Məhkəmə elə yetimin, kasıbın boğazına çökür

Vicdansız sahibkarlar banklara borcunu ödəmir, amma onlara səsini çıxaran yoxdur
İcra nümayəndələri qərarın icra edilməsində maraqlı olurlar, çünki pul qazanırlar




Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin ötən iclasında ölkənin məhkəmə sistemini tənqid edib. Məhkəmə-hüquq sistemində çoxlu problemlərin olduğunu deyən millət vəkili hesab edir ki, islahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimiz nəticəni ala bilməyəcəyik:

"İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır.

Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasının yolverilməz olduğunu deyən millət vəkili bəzi vicdansız sahibkarların banklara pulunu ödəmədiyini, bəzi vəkillərin də onlara vicdansız üsulla dəstək olduqlarını ön plana çəkib.

Hüquqşünas Müzəffər Baxış isə deyib ki, elə nüfuzlu insanlar var ki, onlara qarşı verilən məhkəmə qərarlarının icrası qeyri-mümkündür. Məhkəmə icraçıları da öz vəzifələrindən qorxaraq həmin şəxslərin üzərinə getmirlər. Konkret baxırlar ki, bu struktur vahidində məhkəmə qərarının icrası mümkün deyil. Bəzən isə heç bir əmlakı və ya maddi imkanı olmayan şəxsin barəsində hər hansı məhkəmə qərarı çıxarılır. Lakin maddi imkansızlıqdan çıxarılan qərarın icrasında problemlər yaşanır”.

İcra nümayəndələrinin bu məsələdə maraqlı olduğunu deyən M. Baxışın sözlərinə görə, icraçılar da bəzən pul qazanmaq naminə qərarların yerinə yetirilməməsində maraqlı olur: "Çünki onların işi çox çətindir, qarşılığında aldıqları əməkhaqqı isə qaneedici olmur. Bu səbəbdən onlar məhkəmə qərarlarının icrası ilə bağlı müəyyən kompromisə gəlir, qərarın icrasının gecikdirilməsi və ya edilməməsi ilə bağlı da tövsiyələr verirlər. Bu cür subyektiv amillər həddindən artıq çoxdur. Əslində məhkəmə hakimiyyətində ən çətin iş məhkəmə qərarlarının yerinə yetirilməsidir. Məhkəmə qərarının yerinə yetirilməməsi həmin qərarın xəyali, yəni heç bir əhəmiyyəti olmayan qərar olmasına dəlalət edir. Ona görə də məhkəmə hakimiyyətinə nüfuz gətirən ən mühüm amillərdən biri də bu qərarların icrasını təmin etməkdir. Lakin təəssüflər olsun ki, Azərbaycanda qərarların icrası ilə bağlı çox ciddi problemlər mövcuddur və bu, hazırda da davam edir”.

Şəymən