Media hərbi ekspert sarıdan korluq çəkir

Baş redaktorlarla Müdafiə Nazirliyi arasında problemin həlli ilə bağlı müzakirələr aparılıb
“Hərbi ekspertlər Azərbaycan dilində səlis danışığa malik deyil. Gərək əvvəlcə, fikrin düzgün ifadə olunmasını öyrənsinlər”




Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüş keçirildi. Belə görüşlərin media üçün əhəmiyyəti danılmazdır. Görüşdə media ilə Müdafiə Nazirliyi arasında əlaqələr məsələsi əsas müzakirə mövzusu olub.

Müdafiə naziri Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların icrasının təmin edilməsi məqsədilə müdafiə naziri tərəfindən əmr imzalandığını və tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb. Bu işlərin həyata keçirilməsində, sözsüz ki, media əhəmiyyətli rola malikdir.
Nazir müavini Ali Baş Komandanın diqqət və qayğısı sayəsində son illər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan danışıb. General-leytenant K.Vəliyev bildirib ki, artıq əvvəlki dövrlə müqayisədə Orduda əhəmiyyətli yeniliklərin həyata keçirilməsinin nəticəsidir ki, həqiqi hərbi xidməti başa vurmuş xeyli sayda vətəndaşlarımız öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müraciət edirlər. Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini də qeyd edib. Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Milli Məclisin deputatı Aqil Abbas, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, "Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, "Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev, "Qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu, "Ordu.az” saytının redaktoru Şahin Qocayev və başqaları ordu-media əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər.

Görüş iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

"Dəqiqləşdirilməmiş informasiyalar verilməməlidir”

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında Müdafiə Nazirliyində keçirilən görüşün önəmli olduğunu dedi:

- Ordu, Silahlı Qüvvələr spesifik, eyni zamanda məxfiliyin qorunmasının labüd olduğu bir sahədir. Mediada xəbərin əldə edilməsi və ötürülməsində intensivliyin təmin edilməsi nə qədər önəmlidirsə, ordumuz və Silahlı Qüvvələrlə bağlı informasiyalarda bir o qədər səbirli olmaq məcburiyyətindədir. Bu sahədə mediadan xüsusi peşəkarlıq və həssaslıq tələb olunur. Müdafiə Nazirliyində media rəhbərləri ilə keçirilmiş görüş bütün bu məsələlərin müzakirəsi baxımından çox önəmli idi. Bundan əvvəl də media rəhbərləri ilə analoji görüşlər keçirilmişdi. Və biz həmin görüşlərdən sonra Müdafiə Nazirliyi ilə media arasında əlaqələrin necə sıxlaşdığının, intensivləşdiyinin və konstruktiv olduğunu gördük. Müdafiə Nazirliyi mətbuat xidmətinin media ilə əməkdaşlığında da əhəmiyyətli irəliləyişlər oldu, mətbuat xidmətinin informasiyaların verilməsində aktivliyi xeyli artdı. Amma burada bir məsələ var ki, bizim media, bəzən yenə də səbirsizlik edir. Mətbuat xidmətinə ünvanlanmış sorğuların cəld cavablandırılmasını istəyir. Unutmaq olmaz ki, mətbuat xidməti əməkdaşlarının sayı media mənsublarının sayı ilə tərs-mütənasibdi. Nə qədər media orqanı, qəzetlər, informasiya saytları var. Mətbuat xidməti əməkdaşlarının bu qədər media orqanını eyni vaxtda razı sala bilməsi mümkünsüz görünür. Gərək biz media təmsilçiləri bu reallıqları da nəzərə alaq. Hamının sorğusunu cəld cavablandırmaq çətindir. Dəqiqləşdirilməmiş informasiyalar vermək isə olmaz və peşəkarlıq nöqteyi-nəzərindən də düzgün deyil.

Düzgün proqnoz vermək, reallığı dəyərləndirmək bacarığı olmalıdır

E.Mirzəbəyli görüşdə media rəhbərlərinin bir sıra təkliflər səsləndirdiyini də bildirdi:

- Ordu məsələləri, Silahlı Qüvvələrlə bağlı medianın qarşılaşdığı problem hərbi ekspertlər sarıdandı. Mən bunu görüşdə bildirdim. Dedim ki, mediamız hərbi ekspert sarıdan korluq çəkir. Hərbi ekspert dedikdə, yalnız hərb sahəsini bilən, müharibə iştirakçısı olmuş, Silahlı Qüvvələrdə xidmət keçmiş şəxslər, yaxud da ehtiyatda olan hərbçilər, zabitlər nəzərdə tutulmalıdır. Hərbi ekspert kimi çıxış etmək üçün hərbi biliklər yetərli olmaya bilər. Çünki Azərbaycan mürəkkəb bir regionda yerləşir. Torpağımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan dövləti Qarabağ münaqişəsinin sülh yoluyla həllinə tərəfdardır, eyni zamanda biz heç vaxt hərb yolunu da istisna etməmişik. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə yetərincə gücü, qüdrəti, hərbi potensialı olduğu da artıq hər kəsə bəllidir. Müharibə şəraitindən, Qarabağ münaqişəsindən, atəşkəs rejiminin pozulmasından, dövlətlərarası danışıqları şərh edən şəxs təkcə hərbi biliklərə deyil, siyasi biliklərə də malik olmalıdır. Regiondakı vəziyyəti bilməlidir. Hərbi-politoloji mülahizələrlə çıxış etməyi bacarmalıdır. Düzgün proqnoz vermək, reallığı dəyərləndirmək bacarığı da olmalıdır. Yoxsa, yalnız hərbi terminologiyaya söykənmək, indiki zamanda yetərli sayıla bilməz.

Bu arada qeyd edək ki, qardaş Türkiyə kütləvi informasiya vasitələrində, telekanallarda hərbi əməliyyatların ekspertlər tərəfindən dəyərləndirilməsinin tez-tez şahidi oluruq. Xüsusilə də anti-terror əməliyyatlarının gedişində həm müdafiə sənayesi üzrə ekspertlər, həm də ehtiyatda olan zabitlər hərbi əməliyyatların gedişatı ilə bağlı maraqlı mülahizələrlə çıxış edir. Bizdə isə bu cür açıqlamaların, mövcud durumun hərbi-siyasi baxımdan dəyərləndirilməsinin şahidi olmaq çətindir.

E.Mirzəbəyli Türkiyə KİV-də də bu sarıdan vəziyyətin bizə nisbətən təbii ki, fərqli olduğunu bildirdi:

- Bir reallığı nəzərdən qaçırmayaq ki, Türkiyə Ordusunun da, Türkiyə mediasının da yaşı, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra ciddi formalaşma, təşəkkül tapma dövrü keçən Silahlı Qüvvələrindən də, mediasından da çoxdur. Bu baxımdan təcrübələri də böyükdür. Bununla belə, şəxsən mən anti-terror əməliyyatları ilə bağlı Türkiyə telekanallarında ekspertlərin etdiyi çıxışları tam da müsbət hesab etmirəm. Niyə? Çünki bəzən o ekspertlər istəmədən qarşı tərəfə informasiya ötürmüş olurlar. Elə informasiyalar ki, o deyilməməlidir, yayılmamalıdır, gizliliyi, məxfiliyi qorunmalıdır. Məxfiliyi qorunmalı informasiyaların ictimaiyyətə ötürülməsi bəzən qarşı tərəfin işinə yarayır. Bundan ölkəyə təzyiq forması kimi istifadə etməyə çalışırlar, hətta anti-terror əməliyyatlarının hansısa mərhələdə nəticəsiz qalmasına və ya istənilən nəticənin əldə olunmamasına gətirib çıxara bilir.

Görüşdə təkliflər də səslənib

E.Mirzəbəyli Müdafiə Nazirliyində keçirilən görüşdə bəzi təkliflər səsləndirildiyini də dedi:


- Həmkarlarım həmin görüşdə bir sıra təkliflər səsləndirdilər. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı da silsilə tədbirlər planı hazırlanır. Jurnalistlər üçün müsabiqə elan edilib. Mən də təklif etdim ki, hərbi terminologiya üzrə lüğət hazırlansın. Bu, medianın işini xeyli asanlaşdırar. Çox zaman media təmsilçiləri, jurnalistlər hansısa terminin əsl mənasını bilmədən o ifadəni işlədirik. Bu da informasiyanın doğruluğuna, məqalənin də peşəkarlığına xələl gətirir. Belə bir lüğət lazımlıdır, mən o lüğətin üzərində işləməyə hazıram. Təkliflərdən biri dediyim kimi, hərbi ekspertlərin sayının artırılması və hərbi terminlər lüğətinin hazırlanıb, nəşr edilməsi oldu. Müdafiə Nazirliyi tərəfindən də səslənən bütün təkliflərə baxılacağı bildirildi.

Bəs, hərbi ekspertlərin sayının artırılması, necə mümkün olacaq? Konkret şəxslərmi mediaya tövsiyə ediləcək?

E.Mirzəbəyli bildirdi ki, hərbi ekspertlər az deyil. Sadəcə, problem onların fikirlərini düzgün ifadə edə bilməməsindədir:

- Etiraf edək ki, bəzi ekspertlər Azərbaycan dilində səlis danışığa malik deyil. Gərək əvvəlcə, fikrin düzgün ifadə olunmasını öyrənsinlər. Biz bu məsələni mənfi mənada qabartmırıq. Azərbaycanlı ekspertlərin, siyasi şərhçilərin fikirlərini düzgün ifadə edə bilməsi ümumi işin xeyrinədir. Məsələn, Türkiyədə orta məktəbdən başlayaraq fikrin düzgün ifadəsi fənn kimi öyrədilir. Mən, bu istiqamətdə "Bakı natiqlik məktəbi” təsis etməyi düşünürəm. Gələcəkdə bu məktəbin məzunları səlis danışığa və fikir yürütmək qabiliyyətinə malik insanlar ola bilər. Medianın da bu cür şəxslərə həmişə ehtiyacı var.

(Davamı var)
Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb