Medianın jurnal dövrü keçib?

Aqil Camal: “Hazırda Azərbaycanda poliqrafik baxımdan ən keyfiyyətli halda çıxan ən bahalı jurnallar belə bir-birinə bənzəyir”
Elşad Məmmədli: “Çap mediası hər zaman funksionallığına görə üstündür”



Səxavət Məmməd: "Hazırda ölkədə çıxan 5 jurnalın adını ardıcıl saya bilmərəm”


Elçin Mirzəbəyli:"Jrnallara və digər çap məhsullarına olan marağı artırmaq üçün orta məktəblərdən
müəyyən tədbirlər görmək lazımdır”


(Əvvəli ötən sayımızda)

Onlayn medianın çap mediasını üstələdiyini hər an görmək mümkündür. Bu gün nəinki qəzetə, jurnala, demək olar ki, kitaba da maraq azalır. Görünən odur ki, artıq oxu vərdişi xeyli azalıb və bu surətlə də davam edir. Hər kəs özünə lazım olan məlumatı internet resurslarından istifadə edərək əldə etməyə çalışır. Bu da çap mediasının zamanla sıradan çıxmasına səbəb olur. Məlumdur ki, zaman və məkan anlayışı olmadan onlayn media vasitəsilə informasiya əldə etmək kifayət qədər rahat və əlverişlidir. Elektron kitabların və kitabxanaların mövcudluğu və daha da inkişaf etməsi qəzet və jurnal oxucularının sayının azalmasına şərait yaradır. İstənilən vaxt və istənilən yerdə müvafiq informasiyanı, xəbəri əldə etmək oxucu kütləsinin diqqətini daha çox cəlb edir.

Artıq oxucular lazımi məlumatları saytlar vasitəsilə əldə edirlər. Lakin maraqlı məqam budur ki, onlayn media yalnız ölkəmizdə mövcud deyil. Avropa və Amerika ölkələrində, qardaş Türkiyənin özündə müasir dövrün tələblərinə cavab verən media sürətlə inkişaf edir. Bütün dünyada internet kağız mediaya zərbə vurub. Elektron media informasiya operativliyinə görə kifayət qədər oxucuların diqqətini cəlb edir. Amma Türkiyədə jurnallara, qəzetlərə olan tələbat, maraq olduqca çoxdur. Ölkəmizdə isə gün keçdikcə çap mediasının sıradan çıxmasını, oxucuların jurnallara, qəzetlərə olan marağının azalmasını təəssüflə də olsa qeyd etməliyik.

Bu gün çox az sayda jurnalların nəşr olunduğunu görə bilərik. Jurnal, qəzet oxuyan insanların sayı isə günü-gündən azalır. Çap mediasının inkişafı üçün təbii ki, oxucu kütləsinin olması əsasdır. Lakin məsələnin maddi tərəfini də nəzərə almaq lazımdır. Oxucu olmadığı halda jurnalların, qəzetlərin çapı olduqca çətin, hətta mümkünsüz bir məsələdir.

Ekspertlərin böyük qismi onlayn resursların inkişaf etməsinə baxmayaraq, çap məhsullarının hər zaman önəmli olduğunu düşünür, qəzetlərin, jurnalların qorunub saxlanmasını bir növ ənənələrin qorunması hesab edirlər. Bəs ölkəmizdə jurnal çapına maraq niyə azdır? Səbəb internet mediasının inkişafıdır, yoxsa ortada başqa amillər mövcuddur?

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal "Şərq”ə bildirib ki, Azərbaycanda klassik jurnalizmin geriləməsinin başlıca səbəbi intellektual oxucu çevrəsinin azalmasıdır. Onun sözlərinə görə, bu, özünü kitab oxunmasında, qəzetlərdə, televiziyalarda, saytlarda elmi-kütləvi materiallara baxışların azalmasında da göstərir:

 "Həyatın müxtəlif sahələrində olduğu kimi mətbuat, media sahəsində də ölkələrin özünəməxsus inkişaf yolu var. Bu baxımdan, Azərbaycanda çap mediasının, o cümlədən, jurnalların hazırkı durumunu, başqa ölkələrlə müqayisə edərkən hər bir ölkənin ictimai-siyasi mühitini, şərtlərini nəzərə almaq lazımdır.

