“Aldadılan payçıların böyük əksəriyyəti bir qəpik də almayıb”
"Deyirlər, zərərçəkmişlərə 10 milyon 500 min manat ödənilib. Məncə, bu, şişirdilmiş rəqəmdir. Aldadılan payçıların böyük əksəriyyəti bir qəpik də almayıb”.
Bu sözləri "Şərq”ə "Sevil Massivi” payçılarından biri, məhkəmədə zərərçəkmiş qismində iştirak edən Arzu Şıxəliyeva deyib. Zərərçəkmiş qeyd edib ki, məhkəmə prosesləri hər dəfə bir bəhanə ilə yubadılır, başqa günə keçirilir. Payçılara guya 10 milyon 500 manat pul ödənildiyi haqda xəbərlər yayılır. Əslində isə belə deyil:
- Bundan əvvəlki məhkəmə proseslərində də mən iştirak etmişəm. Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxslərin əmlakı müsadirə olunmalı və zərərçəkmişlərə ödənməlidir. Təqsirləndirilənlərin müsadirə olunmuş əmlakı 9 milyon manat dəyərindədir. Amma payçılara 15 milyon manat zərərp ödənməlidir. Hələ əmlak müsadirə olunarsa, 9 milyon məbləğ edəcək, 6 milyon manat əlavə ödəniş edilməlidir. 10 milyon 500 manat hardandır ki, payçılara da ödənsin. Siz məhkəmə prosesində iştirak etsəniz, nə qədər insanın ora gəldiyini görərsiniz. Məhkəməyə pulu ödənməyənlərin hələ üçdə-biri gəlir. Pulu ödənməyənlər ödənənlərdən dəfələrlə çoxdur. Proses şəffaf aparılmadığından zərərçəkmişlərdən neçə nəfərə pul ödəndiyini bilmək olmur. Biz sadəcə, məhkəmə prosesində çoxsaylı şikayətçilərin iştirak etməsinə görə pulun çox az bir qisim insana ödəndiyi qənaətinə gəlirik. Eşitmişik ki, kimlərisə gizli dəvət edib anlaşmaya gedirlər. Pulun bütünlüklə ödənməsinin onsuz da mümkün olmayacağını bəhanə gətirərək insanları aza qane olmağa çağırırlar”.
A.Şıxəliyeva bildirdi ki, növbəti məhkəmə prosesi iyulun 7-nə təyin edilib.
Xatırladaq ki, srağagün Bakı Ağır Cinayətlər Məhkəməsində "Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə sədrlik edən hakim Əfqan Hacıyev təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişlərə vurulan 19 milyon manat ziyandan 10 milyon 500 min manat ödənildiyini deyib.
Qeyd edilir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin İsmayılovun 13 il, Mirnamat Miradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumatda bildirilirdi ki, "Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bəs payçıların pulunu kim, necə ödəyəcək, bilinmir.
Məlahət Rzayeva