Cümşüd Nuriyev: “Artıq önümüzdə yeni üfüqlərin açıldığını görmək mümkündür”
Mehriban Əliyeva Azərbaycan naminə böyük uğurlara imza atacaq
Fikrət Qoca: “Elmə, təhsilə, məktəbə diqqət də şəxsiyyət olmağın göstəricisidir”
Cümşüd Nuriyev: “Artıq önümüzdə yeni üfüqlərin açıldığını görmək mümkündür”
Cümşüd Nuriyev: “Artıq önümüzdə yeni üfüqlərin açıldığını görmək mümkündür”
Həvva Məmmədova: "Mehriban xanımın vitse-prezident seçilməsi əslində Azərbaycan qadınına
verilən ən yüksək dəyərdir”
2017-ci il fevral ayının 21-i xalqımız və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bir tarixi qərarla yadda qalacaq. Çünki həmin gün ölkə ictimaiyyəti idarəetmə strukturunda qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan bir yeniliyin reallaşdırılmasının şahidi oldu.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildi. Bu xəbər birmənalı olaraq cəmiyyət tərəfindən məmnunluqla qarşılandı. Ona görə ki, 2003-cü ildən ölkənin birinci xanımı statusuna malik Mehriban Əliyeva bu dövr ərzində çoxsaylı fəaliyyətləri ilə Azərbaycanı ölkədən kənarda layiqincə təmsil edib. Bir çox beynəlxalq miqyaslı yarışlara rəhbərlik edib və dünya dövlətləri tərəfindən Azərbaycanın tanınmasında əvəzsiz xidmətlər göstərib. Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti, bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə ona böyük rəğbət və nüfuz qazandırıb. Onun xeyriyyəçilik fəaliyyətində uşaqlara və yaşlı insanlara qayğısı xüsusi yer tutub. Mehriban Əliyeva bütün fəaliyyəti boyu sosial qayğıya ehtiyacı olan insanların problemlərinin aradan qaldırılması istiqamətində çalışıb. Uzun illər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Birinci xanım ölkənin ictimai-siyasi həyatında, Prezidentin imicinin formalaşmasında, dövlət idarəçiliyinin operativ, real həyata keçirilməsində çox yaxından iştirak edib. O, ulu öndərin adını daşıyan fondun yaradılmasından əvvəl də böyük təəssübkeşliklə fəaliyyət göstərib. Fondun yaradılmasından sonra isə Mehriban xanımın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin kəmiyyəti və keyfiyyəti dəfələrlə, coğrafiyası isə on dəfələrlə böyüyüb. Mehriban xanım Azərbaycan mədəniyyətinin şəriksiz dostu, səhiyyəmizin yorulmaz dəstəkçisi, uşaq və gənclərimizin isə əvəzsiz himayədarı kimi həm ölkə miqyasında, həm də beynəlxalq aləmdə Azərbaycan xanımlığına xüsusi nüfuz qazandırıb. Onun çoxsahəli ictimai-siyasi fəaliyyətində fəxr ediləsi məqamlar həddindən artıq çoxdur. Əminik ki, birinci vitse-prezident vəzifəsinə təyin olunması Mehriban Əliyevanın fəaliyyət dairəsini daha da genişləndirəcək və o, Azərbaycanın inkişafına bundan sonra da dəyərli töhfələr verəcək.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca APA-ya bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva indiyə kimi ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə, şərəflə gəlib:
"Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini müsbət qarşılayıram. Görünən kəndə bələdçi lazım deyil. Muğamın, ədəbiyyatımızın, folklorumuzun, mədəniyyətimizin dünyada təbliğ olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri var. Mehriban Əliyeva çox böyük xadimdir. Onun aid olduğu nəslin, ailənin əsli, kökü var. Nəsildən, ailədən də çox şey asılıdır. Böyüyünə, keçmişinə
hörmət etməyən adam gələcəyin qədrini bilməz. Mehriban Əliyeva böyüklərə, keçmişə daim hörmətlə yanaşıb. Mehriban xanım ona tapşırılan bütün işlərin öhdəsindən şərəflə gəlməyi bacarıb. I Avropa Oyunları onun təşkilatçılığı ilə çox möhtəşəm keçirildi. O, məktəbləri təmir etdirir, yeni məktəblər tikdirir. Elmə, təhsilə, məktəbə diqqət də şəxsiyyət olmağın göstəricisidir”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də bildirib ki, Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi müddət ərzində bir sıra icra qurumlarının işindən daha çox iş görüb:
"Mehriban xanım bu işləri təkbaşına görüb. Özü də çox kiçik bir komanda ilə. Bu faktların hamısı deməyə əsas verir ki, Mehriban Əliyeva birinci vitse-prezidentlik vəzifəsinin öhdəsindən layiqincə gələcək. Birinci xanım bu müddət ərzində çox ustalıqla Azərbaycanın incəsənətini, mədəniyyətini, mətbəxini dünyaya tanıdıb və ermənilərin əlindən qoruyub. Artıq önümüzdə yeni üfüqlərin açıldığını görmək mümkündür”.
Keçmiş millət vəkili Həvva Məmmədova da vurğulayıb ki, Mehriban Əliyevanın təyinatı bütün Azərbaycan xalqının ürəyindən gələn arzudur:
"Mehriban xanımın vitse-prezident seçilməsi əslində Azərbaycan qadınına verilən ən yüksək dəyərdir, qiymətdir. Mehriban xanımın fəaliyyəti göz önündədir. Onsuz da bugünə qədər çox böyük işlər görüb, ciddi uğurlara nail olub. Şübhəsiz ki, Mehriban Əliyeva yeni vəzifəsində daha mühüm işlərə imza atacaq. İstər millət vəkili, istər Heydər Əliyev Fondunun rəhbəri, istərsə də UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım bütün gücünü, qüvvətini dövlətimizin və xalqımızın yolunda səfərbər edib.
Baxın, ölkə başçısı ad gününü evində qeyd etmir, həyat yoldaşı və övladları ilə birlikdə qaçqın və məcburi köçkün ailələrinin yanına gedir. İnanın ki, bütün yükü çəkən, insanların problemləri ilə dərdlənən məhz cənab Prezident və onun xanımıdır. Mehriban xanım nəinki təkcə Azərbaycanda, dünya ölkələrində böyük nüfuza və hörmətə malikdir. Bu da ondan irəli gəlir ki, Mehriban xanım ayaq basdığı hər ölkədə xanımlığı, humanistliyi, savadı ilə hamını heyran edir. Onu başqalarından fərqləndirən xüsusiyyətlər çoxdur”. H.Məmmədovanın sözlərinə görə, bütün ictimaiyyət bu təyinatı gözəl qarşılayır: "Əminliklə deyirik ki, birinci xanım yeni vəzifəsində Azərbaycanın daha da inkişaf etməsi üçün əlindən gələni edəcək. Ölkəmizdə keçirilən mötəbər tədbirlər, dövlətimizin dünyada tanınması, mədəniyyətlər arası dialoqların qurulması və s. Bütün bunların hamısında Mehriban Əliyevanın rolu əvəzsizdir. Biz onun indiyə qədər gördüyü işlərin sadəcə cüzi bir hissəsini deyirik, çoxundan xəbərimiz belə yoxdur. Görün, Mehriban xanımda necə bir güc, qüvvət, əzm və cəsarət var ki, o qədər işin öhdəsindən layiqincə gələ bilir”.
İsmayıl