Məhəllədə 5 pis dost tapmaq olar, amma internetdə minlərlə...

Uşaqlar virtual aləmdə tanımadıqları adamlarla çox rahat ünsiyyət qururlar“Valideyn görür ki, uşağı dinc oturub, ona fiziki təhlükə yoxdur, ev istidir soyuq dəymir, futbol oynayarkən yıxılıb əlini-qolunu sındırmır, pis təsir altına düşmür və içki içmir”
Virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar müasir texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Zaman və məkan mədudiyyəti olmadan, dünyanın istənilən yerində istədiyimiz saatda hər hansı bir məlumatı əldə etməyimiz olduqca sadədir. Hətta bu gün interneti bir çox tələblərə cavab vermək baxımından gündəlik həyatımızda prioritet olaraq görürük.
Bu gün yetişkin insanlar kimi uşaqlar da virtual aləmlə yaxından tanışdılar. Hətta bu, adi hal olaraq qəbul olunur. Əslində internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli, təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir. Bəzən veb-saytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Çünki cinayətkar qüvvələr internet vasitəsilə müxtəlif yaşda olan şəxslərə asanlıqla təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir.
Yeniyetmələrin virtual məkanlarda olmalarının əsas səbəblərindən biri isə diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirməkdir. Onlar tanımadıqları insanlarla daha rahat ünsiyyət qura bilirlər. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssas olduqları üçün valideynlərin diqqətli olması vacib amil hesab olunur. Valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməli, uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoymalıdılar. Lazım gəldikdə uşaqların hansı saytlardan istifadə etmələrinə və sosial şəbəkədə ünsiyyətdə olduğu şəxslərə yetərincə diqqət ayırmalıdırlar.
Bu günlərdə uşaqların internetdən istifadəsi ilə bağlı maraqlı statistika açıqlanıb. Belə ki, "Kaspersky Lab” şirkətinin təqdim etdiyi statistikaya əsasən, Azərbaycanda uşaqların internetdə arzuolunmaz fəaliyyətinin 75 faizi sosial şəbəkələrin üstünlük təşkil etdiyi ünsiyyət vasitələrinin payına düşür. Dünyada isə bu göstərici orta hesabla 63 faiz təşkil edir. Bu isə o deməkdir ki, azərbaycanlı gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir.
Virtual aləmin uşaqlar üçün yarada biləcəyi təhlükələr
Ekspertlər də sosial şəbəkələrlə bağlı bir neçə əsas təhlükəni qeyd ediblər. Məsələn, uşaqlar təsadüfən və ya bilərəkdən "böyüklər” üçün nəzərdə tutulmuş kontentlə rastlaşa bilərlər. Əslində isə söhbət sadəcə erotika və pornoqrafiyadan getmir, bu, həm narkotik vasitələr haqqında məlumat, sui-qəsd, həmçinin zorakılıq və silahlı səhnələr ola bilər.
Digər təhlükə isə uşaqların real dünya ilə müqayisədə sosial şəbəkələrdə daha asan ünsiyyətə girdikləri yad insanlardır. Şirkətin araşdırması göstərir ki, 14-16 yaşlı yeniyetmənin dostluq siyahısında orta hesabla 47 nəfər olur ki, onlardan cəmi 25-i real həyatda şəxsən tanıdıqları insanlardır. Bu cür hallarda ekranın digər tərəfində kimin olduğunu təxmin etmək çətindir - bu müasir yeniyetmədir və ya pis niyyətli yaşlı şəxs? Vəziyyəti daha da çətinləşdirən məqam isə yeniyetmələrin sosial şəbəkələrdə tez-tez öz ünvan və ya oxuduqları məktəbin nömrələrini, getdikləri məkanları paylaşmalarıdır ki, bu faktı sorğuda iştirak edənlərin 55 faizi təsdiq edib. Bu növ informasiya cinayətkara onları real həyatda asanlıqla tapmağa imkan yaradır.
Bəs sosial şəbəkələrdə övladınızın başına bir şeyin gəlib-gəlmədiyini necə yoxlamaq olar?
