Akif Nəsirli: “Jurnalist sual verən kimi bilinir ki, bunun iqtisadi savadı nə dərəcədədi”
Mediada iqtisadi təhlil çatışmazlığı...
İlham Şaban: “İqtisadiyyata maraq son iki ildə neftin ucuzlaşması və manatın dəyərdən düşməsindən sonra artıb”
Akif Nəsirli: “Jurnalist sual verən kimi bilinir ki, bunun iqtisadi savadı nə dərəcədədi”
Akif Nəsirli: “Jurnalist sual verən kimi bilinir ki, bunun iqtisadi savadı nə dərəcədədi”
Natiq Cəfərli: "İqtisadi jurnalistika tələbələrə ayrıca fənn kimi tədris olunmalıdır”
Anar Cəbrayıllı: "Jurnalistikanın ixtisaslaşma problemi tam aradan qalxmayıb”
Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə futboldan yazan müxbir voleybol, yaxud neftdən yazan jurnalistə dolların kursu barədə yazı tapşıra bilməzsən. Amma bizdə... Bizdə vəziyyət başqa cürdür. Jurnalistikada ixtisaslaşmanın olmaması hələ də medianın əsas problemi olaraq qalmaqdadır. Bəzən siyasətdən yazan müxbir sosial sahəyə baş vurur, mədəniyyətdən yazan müxbir də iqtisadi təhlil yazır və s. Sonda isə qəzet səhifələrini peşəkarlıqdan uzaq və gülünc yazılar doldurur. İxtisaslaşmanın doğurduğu problemlərdən biri də Azərbaycan jurnalistikasında iqtisadi təhlillərin az olmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən iqtisadi dəyişikliklərlə bağlı düzgün təhlil versin. Jurnalistlərin iqtisadi təhlil bacarığı və ümumiyyətlə qəzetlərdə gedən iqtisadi yazılarla bağlı durumu dəyərləndirmək üçün bir sıra iqtisadçı-ekspertlərlə əlaqə saxladıq. Onlar da Azərbaycan mətbuatında yaşanan iqtisadi təhlil çatışmazlığını ixtisaslaşma problemi ilə əlaqələndirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban 20 ildən çoxdur bu sahədə olan biri kimi Azərbaycan jurnalistikasında ixtisaslaşma sahəsinin çox zəif getdiyini deyib. Onun sözlərinə görə, bugünkü media orqanlarının əksəriyyəti siyasətdən və siyasət içərisində baş verən olaylardan yazır: "Bu baxımdan da, Azərbaycan mediasında iqtisadi təhlillərə, ixtisaslaşmaya ehtiyac duyulmur. Əslində heç qəzet, sayt redaktorları da maraqlı deyil ki, onların rəhbərlik etdiyi orqanlarda iqtisadiyyat, idman, İKT ilə bağlı ixtisaslaşmış jurnalistlər olsun və onları püxtələşdirib həmin bazara təqdim eləsin. Rusiya mətbuatı ilə müqayisədə deyə bilərəm ki, jurnalistikanın ixtisaslaşmasını bazar tələb edir. Necə ki, sovet vaxtı Azərbaycan mətbuatı geri qalırdı, indi də Azərbaycan mətbuatı Rusiya mətbuatından geri qalır”.
İ.Şabanın sözlərinə görə, Azərbaycan jurnalistikasında iqtisadi təhlilin az olması Azərbaycan iqtisadiyyatının neft iqtisadiyyatı üzərində qurulması ilə bağlıdır: "Azərbaycanda neftdən kənarda gəlir sahəsi olmadığından bütün diqqət bu sahəyə yönəlib. Yəni ölkə iqtisadiyyatında şaxələnmə olmadığından iqtisadi təhlilçilər üçün tələb də olmayıb. Neft sektorunda vəsait və gəlir olduğu üçün 1994-cü ildən etibarən mən özümü bu sahədə gördüm və öz yerimi tuta bildim. İKT və digər qeyri-neft sahələrində tələbat olmadığı üçün jurnalistlər bu sahələrdə ixtisaslaşmağa üstünlük vermədilər. Ümumi desəm, iqtisadi təhlillərin az olmasının əsas səbəblərindən biri Azərbaycan iqtisadiyyatının olduğu kimi Azərbaycan mətbuatında əks olunmasıdır. Heç kəsə sirr deyil ki, iqtisadiyyatla bağlı yazıların oxunmasında cəmiyyət özü də maraqlı deyil. Bunu duyan jurnalist də iqtisadi təhlillərlə vaxt itirmək istəmir. İqtisadiyyata maraq son iki ildə neftin ucuzlaşması və manatın dəyərdən düşməsindən sonra artıb. Əvvəlki illərlə müqayisədə bu gün mənim yazdığım təhlillərə çox böyük tələbat var”.
Ekspert hesab edir ki, jurnalistlərin ixtisaslaşması ilə bağlı ən yaxşı variantlardan biri SOCAR-ın tutduğu yoldur: "SOCAR jurnalistlər üçün qış və ya yay məktəbləri təşkil edir. Bəs, digər dövlət qurumları nə keçirir? Təbii ki, SOCAR bütün bu təlimləri boşu-boşuna keçirmir. Bu addımların atılmasında məqsəd neft sahəsindən yazan jurnalistləri bilgiləndirməkdən ibarətdir. Bundan 17-18 il əvvəl "BP” şirkəti jurnalistləri Nabrana və ya digər bölgələrə aparıb, 3-4 gün xüsusi təlimlər keçirdi. Bu zaman bəzi QHT-lər "BP”-ni jurnalistləri ələ almaqda günahlandırırdı. Bəlkə də, onların belə bir niyyəti vardı. Həmin vaxt "BP”-nin keçirdiyi təlimlərə kef çəkmək, ancaq yeyib-içmək üçün gələn jurnalistlər də vardı. Mən də yemək yox, öyrənmək istədiyim üçün oturub, oxuyurdum”.
İqtisadçı-ekspert Akif Nəsirli əvvəla onu qeyd edib ki, Azərbaycan mətbuatında ixtisaslaşma problemi çox açıq şəkildə özünü göstərməkdədir. O cümlədən də iqtisadi sahədən yazan peşəkar jurnalist çox azdır. İqtisadiyyatdan yazan jurnalistin mütləq iqtisadi təhsili olmalıdır. Amma bizdəki iqtisadiyyatdan yazan jurnalistlərin əksərinin iqtisadi təhsili yoxdur: "Bununla belə, iqtisadiyyatdan yaza-yaza iqtisadiyyatı öyrənən jurnalistlərimiz də var. Jurnalist sual verən kimi bilinir ki, bunun iqtisadi savadı nə dərəcədədi. Jurnalistlərimizin iqtisadi savadı aşağı səviyyədə olduğundan çox vaxt iqtisadçıların fikrini dediyi kimi, nəzəri-iqtisadi terminlərlə verirlər ki, bu da oxucu kütləsi üçün anlaşılmaz olur. Əslində iqtisadi terminlərlə verilən informasiya peşəkar iqtisadçı-jurnalist tərəfindən publika dilinə çevrilməlidir. Bu hələki bir problem olaraq Azərbaycan mediasının qarşısında dayanır. Amma jurnalistika qabiliyyəti olan müxtəlif peşə sahiblərinin mətbuata gəlməsini stimullaşdırmaqla uğurlu nəticə əldə etmək olar. Yəni təhsil müəssisələri jurnalist hazırlığı metodunu dəyişməli, redaksiyalar isə müxtəlif peşə sahiblərini jurnalistikaya stimullaşdırmalıdır”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə mediada dərc olunan iqtisadi təhlillərin oxunaqlı olmamasını jurnalistlərin qeyri-peşəkarlığı ilə əlaqələndirmir: "İqtisadi jurnalistika ayrıca bir qoldur. Dünyanın bütün ölkələrində belə bir təcrübə var və ayrıca məktəb rolunu oynayır. Fundamental iqtisadi biliklərə və iqtisadi anlayışlara sahib olmalıdır. Bu iqtisadi biliklərə sahib ixtisaslaşmış jurnalistlər də öz suallarını düzgün istiqamətdə verir və aldığı cavabları da öz biliklərinə uyğun şəkildə yaza bilir. Bizdə isə jurnalistikanın ixtisaslaşma problemi olduğu üçün iqtisadi jurnalistika da ayrıca bir qol kimi formalaşmayıb. Bunun günahını isə təkcə jurnalistikada görmək doğru deyil. İqtisadi təhlil qabiliyyəti ali təhsil ocaqlarında öyrədilməlidir. Hesab edirəm ki, iqtisadi jurnalistika tələbələrə ayrıca fənn kimi tədris olunmalıdır”.
Bəzən iqtisadi məsələlərlə bağlı sual verən jurnalistlərin sonradan yazıda müəyyən nöqsanlara yol verdiklərini vurğulayan ekspert deyib ki, xüsusən də terminlərlə bağlı səhvlər olur. Amma bunları texniki səhv kimi də nəzərə almaq olar. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanda ümumi medianın səviyyəsi necədirsə, iqtisadi təhlillər də o vəziyyətdədir. Bu sahədə ümumi bir sıçrayış lazımdır. Təbii ki, mediada ixtisaslaşmanın getməyi vacibdir. Dünya jurnalistikasında bu tendensiya artıq çoxdan müşahidə edilir. Bunu zəruri edən başlıca faktor isə auditoriyanın müxtəlifliyidir. Sadəcə, bu, peşəkar şəkildə həyata keçirilməlidir. Bu gün medianın mənzərəsini göz önündə canlandırsaq, o zaman problemin həllinin nə qədər çətin olacağını anlayarıq. Hesab edirəm ki, mövcud problemlərin həlli üçün mütləq şəkildə ixtisaslaşma aparılmalıdır. Dünyada məşhur olan iqtisadi dərgilər var ki, orada çalışan jurnalistlərin fundamental iqtisadi biliklərə sahib olması mütləqdir. Onlar jurnalistikadan əlavə ilkin iqtisadi təhsil də almalıdırlar. Bu, əsas göstəricilərdən biridir”.
İxtisasca iqtisadçı olan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı da mediada iqtisadi təhlillərin olmamasını aktual problem kimi dəyərləndirib: "Bu məsələ kifayət qədər problemlidir və kökü jurnalistikada ixtisaslaşmanın olmamasından qaynaqlanır. Düzdür, son dövrlərdə ixtisaslaşma sahəsində müəyyən dinamika hiss olunur. Əvvəllər bu məsələ daha qabarıq şəkildə özünü biruzə verirdi. Siyasətdən yazan jurnalist eyni nömrədə iqtisadiyyatdan da yazırdı, mədəniyyətdən də. Bu gün isə situasiya bir az dəyişib. Hətta deyərdim ki, son zamanlarda iqtisadi təhlillərlə bağlı da müəyyən irəliləyiş hiss olunur. Iqtisadi saytlar açılıb, az da olsa sırf bu sahə ilə məşğul olan jurnalistlərə rast gəlinir. Amma bütün bunlara rəğmən jurnalistikanın ixtisaslaşma problemi tam aradan qalxmayıb. "Azərsu” ilə işləyən media orqanları arasında eləsi var ki, bizimlə konkret bir jurnalist işləyir və yayılan məlumatlar real mənzərəni ortaya qoyur. Amma elə media orqanları var ki, onlarda da "həftəbecər” siyasəti yeridilir. "Azərsu”ya bir gün bir əməkdaş, sabah isə fərqli bir əməkdaş zəng vurur. Biz də məcburuq ki, onların hər birinə ayrılıqda arayış təqdim edək ki, mövzunu doğru qavraya bilsinlər və hər hansı bir yanlışlığa yol verməsinlər”. A.Cəbrayıllının sözlərinə görə, jurnalistikada ixtisaslaşma probleminin həlli təhsildən keçir: "Ölkə mətbuatına nəzər saldıqda görürük ki, iqtisadi təhlil yazan, bu sahədə araşdırma aparan jurnalistlərin böyük əksəriyyəti ixtisasca iqtisadçılardır. Bu isə artıq təhsilin önəmini göstərir. Yaxşı olar ki, dövlət və özəl ali məktəblərinin jurnalistika fakültələrində iqtisadiyyat, hərbi, kriminal, mədəniyyət jurnalistikası və kimi sahələr ayrıca fənn olaraq tədris olunsun. Mənə elə gəlir ki, təhsil aldığı dönəmlərdə ilkin iqtisadi bilikləri mənimsəyən jurnalistlərin iqtisadi təhlil aparma qabiliyyəti daha yüksək olar”.
Şəymən
(Davamı olacaq)