Media orqanları vatsap xətti yaradır

Bundan sonra bu üsulla xəbərləşmə redaksiyanın əsas iş prosesində yer alacaq



"Yeni Müsavat” qəzeti oxucularla daha sıx ünsiyyət qurmaq, xəbər mübadiləsini gücləndirmək üçün vatsap xəbər xətt yaradıb. Media qurumu bəyan edib ki, bundan sonra dünyada müasir xəbərləşmə prosesinin ayrılmaz parçasına çevrilən vatsapla xəbərləşmə redaksiyanın əsas iş prosesində yer alacaq. Yəni oxucular xəbər, hadisə dəyərində olan foto-video çəkilişləri media orqanın məlum nömrəsinin vatsap xəttinə göndərərək, onların saytda işıqlandırılmasını təmin edə biləcəklər:

"Gözünüzün gördüyü maraqlı olaylar, xəbər dəyərindəki ən müxtəlif hadisələri çəkib, yazıb, eləcə də səsli mesaj şəklində "musavat.com” saytına göndərməniz mümkündür. Yollanacaq mesajlar üçün ölkə və zaman məhdudiyyəti qoyulmayacaq. Dünyanın bütün nöqtələrindən saytı izləyən oxucular xəbər əhəmiyyətli hadisələri istədiyi saatda bizimlə paylaşa, xəbərləşmə prosesinin bir hissəsinə çevriləcəklər. Yolladığınız materiallarla onlayn şəkildə maraqlanacaq və onları cavablandıracaq, müxbirlərimiz daim xətdə olacaqlar. Amma bunun üçün xəttə zəng etməyə gərək yoxdur, ünsiyyət yazışma şəklində öz həllini tapacaq. Gələn zənglər qəbul olunmayacaq”. "Yeni Müsavat” Media Qrupu bildirib ki, bu xəbərləşmə sistemi şikayət məktubları üçün nəzərdə tutulmayıb. Bunun üçün qəzet və saytın ayrıca ünvanı fəaliyyət göstərir: "Videoçəkiliş zamanı telefonu dik deyil, üfüqi vəziyyətdə tutmanız xahiş olunur. Bu, materialın daha sonra sayt versiyası üçün montajında böyük rol oynayır. Sizin xəbərlərinizi gözləyirik. Bizə qoşulun və ölkə gündəminin nəbzini bir yerdə tutaq”.

Dünyada mobil rabitədən istifadə gündən-günə kütləviləşir. Bu proses təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir. Hazırda hər bir vətəndaş üçün mobil telefon və o telefonlardakı texniki funksiyalar çox əhəmiyyətli və vazkeçilməzdir. Təbii ki, kütləvi informasiya vasitələri - televiziya, radio, yazılı və internet media da xəbəri anında ötürən bu mobil aparatlar olmadan işini operativ qura bilmir. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən həm səsli, həm foto, həm də video-görüntülü xəbər ötürəsən. Bu baxımdan KİV-lər mobil rabitənin yeni imkanlarından özünə lazım olan formada istifadə edir. Media ekspertlərinin fikrincə, bu xidməti vətəndaş jurnalistikası hesab edərək doğruluğuna və obyektivliyinə etibar etmək olar.

Yeni yaradılan vatsap xətti ilə bağlı "Şərq”ə danışan "Musavat.com” saytının redaktoru Xalid Kazımlı xidmətin müsbət tərəflərindən söz açıb. Redaktorun fikrincə, media qurumu bu xidmət sayəsində onlarla büro əldə etmiş olur - həm də ictimai əsaslarla: 

"Əlbəttə, bu, xalq jurnalistikasıdır. İctimai-siyasi fəallar onları maraqlandıran, narahat edən olayları çəkir, operativ şəkildə ictimailəşdirirlər. Bu baxımdan faydası böyükdür. Amma hər şeydə olduğu kimi bunun da mənfi tərəfləri olmamış deyil. Məsələn, bu xidmətdən sui-istifadə halları ola bilər. Kimlərsə rəqibinə qarşı yararlanmağa çalışar. O zaman biz daha diqqətli olmalı və şübhəli durumlarda tələyə düşməməliyik”.

"YeniÇağ” qəzetinin və saytının baş redaktoru Aqil Ələsgər bir aydan çoxdur ki, rəhbərlik etdiyi media qurumlarında vatsap xəttini yaratdıqlarını deyib: 

"Bu xidmət Azərbaycanda yenidir və hər yeni tətbiq edilən işin müsbət və mənfi tərəfləri özünü göstərir. Amma operativlik və xəbərin tez çatdırılması baxımından çox üstün vasitədir. Bildiyimiz kimi Azərbaycanda mobil rabitə xidməti sayılan vatsapdan istifadə geniş yayılıb. İnsanlar biri-birləri ilə zəngləşmək, yazışmaq əvəzinə, vatsap xidmətinin yeniliklərindən daha çox yararlanırlar. Bu baxımdan xidmətin mediada tətbiqi müsbət addımdır”. Baş redaktorun sözlərinə görə, ümumiyyətlə, dünyada bu texnologiyaların bir neçəsindən istifadə olunur. Amma Avropa ölkələrində, ABŞ-da vatsapa daha çox üstünlük verilir: "Çünki vatsapın istifadəsi digərlərinə nisbətən çox rahatdır. Fikrimcə, bunu vətəndaş jurnalistikası hesab etmək olar. Yeni dönəm sanki vətəndaş jurnalistikasının peşəkar medianın önünə keçməsinə şərait yaradır. İnsanlar xəbərin necə, hansı formada hazırlanmasını deyil, tez çatdırılmasına üstünlük verirlər. Azərbaycan mətbuatının bu xidmətdən istifadə etməsi təqdirəlayiqdir, dünya mediası ilə ayaqlaşmaq istəyən media orqanları dövrün yeniliklərindən istifadə etməlidir. Oxucularımız xarici saytlarda gördükləri yenilikləri yerli media qurumlarında da görmək istəyir. Məncə, bu, jurnalistikamızın ziyanına yox, xeyrinədir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də bəyan edib ki, "Yeni Müsavat”ın bu işdə önə düşməsi təbii və başadüşüləndir. Çünki bu qəzetin öz ənənəsi var: 

"Qəzetin rəhbərliyi Azərbaycan media cameəsində yenilikçiliyi ilə, texnologiyalarla işləməyi ilə seçilir. Ölkəmizdə televiziya və radio kanalları mobil rabitənin verdiyi bu imkandan daha əvvəl və geniş istifadə edirlər. Əlbəttə, belə bir ənənənin digər qəzetlər və saytlar arasında yayılması çox müsbət olardı.

Bu işin indiyə qədər həyata keçməməsi təəccüblüdür. Media hadisələr haqqında mümkün qədər tez xəbər tutmaq və öz xəbərlərini oxucusuna, izləyicisinə çatdırmaq istəyir. Bunun üçün də müasir texnologiyalardan maksimum istifadə olunmalıdır. Artıq elə bir zaman yetişib ki, cibində mobil telefon var. Vətəndaş həmin telefonla video, şəkil çəkə, yaxud da xəbər yazıb göndərə bilər”.

Ekspertin fikrincə, hansısa media qurumunun bu imkana şərait yaratması onu rəqiblərindən bir addım qabağa çıxmaq istəyindən irəli gəlir: 

"Xəbərlərin etibarlılığı məsələsinə gəlincə, əsas odur ki, xəbər olsun. Şübhəsiz ki, jurnalistlərin vəzifəsi əldə etdikləri xəbərləri dəqiqləşdirməkdir. Hətta xəbər bir yox, bir neçə mənbədən dəqiqləşdirildikdən sonra verilməlidir. Ümid edirəm, peşəkar jurnalistlər xəbərlərin dəqiq yoxlanılıb oxucuya çatdırılması prosesində heç bir problem yaşamayacaqlar”.

"Pia.az” saytının baş redaktoru Azər Qaramanlı da bu tətbiqi normal və təqdirəlayiq hal kimi qəbul edib: 

"Hesab edirəm ki, jurnalistika dövrün texnologiyasından tam istifadə etməlidir. Çox təəssüf ki, bizdə texnologiyanın tətbiqi hər zaman gecikir. Bu daha çox Azərbaycan mətbuatının maliyyə bazasının zəif olması ilə bağlıdır. Digər bir problem isə jurnalistlərimizin texnoloji yenilikləri bilməməsi ilə bağlıdır. Məncə, bununla bağlı donor sponsorların köməyi ilə davamlı olaraq layihələr həyata keçirilməli, kurslar təşkil olunmalı və jurnalistlərimizin texnoloji savadlarının artırılması üçün hərtərəfli addımlar atılmalıdır. "Bu hal vətəndaş jurnalistikası hesab etmək olarmı”, sualına gəlincə, bütün dünyada və Azərbaycanda çoxdan sosial şəbəkələr vasitəsi ilə vətəndaş jurnalistikası formalaşıb. Ümumiyyətlə hesab edirəm ki, sosial şəbəkələrdə vətəndaşların aktivliyi cəmiyyətimizdə şəffaflığın artmasına səbəb olur, bu hal alqışlanmalıdır. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün vacib məsələdir. 

Lakin işin problemli tərəfi odur ki, sosial şəbəkələrdə daha çox qərəzli və şəxsi nöqteyi-nəzəri ifadə edən məlumatlar yayılır. Sözün açığı, bu problemin həlli yolunu görmürəm və sosial şəbəkələrdə yayılan məlumatların nə qədər etibarlı olması insanlarımızın vicdanına bağlı olan məsələdir. Sosial şəbəkəyə dövlət nəzarətinin həyata keçirilməsini dövlət təhlükəsizliyi ilə əlaqədar məsələlərdə doğru hesab edirəm. Fikrimcə, bununla bağlı Azərbaycanda qanun qəbul olunmalıdır. Lakin bu qanunda vətəndaşların söz və fikir azadlığının, həmçinin məlumat yaymaq və məlumat almaq hüquqlarının əngəllənməsini doğru hesab etmirəm”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb