Medianın əsas vəzifəsi faktı çatdırmaqdır

Hər bir KİV orqanı qətl və intiharların işıqlandırılması zamanı ehtiyatlı olmalıdır



(əvvəli ötən sayda)

Zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularından olub. Çox vaxt psixoloqlar və ictimaiyyət nümayəndələri kriminal xəbərlərin yayılmasında mətbuatı qınayır, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını iddia edirlər.

Bir çoxlarına görə, bu cür hadisələrin mediada geniş şəkildə işıqlandırılması intihar və zorakılığa meyilli insanları təşviq edir. Hətta bu məsələdə sovet təcrübəsindən danışanlar da var. Onların
fikrincə, sovet dövründə bu kimi halların gizlədilməsi, zorakılığa səbəb olan çağırış və görüntülərin yayılması qadağan olunmuşdu. Əslində mətbuatın bu cür xəbərlərlə bağlı oynadığı rol bir çox mərkəzlər tərəfindən araşdırılıb. Məsələn, ABŞ-ın Poynter İnstitutunun bu mövzuda hazırladığı bir neçə maddə var ki, bunlar intihar xəbərləri ilə bağlı xüsusi qəbul edilmiş xəbərçilik standartlarıdır. İnstitutun araşdırması göstərir ki, "körpüdən atladı”, "özünü yandırdı”, "boynuna ip keçirib özünü asdı” kimi spesifik detallar mediada başlıq kimi seçilməməlidir. Dəhşətli şəkildə ölmüş, intihar etmiş bir insanın şəkli, videogörüntüsü xəbər içində verilməməlidir. İntihar hadisələri romantik üsul ilə təqdim edilməməlidir. Məsələn, "intiharla ölümə”, "intihara təşəbbüs” kimi başlıqlardan qaçınmalıdır. Ölüm və qəza hadisələrini xəbərə çevirərkən jurnalist özündən bəsit açıqlamalar gətirməməlidir. Belə hadisələrdən ilk xəbər olaraq, ya da böyük başlıqlarla istifadə olunmamalıdır. Düz xəbər kimi yazılmalıdır ki, oxucu, izləyici intihar xəbərlərində meyillənəcək bir tərəf tapa bilməsin. Həmçinin, belə xəbərlərin sonunda intihara meyilli olanlar üçün psixoloji dəstək ala biləcəkləri mütəxəssislərin əlaqə telefonları əlavə olunmalıdır”. Elə əksər ekspertlər də hesab edirlər ki, media oxucuya insanları intihara qədər aparan depressiya hadisələrinin əslində müalicə edilə bilən bir xəstəlik olduğunu çatdırmalı və müalicə üsulları mövzusunda xalqı məlumatlandırmalıdır. Problemli insanları mütəxəssislərdən kömək istəməyə cəsarətləndirməlidir. Ancaq təəssüflər olsun ki, bizdə buna diqqət edilmir. İntihar xəbərləri manşetlərə daşınaraq, sanki, insanlara qarşılaşdıqları çətinliklərdən sıyrılmaq üçün ölümdən başqa asan yolun olmadığını aşılayırlar. Təbii ki, mətbuatın bunu bilərəkdən etdiyini düşünmək doğru deyil. Reytinq xətrinə yarışa çıxmış saytlar, televiziyalar çox vaxt bu üsuldan istifadə etməyə məcbur qalırlar. Ancaq bunun qarşısı qəti şəkildə alınmalıdır. Söhbət gələcəyimiz olan gənclərdən və sağlam topluluqdan gedirsə, reytinq və İP-ni düşünmədən qurban verməyə dəyər.

Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov deyib ki, kriminal xəbərlərin detallı verilməsi insanların psixologiyasına ciddi təsir göstərir. Çünki xəbərlərdə adı çəkilənlər və şəkilləri göstərilənlər kiminsə övladı, valideyni, nəvəsi və ya yaxınıdır: "Bu cür hallar insanların şəxsi həyatına müdaxilə kimi dəyərləndirilir, fikrimcə, belə hadisələrin xəbər kimi verilməsi doğru deyil. Kriminal xəbərlər verilərkən ölü adam, qanlı səhnələr birbaşa göstərilməməlidir. Çünki bu gün insanların psixikası əvvəlki dönəmlərdə olduğu kimi möhkəm deyil. Həmin kadrlara baxandan sonra özünü narahat, gərgin hiss edən, psixoloji sarsıntı keçirən insanlar çoxdur. Elə insanlar var ki, hansısa avtoqəzadan olan şəkilləri görəndən sonra içində qorxu yaranır və maşın sürə bilmir. Fikirləşir ki, o da qəza törədəcək. Bu gün psixi sağlamlıq daha ciddi şəkildə qorunmalıdır. İnsanlar əvvəlki illərlə müqayisədə daha da həssaslaşıblar. Baş verən bütün proses və hadisələr insanın psixikasına güclü təsir göstərir”. Psixoloq deyir ki, bu cür məsələlərdə ictimai həmrəyliyin olması çox vacibdir: "Təəssüf ki, kriminal xarakterli xəbərlər sosial şəbəkələr üzərindən də yayılır. Ona görə də ictimai qınaq çox vacibdir. Bu gün Azərbaycanda senzura yoxdur və hər kəs öz düşüncələrini deməkdə azaddır. Xəbərləri verən sayt və ya televiziya da insanların psixikasını nəzərə almalıdır. Dövlətin buna hansısa formada nəzarət etməsinə ehtiyac yoxdur”.

Yeni Media Jurnalistləri İctimai Birliyinin rəhbəri, tanınmış jurnalist Xəqani Səfəroğlu bildirib ki, bütün dünyada qətl hadisələri ən çox oxunan və baxılan xəbərlər siyahısına daxildir. Onun sözlərinə görə, kriminal xəbərlər cəmiyyətin özündən qaynaqlandığı üçün həmişə böyük marağa səbəb olur: "Bu, bir növ real hadisə olduğu üçün insanlar ona daha çox diqqət yetirirlər. Bütövlükdə baxanda ölkənin yeni mediasında, mətbuatda, elektron mediada və sosial şəbəkələrdə ilk baxışdan elə bir təəssürat yaranır ki, qətl hadisələri, intiharla bağlı xəbərlər və s. ilkin sıralarda yer alır. Bu da müəyyən narahatlıqlar doğurur”. Ekspertin fikrincə, ən böyük narahatlıq kriminal xəbərlərin təsiri altında aqressiv mühitin və ovqatın formalaşmasından ibarətdir. Belə ki, bunun müəyyən amillərindən biri xəbər proporsiyasının düzgün bölünməməsidir: "Bizim ölkəmizdə bəzi xəbərlərin - sosial, siyasi müstəvidə olan informasiyaların arxa plana keçməsi kriminal tipli xəbərlərin önə çıxmasına şərait yaradıb. Avropa ölkələrində, hətta Rusiyada belə kriminal xəbərlərlə bağlı xüsusi saytlar, jurnallar fəaliyyət göstərir və informasiyalar təhqiq olunur. Hadisə baş veribsə, məhkəmə işi araşdırılır,
şahidlərlə bağlı məqalələr yazılır, proses haqda məlumat verilir və qətlin baş verməsinin sosial aspektləri göstərilir. Həmçinin, hadisə ilə bağlı maarifləndirmə xətti də üstünlük təşkil edir. Azərbaycanda isə cinayət hadisələri ilə bağlı yalnız hüquq-mühafizə orqanlarından alınan xəbərlər təqdim olunur. Bəzən bu xəbərlər həqiqəti əks etdirmir. Sosial şəbəkələrin və yeni medianın fəaliyyət göstərdiyi şəraitdə bu cür xəbərləri bir dəfə paylaşmaq kifayət edir ki, hər tərəfə yayılsın. Bəzən hadisə baş verir, ancaq 10-15 dəqiqədən sonra təkzib olunur. Artıq xəbər yayıldığı üçün bunun qarşısını heç cür almaq olmur. Bu da internet medianın özəlliyidir”.

Birlik rəhbəri hesab edir ki, bütövlükdə cəmiyyətdə kriminal xəbərlərin payının çox olması müəyyən narazılıq yarada bilər. Xüsusən yeni qəzet oxumağa başlayan, sosial şəbəkələri izləyən gənclər həssas dövrlərini yaşadıqlarından psixoloji narahatlıq keçirə bilərlər: "Ən çox narahatlıq doğuran məsələlərdən biri də qətllərlə bağlı fotoların paylaşılmasıdır. Bu, ciddi şəkildə peşə etikası qaydalarını pozur. Ölən adamın üzü, qan izləri, meyitin doğranmış hissələri göstərilməməlidir. Qətl hadisələrini şərti bir foto ilə və ya həmin insanın üzü və ya müəyyən hissələrini örtülmüş formada göstərmək olar. Bu, həm sosial şəbəkələrə, həm də KİV-ə aiddir. Sanki bir yarış gedir, "kim daha canlı göstərir, kim kiçik detalları ilə təsvir edə bilirsə” özünü həmin xəbərin mənbəyi kimi təqdim edir. Bu da cəmiyyətdə aqressiv bir mühitin formalaşmasına səbəb olur”.

Jurnalistin fikrincə, televiziyalardakı kriminal verilişlərdə də uzun-uzadı diskussiyaların aparılması məqbul deyil: "Medianın vəzifəsi xəbəri vermək və ya ictimai əhəmiyyəti varsa, onunla bağlı detalları açmaqdır. Amma adi bir kriminal olayı xüsusi bir vurğuyla, baş xəbər kimi təqdim etmək düzgün deyil. Çünki bu, ən çox uşaqlara təsir edir. Belə ki, indi onlar da internetin aludəçisinə çevriliblər”. Ekspert qətllərlə bağlı xəbərlərin və ya fotoların KİV-də və sosial şəbəkələrdə yer alması üçün hər hansı bir qadağanın tətbiq olunmasını əhəmiyyətsiz hesab edir. Belə ki, sadəcə Mətbuat Şurasının qəbul etdiyi peşə kodeksinə əməl etmək kifayətdir: "Özünə hörmət edən hər KİV peşə etikasını gözləməyə borcludur. Bunun üçün sadəcə işin başında peşəkarlar olmalıdır - ən vacibi də budur. Problemin qarşısını qadağa ilə yox, peşəkarlıqla almaq olar”.

"Müsavat.com” saytının redaktoru, tanınmış jurnalist Xalid Kazımlı dəqiqləşməyən materialların KİV-də yer almasını yolverilməz hesab etsə də, baş verən hadisələrin gizlədilməsini də bir o qədər yolverilməz sayır: "Yəni bir hadisə baş veribsə, bu artıq sosial hadisədir. Kriminal hadisə olub-olmamasından asılı olmayaraq yazılmalı, göstərilməlidir. İctimaiyyət bundan xəbərdar olmalıdır. Çünki bu kimi hadisələr gizlədilərsə, onun nə qədər xroniki və ya kütləvi olması ortaya çıxa bilməz. Nəticədə həmin hadisələri ortaya çıxaran mühit barədə müzakirə açılmaz və problem həll olunmaz. Tutaq ki, dalbadal intihar hadisələri baş verirsə və bu artıq ictimailəşirsə, mütəxəssislər dərhal bu barədə öz fikirlərini açıqlayırlar. Məsələ ictimai müzakirəyə səbəb olur. İntiharları doğuran səbəblər müəyyənləşir, səlahiyyətli orqanlardan və ya vətəndaş cəmiyyətindən tələb olunur ki, bu problemin həlli ilə məşğul olsunlar. Əgər biz bunu mətbuatdan gizlədiriksə, ictimaiyyətdən də gizlətmiş olacağıq və bu problem həzin-həzin yanan ocaq kimi uzun müddət davam edəcək”.

Bununla belə redaktor hesab edir ki, toydan hansısa gəlinin qaçması və ya hansısa bir müğənninin öz ailəsi ilə konfliktdə olması ictimai müzakirə olunası məsələ deyil, sarı xəbərdir: "Belə xəbərləri hansısa sarı mətbuat verə bilər. Ancaq ölkənin ən ciddi saytları bu xəbərləri verirsə, buna silsilə məqalələr həsr edirsə, bu, anormallıqdır”. Kriminal hadisələrin cəmiyyətdə aqressivlik yaratmasını iddia edən psixoloqların fikrinə gəlincə, X.Kazımlı bunu yanlış hesab edir: "Baxaq görək, qətl törədənlərin 99 faizi ömründə bir dəfə qəzet oxuyubmu? Qətl törədənlərin, cinayətkarların dünyası ayrıdır. Qəzet oxumaq, televiziyada xəbərləri izləmək onların dünyasına aid deyil. Bu gün hətta, ölkənin bir faizi belə qəzet oxumur. "Hansısa mətbuat orqanı bu mövzuda yazdı deyə, qətllər çoxaldı” fikri isə inandırıcı deyil. Ola bilər, televiziyanın müəyyən təsiri olsun, amma bu, qəzetlərin yazmasından asılı deyil”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb