Medianın bu gün ciddi korrektura problemi var

Hikmət Babaoğlu: “Qramatik qaydalar, sözlərin leksik və semantik mənası, məzmunu mütləq gözlənilməlidir”
Aqil Ələsgər: “Bu məsələdə ikinci bəla “Facebook” dilidir”


Cavid İsmayıl: "Düşünmürəm ki, onlayn mediada korrektora o qədər ciddi ehtiyac var”

Niyaz Niftiyev: "Daha yaxşı olar ki, istər yeni internet mediada, istərsə də çap mediasında korrektor ştatından istifadə etsinlər”

Azərbaycan mətbuatında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri korrektura şəbəkəsinin sıradan çıxmasıdır. Xüsusən son dövrlərdə əksər qəzet və saytlarda korrektor işi heç də qənaətbəxş hesab edilmir.

Məsələn, millət vəkili Aqil Abbas deyir ki, bu gün müxbirlər redaksiyaya nə göndərirsə, onu olduğu kimi mətbuatda verirlər. Daha ağına-bozuna baxmırlar ki, orada nə yazılıb, necə yazılıb. Çünki əksər media qurumlarında nə korrektura, nə də ədəbi redaktə var. Ona görə də deputat hesab edir ki, bu problemi həll etmək üçün redaksiyada mütləq təcrübəli korrektorlar olmalıdır. Yəni redaktorlar həm də korrektorun işini görməməlidir.
Digər millət vəkili, "Azərbaycan” qəzetinin redaktoru Bəxtiyar Sadıqov da redaksiyalarda korrekturanın ləğv olunduğunu, ədəbi redaktənin yox dərəcəsində olduğunu deyib: "Baxırsan ki, yazıların çoxunda cümlələr baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır. Ona görə də bu hallar aradan qaldırılmalıdır. Dilimizin norma və qaydalarına əməl olunmalıdır”.
Qələm adamlarından biri korrektorları futbol komandasının qapıçısına bənzədib. O deyib ki, müdafiə nə qədər güclü, hücum xətti nə qədər peşəkar olsa da, qapıçının hər hansı balaca səhvi komandanı məğlubiyyətə düçar edə bilər. Təcrübəli korrektorlar da peşələrinin vacib və məsuliyyətli olduğunu düşünürlər. Hesab edirlər ki, bu peşədə mütaliə bazasının zəngin olması əsas amildir. Eyni zamanda dilin incəliklərinə bələd olmaq da önəmlidir. Amma media ekspertləri əsl korrektorların yoxluğundan şikayət etdikləri kimi əsl korrektorlar da həqiqi və peşəkar jurnalistlərin azlığından, təcrübəsiz qələmlərin çoxluğundan gileylənirlər. Deyirlər ki, fikirlərini ifadə etməyə çətinlik çəkən savadsız jurnalistlər çoxdur. Onlar Azərbaycan dilinin bütün qaydalarını pozurlar. Özəlliklə xarici mənbələrdən tərcümə zamanı biabırçı vəziyyət yaranır. Başdansovdu tərcümələrdə xəbərlə mübtədanın yeri dəyişik düşür, Azərbaycan sintaksisi darmadağın edilir. İşlərinin məsuliyyətli olduğunu vurğulayan korrektorlara görə, gündəlik qəzetin korrektəsi də çox ağırdır. Çünki onlar adətən orfoqrafik səhvlərlə yanaşı, üslub xətalarını da düzəltməli olurlar. Həmçinin, redaktorların gözündən yayınan redaktə səhvləri də olur. Korrektorlar Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Məsələn, "sanki”, "bəlkə” sözləri cümlədə işləndikdə, hər iki tərəfdə vergül qoyulmalıdır. Ruscadan və ya ingiliscədən mətbuat dilinə keçən yeni terminlər də problemlərə səbəb olur. Əvvəllər "kompüter” yazırdıq, yeni qaydalarda isə bu termin "kompyuter” kimi təsdiqləndi, amma niyəsini heç kim bilmədi. Köhnə qaydalara görə, vəzifə adları kiçik hərflə yazılırdı. Yalnız Baş prokuror sözündə "Baş” sözü böyük olurdu. Amma indi bir çox vəzifə adları böyük hərflə yazılır. Bu cür dəyişikliklər çaşqınlıq yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır. Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir? Yaxud da korrektorsuz mətbuat nə qədər normaldır?
Qaldırılan məsələyə münasibət bildirən "Yeni Azərbaycan” qəzetinin baş redakoru Hikmət Babaoğlu hesab edir ki, korrektura problemi çap mediasında o qədər dərin olmasa da, elektron və sosial mediada daha qabarıqdır: "İnternet mediada dilimiz daha çox təhrif olunur. Az-çox dil ənənələrini qoruyan, korrekturaya önəm verən elə çap mediasıdır. Məsələn, "Yeni Azərbaycan” qəzetində bu günə qədər korrektorlar çalışır. Bizim iki korrektorumuz var. Amma məsələ ondadır ki, yaxşı korrektor tapmaq ciddi problemə çevrilib. Çünki son dövrlərdə elektron KİV-lər vasitəsi ilə təbliğ olunan Azərbaycanın danışıq dili get-gedə məhdudlaşır və əsas etibarı ilə Bakı ləhcəsinə motivasiya olunur. Filmlərimizdə, seriallarımızda aktyorlar da bu ləhcədən, yerli dialektdən istifadə edirlər. Ədəbi dilin normaları unudulur, yaddan çıxır. Yetişən yeni nəsil ədəbi dillə özünü ifadə imkanlarından kənarda qalmış olur. Əsas problem budur və çox ciddi məsələdir”.
H.Babaoğlunun sözlərinə görə, hər keçən gün Azərbaycanın leksik fondu bir qədər də azalır: "Bu gün Azərbaycanın leksik fondunda 56 min söz var, ancaq jurnalistin yazısında və nitqində orta statistik hesablamalara görə, istifadə etdiyi sözlərin ümumi sayı 5 mindən çox deyil. Bilirsiz, bu, artıq faciədir. Problemdən yaxa qurtarmağın yeganə yolu korrekturanın bərpasıdır. Burda söhbət təkcə qəzet və sayt korrekturasından getmir. Eyni zamanda radio və televiziya aparıcıları, müxtəlif mövzularla bağlı efirlərdə ictimaiyyətə təqdim olunan ekspertlər də dilin tələblərinə əməl etməlidir. Yəni bu prosesi kütləviləşdirmək lazımdır. Bununla həm dilimizin leksik fondu zənginləşəcək, həm də yazılarda və niqtlərdə düzgün ifadə tərzi formalaşacaq”.
Baş redaktorun fikrincə, dövrdən, şəraitdən asılı olmayaraq, KİV-lərdə ədəbi dilin tələblərinə ciddi şəkildə riayət olunmalıdır: "Qramatik qaydalar, sözlərin leksik və semantik mənası, məzmunu mütləq gözlənilməlidir. Burda məsuliyyət həm redaktorun, həm də korrektorun üzərinə düşür. Bu iki şəxs həm də sözün etimoloji mənasını bilməlidir. Ancaq bəzi hallarda dil sahəsində ali təhsilli mütəxəssislər belə xətalara yol verirlər. Dil hər bir xalqın varlığıdır. Dilimiz varsa, biz də varıq, yoxdursa, biz də yoxuq. Dilin qorunmasının yolu isə müvafiq qayda-qanunlara əməl etməkdən keçir”.
"Yeni Çağ” qəzetinin və saytının baş redaktoru Aqil Ələsgər də deyib ki, korrektorla redaktor arasındakı fərq çox böyükdür: "Redaktor çox vaxt hərf səhvini görmür, hətta deyərdim ki, görmək məcburiyyətində də deyil. Onun əsas vəzifəsi ümumi məna, fikirlərlə bağlıdır, hərf səhvləri korrektorun vəzifəsidir. Bu gün nəinki redaktorlar müxbirin göndərdiyi məlumatları olduğu kimi dərc edirlər, hətta bir çox saytlarda müxbirlərə verilən adminlə, redaktora ehtiyac duymadan xəbər yerləşdirilir. Bu da bəzən ciddi səhvlərə səbəb olur. Xüsusilə, internetdə, link paylaşma deyə, bir ənənə var. Yəni, mən öz yazımı sizə göndərirəm ki, sizin saytda da öz əksini tapsın. İnanın, bəzən çox tanınmış saytlardan olan dostların belə bərbad dildə yazıldığı üçün yazısını yayımlaya bilmirik. Ya da vaxtım olanda, redaktə və korrektə etdikdən sonra özünə də göndərirəm ki, yazını dəyiş”.
Baş redaktorun sözlərinə görə, bu məsələdə ikinci bəla "Facebook” dilidir: "Artıq Azərbaycan mətbuatında belə bir dil yaranıb. İnsanlar o qədər ingilis klavyesi ilə yazmağı öyrəniblər ki, Azərbaycan klavyesini unudublar. O səbəbdən də hesab edirəm ki, korrektorluq çox ciddi institutdur və lazımlıdır. Korrektorluğa ehtiyac görülməməsinin səbəbi bir az da maliyyə və bu işdəki maaş problemi ilə əlaqədardır. Çünki əksər redaksiyalarda korrektorlar hamıdan çox əziyyət çəksələr də, ən az maaş alan kateqoriyasındadırlar. Ona görə, bu işə maraq yox dərəcəsindədir. Bu səbəbdən də müxbir tapmaq daha asandır, nəinki korrektor. Bu sahədə nəsə düşünülməsə, yaxın on ildə belə bir sahədən kimsənin xəbəri olmayacaq”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də bu gün əksər media orqanlarında korrektura və korrektor probleminin olduğunu bildirib: "Nüfuzunu gözləyən redaksiyalar təcrübəli korrektorlara ehtiyac duyurlar. Məsələn, "Yeni Müsavat”da 3 korrektor çalışır və hər üçü savadlı, sanballı, işini bilən kadrlardır. Bəzi redaksiyaların rəhbərləri qeyri-peşəkar olduqlarından korrektorun əhəmiyyətini bilmirlər. Digər tərəfdən bu gün əksər media qurumlarının məqsədi daha az xərclə sayt və ya qəzet saxlamaqdır. Bu səbəbdən korrektor ştatını ləğv ediblər. Hesab edirəm ki, media orqanlarının normal gəlirləri olsa, reklam bazarı formalaşsa, əksər problemlər həllini tapar, o cümlədən də korrektor problemi. Problemləri heç bir halda həll etməyə çalışmayan və buna əhəmiyyət verməyənlər isə onsuz da avtomatik olaraq sıradan çıxacaqlar. Çünki oxucu çox diqqətlidir, özünə hörmət etməyən mətbuat orqanını tez bir zamanda unudur”.
"APA” İnformasiya Agentliyinin redaktoru Cavid İsmayıl da hesab edir ki, çap mediasında korrektora tarixən ehtiyac olub və bundan sonra da olacaq: "Onlayn media ilə bağlı bunu demək bir qədər çətindir. Çünki informasiya əsrində hamı xəbəri birinci verməyə çalışır. Düşünmürəm ki, onlayn mediada korrektora o qədər ciddi ehtiyac var. Çünki indi onların yerini redaktorlar tutub. Təbii ki, söhbət peşəkar redaktorlardan gedir. "Qoy desinlər mənim də saytım var” prinsipi ilə media aləminə dürtülənlərdən söhbət getmir. Çox şükür, indi hərf səhvlərini göstərən texniki proqramlar da icad olunub. Azca əziyyət çəkib o proqramlardan alsınlar və sayta qoyduqları yazıları diqqətlə oxusunlar. Oxucuya bu qədər hörmətsizlik etməyə gərək yoxdur”.
"Azadinforum” İnformasiya Agentliyinin baş redaktoru, tanınmış jurnalist Niyaz Niftiyev də düşünür ki, heç bir media orqanını, xüsusən də qəzet və jurnalları, ümumilikdə çap mediasını korrektorsuz təsəvvür etmək mümkün deyil: "Çap mediasından fərqli olaraq, internet mediada biz bu kimi məsələlərə yenidən baxa bilərik. Bu o qədər də ciddi problem yarada bilməz. Ən azı ona görə ki, internet media bütün hallarda müdaxiləyə açıqdır. Ən azı dost-tanışın və yaxud da redaktorun təkrar baxışından sonra yazıya müdaxilə edib düzəlişlər aparmaq mümkündür. Bu da 5-10 dəqiqədə effekt verəcək, əks-təqdirdə bu gün qoyulan yazı 24 saatdan sonra, yəni sayta qoyulandan sonra korrektə olunacaqsa, bunun da heç bir faydası olmayacaq. Həmin xəbər və yaxud da məqalə sayta qoyulduqdan dərhal sonra oxunmağa başlayır və bu proses bəzən 5-10 dəqiqə, bəzən də 1-2 saat davam edir. Ona görə daha yaxşı olar ki, istər yeni internet mediada, istərsə də çap mediasında korrektor ştatından istifadə etsinlər”.


(davamı var...)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb