Məhkumu soyundurub videoya çəkiblər

Ata narahatdır, vəziyyəti araşdıran isə hələ yoxdur




Penitensiar Xidmətdə növbəti qalmaqal yaşanır. Lamiyə Quliyeva olayından sonra bu, ikinci gərginlikdir. Verilən xəbərlərə görə, 13 saylı cəzaçəkmə müəssisəsində məhkumu soyundurub videoya çəkiblər və pul ödəməsə, videonu paylaşacaqlarını deyiblər.

Bu barədə məhkum Rövşən Əmirovun atası Qərib Əmirov "Yeni Müsavat”a məlumat verib. Q.Əmirov bildirib ki, 8 iyul tarixində oğluyla görüşüb. Görüşdən sonra müəssisənin baş ədliyyə leytenantı, dəstə rəisi Elman Nuriyev və köməkçisi Telman Rəsulov məhkumdan pul tələb ediblər. Məhkum pulunun olmadığı dedikdə isə, onu E.Nuriyevin otağına aparıblar və orada ona işgəncə veriblər. Elman Nuriyev məhkumun əllərini tutub, köməkçisi isə 15-lik dəmir su borusu ilə məhkumu döyüb. Çox güman ki, məhkum ağrıdan huşunu itirdikdən sonra onu soyundurublar və videoya çəkiblər. Məhkum ayıldıqda ona deyiblər ki, pul verməsə, bu videonu bütün məhkumlara göstərəcəklər. Q.Əmirov oğlundan əvvəl eyni işgəncəyə Ceyhun adlı bir məhbusun da məruz qaldığını deyib.

Məhkumun atası oğlunun bununla bağlı müəssisə rəisinə məlumat verdiyini, Qaradağ rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini deyib.

Hadisə ilə bağlı Penitensiar Xidmət heç bir açıqlama verməyib. Ədliyyə naziri yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hadisə barədə mətbuatdan tanış olduğunu bildirdi:

- Mən də bu məlumatı xəbər saytında oxudum. Bilmirəm, deyilənlər nə dərəcədə düzgündür, nə dərəcədə həqiqətdir. Yoxlamaq imkanım da olmayıb. Məlumatı yerində yoxlamaq lazımdır. Bunun üçün də gərək cəzaçəkmə müəssisəsinə gedəsən, məhkumlarla görüşəsən. Bizim hələ ki, belə imkanımız yoxdur. 13 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirməyi bundan əvvəl də planlaşdırmışdıq, amma obyektiv səbəblərdən mümkün olmadı. Nə zaman ora gedə biləcəyimizi də hələ ki, dəqiq deyə bilmərəm.

Ə.Nuriyev hadisə barədə Penitensiar Xidmətlə əlaqə yaratmağa çalışsa da, bu, mümkün olmayıb.

Məlahət