Elşad Məmmədli: “Foto seçimi yazının tamamilə ruhuna uyğun olmalı və oxucuda aydın təsəvvür yaranmasına kömək etməlidir”
Media materiallarında fotoların yerləşdirilməsi önəm kəsb edir
Murad Əliyev: “Oxunaqlı materiallar təqdim etmək üçün həmin yazının fotolarına xüsusi diqqət yetirilməlidir”
Elşad Məmmədli: “Foto seçimi yazının tamamilə ruhuna uyğun olmalı və oxucuda aydın təsəvvür yaranmasına kömək etməlidir”
Elşad Məmmədli: “Foto seçimi yazının tamamilə ruhuna uyğun olmalı və oxucuda aydın təsəvvür yaranmasına kömək etməlidir”
İntiqam Valehoğlu: "Bugünkü jurnalistikanı fotosuz və videosuz təsəvvür etmək çətindir”
(əvvəli ötən sayımızda)
Qəzet və saytlarda dərc olunan materialları şəkilsiz təsəvvür etmək çətindir. Bu məqsədlə medianın yarandığı dövrdən etibarən mətbuat orqanlarının səhifələrində müxtəlif səpkili fotolar dərc olunub. Hətta zaman keçdikcə yazılarla paralel şəkillər də diqqət çəkən əsas məqamlardan biri olub. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, foto-müxbirlər isə görüntülərlə cəmiyyətə çatdırırlar. İki peşə bir yerdə tamlıq təşkil edir. Media mütəxəssisləri də qəbul edirlər ki, hadisələr söz və foto ilə birgə təsvir olunanda, oxucu tərəfindən daha dolğun və doyurucu qəbul edilir.
Bəzən bir yığın sözün deyə bilmədiyini bir-iki şəkil gözəl şəkildə ifadə edə bilir. Azərbaycanda fotojurnalistika sahəsində müəyyən inkişafa nail olunsa da, bəzi qüsurlar özünü hələ də göstərməkdədir. Ekspertlərə görə, əksər hallarda bir sıra qəzet və saytlar hansısa xəbəri və ya reportajı mətnə uyğun olmayan şəkillərlə təqdim edirlər. Həmçinin, bir çox hallarda müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur. Əslində mətbuatda dərc olunan yazılarda şəkillərin düzgün yerləşdirilməsi ona görə xüsusi önəm kəsb edir ki, fotolar sərlövhələrdən sonra oxucuların diqqətini çəkən əsas faktorlardan biri kimi yazını insanların gözündə canlandırır, yazıya enerji verir və mövzunun oxunaqlığını, cazibədarlığını artırır.
Şəkillər yazı içində bir neçə formada, məsələn, böyük və ya kiçik ölçüdə, bir və ya bir neçə sayda, tam və ya kəsilmiş, yəni montaj edilmiş olaraq verilə bilər. Amma vurğuladığımız kimi, əsas məsələ fotoların yazıya uyğun seçilməsidir. Media ekspertlərinin narazılığına səbəb olan digər məsələ isə şəkillər üzərində onu ilk yayan media qurumlarına məxsus loqoların "göz deşməsidir”.
Ekspertlərin fikrincə, şəkil üzərindəki hədsiz sayda və həcmcə iri loqolar orijinal fotoların effektliyini zədələyir, keyfiyyətini aşağı salır. Təəssüf doğuran hallardan biri isə mətbu orqanların çoxunda fotomüxbir və fotoredaktor ştatlarının olmamasıdır.
Mütəxəssislər məqalələrdə verilən fotoların əhəmiyyətindən danışarkən bildiriblər ki, bəzən bir şəklin verdiyi mənanı 50 səhifə yazı verə bilmir. Ona görə də bu işə media qurumlarından öncə ali təhsil ocaqlarında diqqət yetirmək lazımdır. Təəssüflər olsun ki, fotojurnalistika sahəsində dünyanın əksər ölkələrindən geri qalırıq. Bəzən saytlarda gözəl bir yazıya elə bərbad şəkil qoyulur ki, məqalə bir dəfə də olsa oxunmur. Əksinə, ən zəif bir xəbəri elə foto ilə təqdim edirlər ki, yazı on min dəfə oxunur. Hesab edilir ki, burada həm redaksiyaların, həm də jurnalist yetişdirən universitetlərin üzərinə böyük yük düşür. Maliyyə problemlərindən dolayı ixtisar başlayan kimi hamıdan qabaq fotomüxbirlər "qurban” verilir. Əslində tam tərsi olmalıdır. Əgər redaksiyada 3 nəfər qalırsa, biri mütləq fotomüxbir seçilməlidir. Biz isə buna önəm vermirik.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Report.az” saytının baş redaktoru Murad Əliyev deyib ki, onlayn medianın inkişaf etdiyi bir dövrdə təqdim olunan materiallarda fotoların keyfiyyəti, rəngarəngliyi xüsusi önəm kəsb edir:
"Bu günün oxucusu artıq foto-təqdimata daha çox fikir verir. Nəzərə alaq ki, foto-təqdimatların da imkanları kifayət qədər genişlənib. Yəni, yüzlərlə saytın mövcud olduğu bir zamanda rəqabətə davamlı, oxunaqlı materiallar təqdim etmək üçün həmin yazının fotolarına xüsusi diqqət yetirilməlidir. Diqqətə alaq ki, hər bir oxucumuz günün əksər hissəsini "Facebook”, "İnstagram” kimi sosial şəbəkələri izləməklə keçirir. Bu şəbəkələr isə müasir oxucu tipi formalaşdırır. Bütün bunları nəzərə alaraq saytlar da təqdim etdiyi materiallarda multimedianın imkanlarından geniş istifadə etməlidir. Misal üçün, əvvəl informasiya agentlikləri əsasən xəbər lentindən ibarət idi, fotosessiyaları isə ayrıca məhsul kimi təqdim edilirdi. Lakin bu gün agentliklər də xəbər təqdimatına xüsusi diqqət ayırmağa başlayıb. "Report” agentliyində xəbərlərə fotoları, videoları hazırlayıb yerləşdirən ayrıca dizayner var və hər bir xəbərdəki fotoların düzgün yerləşdirilməsi, oxucu üçün rahat formatda olmasına çalışır”.