"Kaspersky Lab” şirkəti bunu yoxlamaq üçün başlıca əlamət olaraq uşaqlarda səbəbsiz yerə qəfil əhval-ruhiyə dəyişikliyi, rəqəmsal cihazlardan və internetdən istifadə üslubunun dəyişilməsi (məsələn, uşaq gecə yarısı internetə daxil olmaq üçün oyanır), sosial şəbəkələrdə dostların sayının qəfil azalması və ya artması, böyük yaş fərqi olan "dostların” üzə çıxması, uşağın səhifəsində xoşagəlməz foto və mesajların olması, sosial şəbəkələrdəki hesabların bağlanması hallarını qeyd edib.
Psixoloq Azad İsazadə virtual və ya real həyatdan asılı olmayaraq nəzarətsiz qalan yeniyetmə və azyaşlıların pis təsir altına düşə biləcəyini söyləyib. Psixoloq həmçinin qeyd edib ki, bəzən valideynlər müəyyən qadağalar qoymalı, uşaqlara alınan telefon və planşetləri, kompüterləri nəzarət altında saxlamalıdılar: 
"İstər sosial şəbəkələrdə, istərsə də real həyatda özümüzə dost axtarırıq. Əsas fərq ondadır ki, uşaqların küçədə olmasından valideynlər narahatdırsa, bu zaman uşağa vaxt məhdudiyyəti qoyurlar və kiminlə dostluq etdiklərinə nəzarət edə bilirlər. Real həyatda hansısa pis uşaqla dostluq etməyə başlayanda valideynlər bunu görə bilir. Amma yeniyetmə bütün gün küçədə nəzarətsizdirsə, onun pis insanlarla qarşılaşa bilmək riski var. Məsələn, tez siqaret çəkməyə başlayacaq, içki içəcək. Həmin proses internetdə də baş verir. Fərq ondadır ki, valideyn görür ki, uşağı dinc oturub, ona fiziki təhlükə yoxdur, ev istidir, soyuq dəymir, futbol oynayarkən yıxılıb əlini-qolunu sındırmır, pis təsir altına düşmür və içki içmir. Amma bu o demək deyil ki, uşaq pis təsir altına düşmür. Aydındır ki, uşaq məhəllədə özünə 5-10 nəfər pis dost tapa bilər, amma internetdə minlərlə. Bu məsələlərdə birmənalı olaraq valideynlər uşaqlarla ciddi maraqlanmalı, yaşdan asılı olaraq müəyyən qadağalar qoymalıdırlar. Söhbət böyük yaşdan gedirsə, qadağalar daha az olmalıdır, lakin azyaşlı, ya da yeniyetmə olan uşaqlara hansısa saytlara girməyə icazə vermək lazım deyil”.
Hüquqşünas Ələsgər Məmmədli isə şirkətin təqdim etdiyi statistikanın elə də qorxulu olmadığını söyləyib. Onun sözlərinə görə, önəmli olan uşaqların ciddi şəkildə internetə bağlılığının olub-olmamasıdır. Hüquqşünas həmçinin bildirib ki, əgər ölkəmizdə obyektiv informasiya yetərincə olsaydı, sosial şəbəkələrə o qədər də ehtiyac yaranmazdı:
"Müasir texnologiyanın imkanlarından imtina eləmək olmaz. Əlbəttə ki, hər kəs bu və ya digər formada sosial şəbəkədə olacaq. Burda əsas məsələ, uşaqların sosial şəbəkədən hansı məqsədlə istifadə etmələridir. Məsələn, uşaqlar var qrup qururlar və məktəblə, dərslik vasitəsi ilə bağlı müzakirələr aparırlar. Düşünmürəm ki, ölkəmizdəki uşaqlar sosial şəbəkə aludəçisidirlər. Bəlkə internetdə hansısa oyunlara meyilli ola bilərlər, amma bunlar sosial şəbəkə istifadəsi ilə bağlı məsələ deyil. Bu, ümumi şəkildə İnformasiya Kommunikasiya Texnologiyalarına (İKT) yanaşma mədəniyyəti ilə bağlıdır. Bu daha çox İKT-nin cinsəl ehtiyaclara yönəlib-yönəlməməsinin istifadə imkanları ilə əlaqədardır. Bu baxımdan əslində xoş bir rəqəmdir ki, Azərbaycanda internet istifadəçilərinin sayı çoxdur. O cümlədən sosial şəbəkə istifadəçilərinin sayının çoxluğu ölkəmizdə alternativ informasiya mənbəyidir”.
Yeganə Bayramova