiyini etiraf edir. Buna baxmayaraq, istintaq bitmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı olmadan şəxsin cinayət törətdiyini demək Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası ilə kəskin ziddiyyət təşkil edir.

Ali Qanunun bu maddəsi konkret olaraq şəxslərə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan "cinayətkar” deyilməsini qadağan etsə də, bəzən bu kimi ifadələrə də yol verilir. Yəni "hadisəni törətməkdə şübhəli bilinən” və ya "təqsirləndirilən şəxs” ifadəsi əvəzinə, "cinayətkar” ifadələri də işlədilir və hadisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyi halda bu şəxslər cinayətkar kimi təqdim olunurlar. Digər bir problem isə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin qolu qandallı, polisin müşayiəti ilə aparılmasının televiziyalar vasitəsilə göstərilməsidir. Bu səhnə həmin şəxs haqqında təhlükəli cinayətkar obrazı yaradır. Halbuki istintaq başa çatmadan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hadisəni həmin şəxsin törədib-törətməməsi məlum deyil və istintaq nəticəsində hadisəni tamam başqa bir şəxsin törətməsi də ortaya çıxa bilər.

Qeyd edək ki, Mülki Cəmiyyətə Doğru Mərkəzi "KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi: nəticələr və tövsiyələr” mövzusunda "dəyirmi masa” keçirib.

"Dəyirmi masa” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində gerçəkləşib. Tədbirin məqsədi və layihə haqqında məlumat verən Mülki Cəmiyyətə Doğru Mərkəzin direktoru Abil Bayramov bildirib ki, layihənin məqsədi televiziyalarda, yazılı mətbuatda, xəbər portallarında və digər kütləvi informasiya vasitələrində təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunmasını təmin etmək üçün maarifçiliyin genişləndirilməsidir. Layihə çərçivəsində təqsirsizlik prezumpsiyası ilə bağlı maarifləndirici kitabça hazırlanıb, təqsirsizlik prezumpsiyasına əməl olunması vəziyyəti ilə bağlı kütləvi informasiya vasitələrinin monitorinqi aparılıb, monitorinqin nəticələri əsasında hesabat və tövsiyə sənədi hazırlanıb.

Sonra media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli monitorinqin nəticələrini təqdim edib. O qeyd edib ki, monitorinq zamanı beynəlxalq praktikanın müəyyən etdiyi standartlar da yaxından incələnib, xüsusilə Avropa Məhkəməsinin praktikası yaxından öyrənilərək, hadisələrin qiymətləndirməsində bu təcrübədən istifadə edilib.

Monitorinqdə əsas baza sənədlərindən biri kimi Azərbaycan Mətbuat Şurasının 2003-cü il mart ayında qəbul etdiyi "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” götürülüb. Azərbaycan Mətbuat Şurasının "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 3-cü prinsipi şərəf və ləyaqətin qorunmasını, şəxsi həyatın toxunulmazlığını təminat altına alıb. Bu prinsipdə təqsirsizlik prezumpsiyasına xüsusi diqqət ayrılır.

Monitorinqə 3 televiziya və 3 internet portalı cəlb edilib.

Monitorinq zamanı hər bir tədqiqat obyekti üzrə təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunmasının vəziyyəti bir neçə parametr üzrə nəzərdən keçirilib: məlumatın tipi (xəbər, müsahibə və ya təhlil yazısı olması), məlumat mənbəyi (jurnalist, müsahib, rəsmi qurumun mətbuat xidməti və s.), məlumatın xarakteri (təsirsizlik hüququ prinsipini gözləyən və ya onu pozan).

Monitorinqin nəticələri göstərir ki, təqdim olunan kriminal xəbərlərdə əsasən eyni yanaşma olmuş, hadisələr və hadisələrdə təqsirləndirilən və ya şübhəli kimi müəyyən edilənlər birbaşa cinayəti işlətmiş şəxs kimi təqdim olunmuşdur. Azyaşlıların qorunması, zərərçəkənlərin şəxsiyyətinin qorunması prinsipləri də sistemli şəkildə pozuntuya məruz qalıb.

Monitorinq göstərir ki, mediada problemlər təxmin edildiyindən də dərindir. Bu problemlərin yaranma səbəbləri müxtəlif ola bilər. Ən diqqətçəkən məqam yayımlanan məlumatların başlıqlarıdır. İlk növbədə oxunaqlı olmaq, xəbərlərin izlənilməsini təmin etmək, reytinq qazanmaq üçün diqqətçəkici başlıqlar seçmək məqsədi güdülür. Bu məqsədlə sensasiyalı başlıqlar verilir və bununla şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulur. Digər önə çıxan məsələ jurnalist peşəkarlığı məsələsidir. Xəbərlərin yazılışından, seçilən ifadə tərzindən bəlli olur ki, jurnalistlərin bu istiqamətdə maarifləndirilməsinə ciddi ehtiyac var. Jurnalistlərin hüquqi bilgiləri çox azdır və onlar xüsusilə kriminal xəbərlərlə işləməyi, habelə şəxsi həyata hörmət prinsipinin mahiyyətini bilmirlər. Digər bir diqqətçəkən məqam da redaktorların məsuliyyətsizliyi məsələsidir. Xəbərləri yayan, ona sonda təsdiqləri məsul redaktorlar jurnalistlərin boşluqlarını tamamlamalı, səhvlərə və pozuntulara yol verməməlidir. Halbuki çox sayda belə pozuntuların yayılması göstərir ki, məsul redaktorlar da bu istiqamətdə müəyyən maarifləndirməyə ehtiyac hiss edirlər.

Ələsgər Məmmədli kriminal veriliş və xəbərlərdə çox ciddi hüquq pozuntuları olduğunu deyib. Konstitusiyanın 63-cü maddəsini xatırladan ekspert deyib ki, birmənalı olaraq qeyd olunur ki, şəxsin barəsində məhkəmə qərarı olmadan cəmiyyətə təqsirli kimi təqdim edilməsinə yol verilmir: "Bu o deməkdir ki, vətəndaşların bu hüququnun qorunmasına media da borcludur. Adamın hüquq-mühafizə orqanı tərəfindən saxlanması və ya sorğuya məruz qalması barədə kadrı efirə vermək doğru deyil. Saxlanma və ya sorğu hələ onun cinayətkar olması demək deyil. Ancaq qolu qandallı vəziyyətdə göstərmək, cinayət törətməsini demək onun şərəf və ləyaqətini kifayət qədər aşağılayan bir haldır. Xüsusilə televiziyalarda kriminal veriliş və xəbərlərdə bu tip hallara rast gəlinir və hüquq-mühafizə orqanları əməkdaşlarının özləri də vətəndaşların hüquqlarını pozurlar. Ancaq araşdırmanın nəticəsi, həmin şəxsin həqiqətən də o cinayəti törədib-törətməməsi barədə sonradan heç bir məlumat verilmir. Ümumiyyətlə düşünürəm ki, həbs edilən şəxslərin barəsində məhkəmə hökmü olmadan mediada göstərilməsi yolverilməzdir. Məsələn, Amerikada hətta məhkəmə proseslərində də çəkilişlərə icazə verilmir.

Azərbaycanda da bu sahə üzrə səlahiyyətli dövlət qurumu olan Milli Televiziya və Radio Şurası bu istiqamətdə müəyyən addımlar atmalıdır. Vətəndaşlar da şəxsi həyata müdaxilə ilə bağlı media qurumlarına qarşı məhkəmə işlərini artırmalı, yüksək kompensasiyalar qoymalıdırlar. Bununla da media hüquq pozmadan çəkindirilməlidir.

Azyaşlıların, zərərçəkmişlərin üzünün göstərilməsi də çox ciddi pozuntulardır. Çox təəssüf ki, bizim media professional olmadığı üçün etik standartlara da əhəmiyyət vermir. Bunlar həm etik, həm də hüquq standartıdır. Yəni hər iki standart birləşmiş vəziyyətdədir: 18 yaşından aşağı şəxslərin, cinayət qurbanı olan şəxslərin, hətta cinayət törətməkdə təqsirləndirilən şəxs azyaşlıdırsa, onun qorunması ilə bağlı da çoxlu problemlər var. Xüsusən görüntülü media, informasiya agentliklərində də bu, daha qabarıq hiss olunur. Media hər hansı bir strukturdan informasiyanı alır və heç bir gizləmə ehtiyacı görmədən olduğu kimi - adı-soyadı, doğulduğu və yaşadığı yeri olduğu kimi yayımlayır. Bunlar isə ayrı-ayrılıqda həm təqsirsizlik prezumpsiyasının pozulması, həm şəxsi həyata müdaxilə, həm də böhtana məruz qalaraq şərəf və ləyaqətin tapdanmasıdır”.

(davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb