Məgər başqa dizayn qalmayıb?

Şpris qələm birbaşa narkotikdən istifadəni təbliğ edir
Mütləq araşdırma aparıb, bunu satışa buraxan insanların məqsədini öyrənmək lazımdır


Sosial şəbəkələrdə yayılan şpris qələm fotosu ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu qələm yazı vasitəsindən daha çox narkomaniyanın təbliğatı kimi xarakterizə edilib. "Sağlam Toplum" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının fikrincə, valideynlər uşaqlara ləvazimat seçərkən çox diqqətli olmalıdırlar:

"Şpris qələmi normal qəbul etmirəm. Bir məktəblinin qələmi şpris formasındadırsa, bu, uşağa şüuraltı mesajdır. Biz hər zaman 25-ci kadr məsələsini tənqid edir, bunun virus kimi yayıldığını düşünürük. Bu qələm məsələsi də həmin qrupun işinə oxşayır. Düşünmürəm ki, bu şprisin satışını həyata keçirənlər həkimliyin təbliğatını nəzərdə tutsun. İynə xəstəliyin əlamətidir, sağlam təfəkkürün məhsulu deyil. Başqa dizayn qalmayıb məgər şpris qələm istehsal edirlər. Çox vaxt bizi qınayırlar ki, jurnalistlər hər şeydən bir məna çıxardır. Ancaq bu, ciddi məsələdir. Mütləq araşdırma aparıb, bunu satışa buraxan insanların məqsədini öyrənmək lazımdır. Bu, sadə marketinq məhsulu deyil. Alt şüurumuza nəyisə yeritmək istəyirlər. Üzərində dahilərin fotoları əks olunan qələmlər istehsal etmək olmazdımı? Qələmin üzərinə dahilərin təhsillə bağlı dediyi kəlamları da kiçik şriftlərlə yazmaq olardı. Biz də bu təşəbbüsləri təbliğ edib, "əhsən" deyəcəkdik".

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, dövlət qurumları təkcə şagirdlərin normal sinifdə, standartlara cavab verən müasir dərsliklərlə dərs almasına nəzarət etməməlidir. Eyni zamanda orta ümumtəhsil məktəblərində təhsil alan şagirdin istifadə etdiyi çanta, qələm, dəftərlərə də nəzarət etməlidir. 

Çünki bir çox hallarda onların üzərində təhlükəli şəkillər, reklamlar olur: "Bu gün ölkədə özəl sektor üçün geniş imkanlar yaradılıb. Hazırda mövsümü olduğu üçün məktəbli ləvazimatları satışı məntəqələri çoxalıb və təəssüf ki, onlara nəzarət olunmur. Satışı həyata keçirən şəxslər gəlir əldə etmək üçün bəzən milli dəyərlərimizə xələl gətirən məktəbli ləvazimatlarının satışını həyata keçirirlər. Şpris qələm ilk baxışdan maraqlı və cəlbedici görünə bilər. Amma bu, ilk baxışdan belədir. İndi informasiya əsridir. Şagirdlər nəzarətsiz halda internet resurslarından təhlükəli informasiyalar əldə edirlər. İndiyə qədər bunu hansısa kinoda, şəkildə görən şagirdlər, indi praktiki olaraq həmin şprisi əllərinə alırlar. Bu şpris qələm birbaşa şagirdlərə narkotikdən istifadəni təbliğ edir. Yox əgər məqsəd bu deyilsə, bəs nədir?
Bilirsiz, bəzi şəxslər düşünə bilər ki, bu, şagirdlərdə həkimlik peşəsinə maraq oyatmağa xidmət edə bilər. Xeyr, əgər hansısa bir reklamın, əşyanın bir neçə mənası və istiqaməti varsa, bu təhlükəlidir".
Bu cür qələmlərin satışı və yayımının cinayət olduğunu, bu tipli qələmlərdən istifadənin dövlətin siyasətinə zidd olduğunu vurğulayan ekspert hesab edir ki, bu qələmləri ölkəyə gətirənlər, onun satışını həyata keçirənlər praktiki olaraq şagirdlərin şüuruna təsir göstərirlər. 

Onların təhlükəli istiqamətdə marağının oyanmasına səbəb olurlar:

 "Məktəb direktorları dərs başlayandan sonra siniflərdə monitorinqlər aparmalı, şüura təsir göstərən dizaynda olan qələmlər, üzərində təhsilə, şagirdə aid olmayan reklam, şəkil olan dəftərləri, çantaları istifadədən yığışdırmalıdır. Azyaşlı məktəblilər üçün nəzərdə tutulan bu qələmlərin, üzərində əxlaqsız şəkillər olan dəftərlərin satışını həyata keçirənlər millətə qarşı ağır cinayət törədirlər. Görün bizim biznesmenlər 6-16 yaşlı məktəblilərə nələri təklif edirlər?

Təəssüflər olsun ki, bir səlahiyyətli orqan tapılmayıb ki, bu biabırçılığa yol verənləri cəzalandırsın".

Şəymən