Ölkəmizdə jurnallara olan tələbatın azalmasının digər səbəbi internet mediasının, sosial medianın önə keçməsidir. Oxucu, jurnalda toplu halda oxuya biləcəyi yazıları, müsahibələri, araşdırmaları ayrı-ayrı şəkildə saytlardan, sosial şəbəkələrdən oxuyur. Həmçinin, informasiya istehsalında hazırkı dinamizm, oxucuda ayda bir dəfə çıxan hansısa jurnalı gözləməyə ehtiyac yaratmır. Həm də, indi media bolluğunda demək olar ki, bütün sahələr üzrə yazılar işlənilir, xarici mənbələrdən tərcümələr edilir. Ona görə də, aylıq jurnalın əlahiddə bir yaradıcılıq məhsulu ortaya qoyacağı gözlənilən deyil. Hazırda Azərbaycanda poliqrafik baxımdan ən keyfiyyətli halda çıxan ən bahalı jurnallar belə bir-birinə bənzəyir. Daha çox sifarişli reklamlar, biznes dairələrinin təmsilçiləri ilə müsahibələr, xarici ölkələrin şou-biznes dünyasının mənsublarına aid fotosessiyalar və s. Bu mənada hesab edirəm ki, hazırda Azərbaycanda jurnallara olan oxucu marağının səviyyəsi, həmin jurnalların öz səviyyəsinə adekvatdır”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə onlayn medianın yazılı mətbuatı üstələməsi fikri ilə razılaşmadığını deyir: 

"Çap mediası hər zaman funksionallığına görə üstündür. Məsələn, nə qədər populyar və güvənli sayt olursa olsun, bir gün qapandısa, bütün yazılar, bütün arxiv də yox olur. Çap mediası isə dövlət arxivlərində, redaksiyanın öz arxivində qalır. İkincisi, çap mediasının oxucu kütləsi ilə onlayn media izləyiciləri arasında ciddi fərq var. Yəni çap mediasının oxucuları onlayn media izləyiciləri olmayan zümrədir. 

Amma təəssüf ki, bu gün həmin zümrənin böyük qismi bu və ya digər səbəblərdən jurnal, qəzet oxumur. Qəzetlər var, oxucu kütləsi azalsa da, maraq qalır və qalacaq. Jurnal isə mediada spesifik sahədir. Hazırda ölkədə maraq doğuracaq jurnallar yox səviyyəsindədir. Özüm hərdən AYB-nin "Ulduz” jurnalını alıram, maraqlanıram. Digər jurnallar isə kampaniya xarakterlidir, yaxud hansısa konkret sahəyə aiddir. Düşünürəm ki, bizdə ciddi düşündürücü, keyfiyyətli materiallar dərc olunan jurnal çap edilərsə, bəlli bir kütlənin marağına səbəb ola bilər”.

Azərbaycanda nəinki jurnalların, qəzet və kitabların oxunmasında ciddi problemlər olduğunu deyən "Yenicag.az” saytının reportyoru Səxavət Məmməd "Şərq”ə bildirib ki, sanki ölkəmizdə kağıza qarşı allergiya yaranıb: 

"Bir dönəm Azərbaycanda jurnallar dəb halına gəlmişdi. Jurnal oxumaq, almaq bir dəb idi. Ancaq nədənsə bu dönəm tez bitdi. Onlayn media dünyanın hər yerində mövcuddur. İnternet istifadəçilərinin sayını, keyfiyyətini nəzərə alsaq Azərbaycan heç də öncüllərdən deyil. Ona görə də, Azərbaycanda onlayn medianın çap mediasını üstələməsini bununla əlaqələndirməyi yanlış hesab edirəm. Açığı, çap mediasının arxa plana keçməsində media rəhbərlərinin də rolu böyük oldu. 

Daha çox işin asanına və az xərc tələb edən sahəsinə qaçdılar. Bu da özlüyündə çap mediasının demək olar ki, məhvinə gətirib çıxardı. Razıyam, reklamın olmaması, satışdan gəlirin əldə edilməməsi halları mövcuddur. Nəşriyyatlarla qəzetlər, jurnallar arasında baş verən borc qalmaqallarını da unutmamışıq. Hər halda çap mediasının zəifləməsi çox üzücüdür. Xaricdə olarkən insanların metroda, marşrutda qəzet, jurnal oxuduğunun hər birimiz şahidi olmuşuq. 

İnsanlar səhəri qəzetlə açırlar. Düzdür, onlayn medianı da izləyirlər, ancaq jurnal oxumaq ənənəsi mövcuddur. Bəziləri deyir ki, bizdə qəzet, jurnal oxuyan yoxdur. Siz nə zaman qəzet, jurnal çap etdiniz ki, oxuyan da tapmadınız? Məncə bizdə qəzet, jurnal oxuyan yoxdur, demək, sadəcə olaraq bəhanə və insanlara şər atmaqdır. Açığı hazırda ölkədə çıxan 5 jurnalın adını ardıcıl saya bilmərəm. İzlədiyim jurnal mövcuddur. Çalışıb "Azeri Defence” jurnalının hər buraxılışını əldə edirəm”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ölkəmizdə nəşr olunan jurnalları izlədiyini bildirdi:

 "Ölkəmizdə ədəbiyyatla bağlı nəşr olunan bütün jurnalları əldə edirəm. Mütəmadi olaraq oxuduğum- "Ulduz”, "Qobustan, "Azərbaycan” jurnallarıdır. Digər tərəfdən, siyasi sahəyə aid olan və Azərbaycanda nəşr edilməyən jurnalları da əldə etməyə çalışıram. Bəzən bu jurnalları Bakıya göndərmək çətin olanda elektron versiyalarını da oxuyuram. Lakin çalışıram ki, daha çox kağız formatdan istifadə edim. Uşaqlıqdan jurnal, kitab, qəzet oxumaq kimi vərdişlərim var idisə, bu gün də davam edir. Yəni bu, bir vərdişdir, bu mədəniyyətin, ümumiyyətlə müasir insanın mədəni həyatının tərkib hissəsi olmalıdır.

Təəssüflər olsun ki, Azərbaycanda hələ sovet dövründə də qəzetlərə, jurnallara meyl o qədər də çox deyildi. Həmin dövrdə sabiq SSRİ-nin ayrı-ayrı kitab dükanlarının və ya qəzet köşklərinin qarşısında böyük növbələr görmək mümkün idisə, Azərbaycanda maksimum halda bir neçə nəfər növbəyə dayanırdı. Ola bilsin ki, təsadüfi hallarda kimlərsə çox populyar bir kitab üçün növbədə dururdular . Lakin bu kütləvi xarakter almırdı. Bu gün dünyanın bir çox ölkələrində internet media, sosial şəbəkələr inkişaf etsə də, yenə jurnallar insanların həyatının tərkib hissəsidir. Yəni ki, sivil bir insan səhərini yemək masası arxasında jurnal, qəzet oxumaqla açır. Bu bir həyat tərzidir, obrazdır. Çox arzu edərdim ki, bu obraz kifayət qədər mədəni, intellektual toplum olan azərbaycanlıların da həyat tərzinə çevrilsin. Amma arzular yetərli deyil.

Düşünürəm ki, jurnallara və digər çap məhsullarına olan marağı artırmaq üçün orta məktəblərdən müəyyən tədbirlər görmək lazımdır. 

Müəyyən sahələrlə bağlı və hər yaş qrupuna aid spesifik jurnalların nəşr edilməsi lazımdır. Beləliklə, orta məktəb dövründən başlayaraq uşaqlarda jurnal oxumaq vərdişi formalaşacaq. Uşaq nəşrlərinin ərsəyə gəlməsi ilə uşaqlarda oxumaq mədəniyyəti formalaşar və bu proses sonralar da davam edə bilər. Məncə valideynlər də orta məktəbdə jurnalların nəşrində maraqlı olmalıdır. Bəzən valideynlər bu məsələyə aqressiv yanaşırlar, əlavə materialların nəşrində maraqlı olmurlar. Halbuki bütün bunlar onların övladları üçündür. Uşaqların oxuma vərdişlərini formalaşdırmaq, onların jurnal oxumaqlarını ənənəyə çevirmək mümkündür”.

Yeganə Bayramova