Fotolarda loqoya gəlincə, baş redaktor bildirib ki, bu məsələdə xeyli problemlər mövcuddur:
"Şübhəsiz ki, beynəlxalq standartlara görə, müəllifliyi təsdiqləyən loqonun həcmi fotonun mühüm hissələrini tutmamalıdır. Digər tərəfdən fotolar başqa resurslardan götürülübsə, bu mütləq qeyd olunmalıdır. Axı foto da mətn kimi müəllif hüquqları ilə qorunan məhsuldur. Azərbaycan mediasında isə bəzən nəinki fotonun kimə məxsus olması göstərilir, hətta bəzən loqo olan hissə kəsilərək yerləşdirilir. Bununla da müəllif hüquqları kobud şəkildə pozulmuş olur. Bu səbəbdən bəzi mətbuat işçiləri öz fotolarının ortasına böyük loqo vurur, bir neçə yerdə isə xırda loqolar verirlər ki, bu da heç də göz oxşayan mənzərə yaratmır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli vurğulayıb ki, foto seçimi yazının tamamilə ruhuna uyğun olmalı və oxucuda aydın təsəvvür yaranmasına kömək etməlidir:
"Təəssüflər olsun ki, ölkəmizin əksər media orqanları buna xüsusi önəm vermirlər. Səbəb müxtəlifdir: ya peşəkarlıq zəifdir, ya şəkil seçiminə, kollaj hazırlatmağa vaxt və enerji sərf edilmir, ya da işə candərdi yanaşılır. Foto məqalə üçün çox əhəmiyyətlidir və məsul redaktor, həmçinin, yazının müəllifi məqaləni tamamlayan şəkil seçməyə diqqət yetirməlidir. Bəzən şəkil siyasəti o qədər əhəmiyyətli olur ki, məqalə özü zəif olsa da, bir foto onu sanballı edə bilir”.
"Azvision.az” saytının redaktoru Anar Rüstəmov da deyib ki, internet mediada yazı ilə yanaşı, foto və videogörüntü mühüm rol oynayır:
"İstənilən xəbər, reportaj, müsahibə nə qədər peşəkarlıqla qələmə alınsa da, başlıq cəlbedici olsa da, görüntüsüz darıxdırıcı və "quru” görünür. Vizual görüntü yazılara maraq qatır. Oxucuları təkcə yazı deyil, həm də görüntü cəlb edir. Yazıda fotonun düzgün seçilməsi və loqolanması əsas şərtlərdəndir. Əlbəttə, hər foto maraqla qarşılana, uğur qazana bilməz. Düzgün seçilmiş foto yazını tamamlamalı, müəllifin demədiyi fikirləri oxucuya çatdırmalıdır. Bəzən olur ki, sıradan bir şəklin üzərinə o qədər loqo vururlar ki, bu, ikrah doğurur. Oxucular bu məsələlərə diqqət yetirirlər. Bundan əlavə biri-birini təkrarlayan, heç bir məna ifadə etməyən fotoların çoxluğu da oxucuların ürəyincə olmur. Redaktor və fotoqraf elə seçim etməlidir ki, fotolar biri-birindən fərqli və məzmunlu olsun. Ciddi media qurumları, ictimai rəyə təsir edə biləcək elektron KİV-lər bu məsələlərə həssas yanaşırlar”.
"Ölkə.az” saytının əməkdaşı, tanınmış jurnalist İntiqam Valehoğlu gündəmə gətirilən məsələnin olduqca mühüm olduğunu deyib. Onun sözlərinə görə, bəzən foto bir yığın sözün ifadə edə bilmədiyini oxuculara göstərir:
"Əbəs deyil ki, hazırda elektron mediada "Filankəs bunu da etdi - FOTO” tipli başlıqlara tez-tez rast gəlinir. Bəzi hallarda mən özüm də belə başlıqlara müraciət etməli oluram. O ki qaldı təkrar fotolara, bəli, belə hallar yetərincə çoxdur. Məsələn, baxırsan ki, eyni saytda eyni mövzu barədə bir gündə dörd xəbər verilib və o xəbərlərdən üçündə təkrar fotolar yerləşdirilib. Birincisi, bu, oxucunu çaşdırır. Çünki eyni fotonu görən oxucu elə bilir ki, xəbər köhnədir. Digər tərəfdən peşəkarlıq mənasında da belə hallar yaxşı qəbul edilmir. Loqolara gəlincə, mətbuatımızda ciddi istinad probleminin olması heç kim üçün sirr deyil. Məsələn, fotonu çəkirəm, bir saat sonra həmin foto 20 saytda dərc edilir və 15 sayt istinad etmir. Yaxud loqo kiçik vurulubsa, "peşəkarlıq” nümayiş etdirib onu silirlər. Belə olan halda mən növbəti dəfə loqonu daha böyük və fotonun tən ortasına vurmalı oluram.
Ümumiləşdirsək, demək olar ki, bugünkü jurnalistikanı fotosuz və videosuz təsəvvür etmək çətindir. Hətta mümkünsüzdür”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb