Məhbus dilini kəsib, heç kimin xəbəri yoxdur

Hüquq müdafiəçiləri deyir ki, gərək mütləq müraciət ola
Səadət Bənənyarlı: “Telefonla belə müraciət olsa, İctimai Komitə üzvləri olaraq biz hamımız işgəncə görən məhkumlara kömək etməyə hazırıq”


13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cabbarlı Natiq Vaqif oğlunun fiziki və mənəvi təzyiqlərə qalması barədə Gununsesi.info məlumat yayıb. Sayt məhkumun atası Vaqif Cabbarova istinadən məhkumun 2 aydır müntəzəm olaraq müəssisənin rəis müavini Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qaldığını qeyd edib. Eyni zamanda da məhbus N.Cabbarlının işgəncələrə dözməyərək, dilini kəsdiyi və hazırda vəziyyətinin ağır olduğu bildirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun təzyiqlərə məruz qalması və işgəncələrə dözməyərək dilini kəsməsi barədə yayılan informasiyanın həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, mətbuatda dərc edilmiş bu xəbərlə bağlı araşdırma aparılıb və yalan olduğu məlum olub.

Hadisə ilə bağlı mətbuatdan məlumatlı olduğunu vurğulayan Ədliyyə Nazirliyi yanında ictimai Komitənin üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı konkret müraciət olmadığı halda hüquq müdafiəçilərinin cəzaçəkmə müəssisələrində işgəncələri araşdırmaq səlahiyyətlərinin olmadığını deyib: 

"Monitorinqlər zamanı biz ayrı-ayrı məhbuslarla söhbət edib, onların problemləri ilə maraqlanırıq. Amma heç bir məhkum bizə üzləşdiyi çətinliklərlə bağlı məlumat vermir. Monitorinqlərin sonunda da hesabat hazırlayır və baş çəkdiyimiz cəzaçəkmə müəssisəsində heç bir işgəncə faktının qeydə alınmadığını yazırıq. Təbii ki, özümüzdən fakt uydurası deyilik ki? Sonradan isə bu cür xoşagəlməz hadisələrlə bağlı mətbuatda məlumat oxuyanda çox heyifslənirik ki, bəlkə də qabaqcadan bizə müraciət olunsa, qarşısını almaq üçün müvafiq addımları ata bilərdik”.

Qapalı şəraitdə olduqlarından məhbusların üzləşdikləri işgəncələr və digər hüquq pozuntuları ilə bağlı hüquq müdafiəçilərini məlumatlandırmamalarının başadüşülən olduğunu vurğulayan S.Bənənyarlının sözlərinə görə, burada əsas məsuliyyət onların ailə üzvlərinin üzərinə düşür: "Onsuz da ki, biz mümkün qədər məhkumların anonimliyini qorumağa çalışırıq”.

13 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə ay bundan əvvəl olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, İctimai Komitə üzvləri növbə ilə ayrı-ayrı cəzaçəkmə müəssisələrinə baş çəkirlər: "Çoxdandır ki, 13 saylıda keçirilən monitorinqlərdə iştirak etmirəm. Digər müəssisələrdə cəza çəkən məhbuslarla görüşlərim olsa da, onlardan heç biri mənə işgəncə barəsində müraciət etməyib. Ən çox şikayət pensiyalarla bağlı olur. Demək olar ki, son bir neçə ildə işgəncə faktı ilə bağlı hansısa məhkumdan müraciət daxil olduğunu görməmişəm. Belə olan halda isə bizim həbsxanalarda baş verən hüquq pozuntuları ilə bağlı araşdırma aparmaq imkanlarımız məhdudlaşır. Telefonla belə müraciət olsa, İctimai Komitə üzvləri olaraq biz hamımız işgəncə görən məhkumlara kömək etməyə hazırıq. Biz ancaq müvafiq müraciətlər əsasında cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib, məhkumlarla söhbət apardıqdan sonra obyektiv qərara münasibət sərgiləyə bilərik. Fərziyələrə dayanaraq subyektiv fikirlər açıqlamaq heç nəyi həll eləmir”.

Təzyiqlərə və işgəncələrə məruz qalan məhkumların hüquq müdafiəçilərinə müraciət etmədən özlərinə zərər verərək problemlərinin mətbuatda qabardılmasının inamsızlıqla bağlı olub-olmadığına gəldikdə isə S.Bənənyarlı deyib ki, əgər hansısa məhkum ona qarşı cəzaçəkmə müəssisəsi rəhbərliyinin münasibətindən narazıdırsa, bu barədə özünə xəsarət yetirmədən də jurnalistləri məlumatlandıra və onların vasitəsi ilə hüquq müdafiəçilərinin yardımımdan faydalana bilər: 

"Bu vaxta qədər bizə hansı məhkumdan işgəncə faktı ilə bağlı şikayət daxil olubsa, həmin müraciət mütləq şəkildə araşdırılıb və problem öz həllini tapıb. "Onsuz da baxan olmayacaq” deyib, hüquq

müdafiəçilərinə müraciət etməyən, əvəzində gah ağzını tikən, gah dilini kəsən, gah da intihara cəhd edən insanlara biz necə kömək edə bilərik ki? Bu artıq həmin məhbusların psixoloji vəziyyətində müəyyən proseslərin getdiyini göstərir. Əslində bu problem də cəzaçəkmə müəssisələrindəki psixoloq çatışmazlığı ilə əlaqədardır. Hər dəfəsində bu məsələni qabartmağımıza rəğmən problem hələ də öz həllini tapmayıb”.

Şəymən